Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş fundamental haqlarından biridir.
Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur.
Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir.
Eləcə də, müxtəlif yerli və beynəlxalq konfranslar keçirilir.
Dekabrın 5-də Bakıda ikigünlük Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Tədbirdə indiki Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan deportasiyalar nəticəsində zorla çıxarılmış azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə tarixi yurd yerlərinə qayıdışı ilə bağlı aktual müzakirələr aparılıb.
Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak etməsi Qərbi azərbaycanlıların doğma yurduna qayıtması məsələsinə beynəlxalq səviyyədə diqqətin artmasını göstərir.