525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qərbi Azərbaycan həqiqətləri, ermənilərin soydaşlarımıza qarşı deportasiya və soyqırımı siyasəti təkcə tarix kitablarında, etnoqrafik materiallarda, toponimikamızla bağlı faktlarda deyil, İrəvan ədəbi-ictimai mühitinin tanınmış simalarının, tarixi şəxsiyyətlərin yaradıcılığında, taleyində də yaşamaqdadır. Belə ziyalılarımızdan biri də mərhum şairimiz, nasir, dramaturq, publisist, tərcüməçi, tanınmış ictimai-siyasi xadim Hidayət Orucovdur.
Qələmlə tale yolçuluğu
Erməni şovinizminin xalqımıza qarşı törətdiyi faciələrin lap uşaqlıqdan canlı şahidi olan Hidayət Orucov İrəvanda nəşr olunan “Sovet Ermənistanı” qəzetindəki fəaliyyəti zamanı, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru işlədiyi dövrdə, Ermənistan Yazıçılar İttifaqı Azərbaycan Şurasının rəhbəri, İrəvan Dövlət Pedaqoji İnstitutunun müəllimi olduğu illərdə hər vəchlə Qərbi azərbaycanlıların siyasi-mənəvi hüquqlarının müdafiəsi, tariximizin, mədəniyyətimizin, bir sözlə, milli varlığımızın qorunması uğrunda əsl mücadilə etmişdir.
Hidayət Orucovun çoxşaxəli yaradıcılığında jurnalistlik fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Ali təhsilli jurnalist olmaq, ictimai-siyasi proseslərə fəal münasibət bildirmək, xalqının, yağı pəncəsində yaşayıb iradə ilə mübarizə aparan soydaşlarının problemlərini işıqlandırmaqla onların haqq səsinə çevrilmək, Qərbi Azərbaycan həqiqətlərinin təbliğatçısı olmaq Hidayətin yeniyetməlik, gənclik arzusu olub. Bu arzusuna qovuşa bilməsə də, sonralar fəal vətəndaşlıq mövqeyi, məhsuldar yaradıcı fəaliyyəti, müraciət etdiyi mövzuların aktuallığı, ideya və üslubu ilə seçilən tanınmış jurnalistə çevrilib. Onun publisistikası yüksək vətənpərvərlik və dövlətçilik ideyaları, janr, mövzu rəngarəngliyi və aktuallığı, bədii məziyyətləri ilə seçilir. Qərbi Azərbaycan tarixinin real faktlarla təqdimatı, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinin ifşası, soydaşlarının qətliam, mənəvi repressiya, didərginlik dolu faciəvi taleyinin təsviri Hidayətin publisistikasının başlıca ideyasıdır.
Hidayətin 1966-cı ildə “Sovet Ermənistanı” qəzetində (həftədə üç dəfə çıxan qəzet Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin, Ermənistan Ali Soveti Rəyasət heyətinin və Nazirlər Sovetinin Azərbaycan dilində çıxan yeganə mətbuat orqanı idi) atdığı ilk kövrək addımlar sonralar harada yaşamasından, hansı məsul vəzifədə çalışmasından asılı olmayaraq taleyini ömürlük mətbuat dünyasına bağlamasına bir vəsilə olur. O, qısa zaman ərzində fərdi sənətkarlıq üslubu ilə qəzetə yeni nəfəs, forma və məzmun yeniliyi gətirir. Hidayət gənc jurnalist kimi bölgələrdən mətbu yazılar hazırlamaq üçün Amasiya, Dərələyəz, Vedibasar, Zəngibasar və digər rayonlara ezam edildiyi zaman soydaşlarımızın üzləşdikləri problemlər, qarşılaşdıqları çətinliklər barədə materiallar toplayıb, müvafiq qurumların diqqətinə çatdırır, dolayısı ilə erməni məmurlarını bu problemləri həll etməyə məcbur edirdi. Hidayət “Sovet Ermənistanı” qəzeti səhifələrində dərc olunmuş ictimai əhəmiyyət kəsb edən yazıları ilə, mətbuatda cəsarətli ziyalı-vətəndaş mövqeyi bildirməklə soydaşlarının haqq səsinə çevrilmişdi.
Qısa zamanda fitri istedadı və jurnalistik fəaliyyəti ilə İrəvan ədəbi, mədəni-ictimai mühitində tanınan Hidayətin təşəbbüskarlığı, cəsarəti və prinsipiallığı sayəsində İrəvandakı Azərbaycan ədəbi-mədəni mühiti 1948-1953-cü illər köçürülməsindən sonra yenidən canlanır. Onun məqalələri, bədii yazıları təkcə “Sovet Ermənistanı” qəzetində deyil, “Ədəbi Ermənistan” almanaxında, bir sıra erməni mətbuatında da işıq üzü görür. Gənc jurnalist Bakıda nəşr edilən mətbuat orqanları ilə vaxtaşırı əməkdaşlıq etməklə milli ideologiya təbliğatçısı kimi Azərbaycan ədəbi mühitində də tanınmağa başlayır. O, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Ermənistan Yazıçılar İttifaqı Azərbaycan Şurasının rəhbəri, İrəvan Dövlət Pedaqoji İnstitutunun müəllimi olduğu illərdə Qərbi azərbaycanlıların öz vətənindən, etnik-mədəni sistemindən, əsrlər ərzində müəyyənləşmiş mənəvi cografiyasından ayrı düşməməsi üçün sözün əsl mənasında mücadilə etmişdir. İstisnasız demək olar ki, Hidayətin İrəvandakı jurnalistlik fəaliyyəti sonralar onun Azərbaycanda daha böyük amal və məram – müstəqil Azərbaycanımız uğrunda siyasi-ideoloji mübarizə aparması, bu yolda qələmini süngüyə çevirən müsəlləh bir əsgərə çevrilməsi üçün əsl sənət məktəbi rolunu oynamışdır.
Hidayət Orucovun səksəninci illər yaradıcılığında poeziya ilə yanaşı, nəsr, dramaturgiya və publisistika sahəsində fəaliyyətin də genişlənməsi müşahidə edilir. Həmin dövrdə müəllifin “Eviniz analı olsun”, “Zirvə cığırı”, “Qatardan məktub” şeir kitabları ilə yanaşı, “İrəvanda xal qalmadı”, “Sabaha çox var” nəsr, dramaturgiya və publisistika kitabları da nəşr olunur. O, ədəbiyyatdan siyasətə təsadüfi gəlməmiş, ictimai-siyasi problemlər qaldıran, cəmiyyətdəki prosesləri dərin analitik şərh etməsi və siyasi proqnozları ilə seçilən publisistik yazıları ilə ictimai xadim səviyyəsinə yüksəlmişdi. Publisistikaya müraciət isə dövrün tələbi, Azərbaycan cəmiyyətində baş verən ictimai-siyasi, mədəni proseslərin, köklü dəyişikliklərin təsirinin nəticəsi idi. Müəllif özü bu prosesi belə təhlil edir: “O vaxtkı diktaturaya, imperiyaya, eləcə də demokratik hərəkata sözümü demək üçün isə ən çox publisistikaya əl atmışam. Ona görə ki, publisistika xalqla, oxucu ilə birbaşa ünsiyyətdir, söhbətdir”.
Bədii-publisistik yaradıcılıq 70, 80-ci illərdə olduğu kimi, 90-cı illərdə də – mürəkkəb tarixi şəraitdə, yüksək dövlət vəzifələrində çalışmasına baxmayaraq, yenə də Hidayətin əsas həyat qayəsi olaraq qalmışdır. “Son illərdə yazdığım ağrılı publisistik yazıların axır nöqtəsini qoyanda toxtamışam” deyən tanınmış politoloq-publisist Azərbaycanda gedən müstəqillik uğrunda mübarizə, ölkədəki hakimiyyət böhranı, ərazilərimizin ard-arda ermənilər tərəfindən işğal olunması, qaçqınlar problemi ilə bağlı mətbuatda fəal ziyalı mövqeyi bildirməklə siyasi proseslərin episentrində dayanmağı bacarır.
Hidayət Orucovun müstəqillik illərində yaradıcılığı həm kəmiyyət, həm də keyfiyyət baxımından yeni bir mərhələ təşkil edir. Onun 2000-ci illərdə bir neçə dəfə ingilis, rus, ərəb, türk və gürcü dillərində nəşr olunan “Heydər Əliyev və Azərbaycanda milli siyasət”, “Qurucu Əziz”, “Azərbaycanda din. Ən qədim dövrdən bu günədək” və s. çağdaş dövrümüzün unikal və aktuallığını heç vaxt itirməyəcək elmi, yaxud elmi-publisistik əsərlərdir.
Yurd sevgisi, yurd nisgili ilə döyünən ürək
Hidayət Orucovun publisistikası bütövlükdə Qərbi Azərbaycan tarixinə, soydaşlarının öz doğma vətənlərində, halal torpaqlarında üzləşdiyi etnik təmizləmə siyasətinə, qətliamlara, mənəvi repressiyalara, həmvətənlərinin qaçqınlıq, didərginlik dolu faciəvi taleyinə həsr olunmuşdur. Onun publisistikası Qərbi Azərbaycanda soydaşlarımızın qədimdən yaşaması, sivilizasiyaya böyük elm, mədəniyyət töhfələri verməsi, son iki əsrdə erməni şovinizminin güclənməsi, ayrı-seçkilik, deportasiya siyasəti, tarixin saxtalaşdırılması, maddi-mədəni irsimizin məhv edilməsi, türk-Azərbaycan toponimlərinin dəyişdiriməsi proseslərinin sənədli-bədii inikasıdır. O, Mığrı, Aldərə, Maralzəmi, Lök və digər yerlərdə soydaşlarımızın məruz qaldığı vəhşiliyin real mənzərəsini dolğun və obrazlı şəkildə canlandıra bilir ki, bu da uşaqlıqdan bu acı taleyi yaşamasından irəli gəlir: “Ailəmiz iki dəfə qaçqınlıq talehi yaşayıb. Birinci dəfə 1918-ci ildə, daşnaklar Zəngəzuru zəbt edib, azərbaycanlıları oradan qovanda. Onda dəhşətli qırğınlar oldu, saysız-hesabsız insan məhv edildi... 18-ci ilə qədər Maralzəmi Mığrının ən böyük kəndlərindən idi. Faciəli hadisələrdən sonra kənd adamlarından kimi həlak oldu, kimi bir daha geri qayıtmadı və böyük bir oba seyrəlib-sıxılıb 20-30 evdən ibarət oldu. 1988-ci ildə Sovet imperiyasının dayaqları laxlayanda ailəmiz, on minlərlə digər azərbaycanlılar kimi, yenidən qaçqına çevrildi. Orda, Mığrıda nənəmin, atamın, böyük qardaşımın qəbirləri qalıb. Və bir də mənim ürəyimin məzarı qalıb orda”.
Hidayətin memuar ədəbiyyatının klassik və unikal nümunəsi olan “Burdan min atlı keçdi” əsərində Qərbi Azərbaycanı 1828-ci ildə rus imperatorunun İrəvan xanlığını “Erməni Vilayəti” inzibati bölgüsü elan etməsilə böyük ərazilərin erməniləşdirilməsi prosesi, xalqımızın qədim torpaqları hesabına yaradılan “Ermənistan dövləti”ndə baş verənlər tarixi faktlar əsasında təsvir edilir. Son 200 ildən artıq bir dövrdə ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələrdən, deportasiyalardan, soyqırımından bəhs olunur.
Bir millət olaraq mayası türkə qarşı qəddarlıq, qaniçənliklə yoğrulmuş ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri qanlı cinayətlər canlı şahidlərin təhkiyə dili ilə, tarixi faktlarla təqdim olunur. 70-75 yaşlı Bədəl əminin “Bizim ölümüz Çaylarda (Zəngilanın ozamankı adı) oldu. Mən cavan idim, ona görə dözdüm” fikirləri bütövlükdə bir xalqın faciə yaddaşının titrləri kimi səslənir.
Rəvan təhkiyyə dili, yaddaşlardan silinməyəcək epik lövhələri ilə seçilən əsərdə ədəbi priyomlardan, bədii təsvir vasitələrindən yüksək sənətkarlıqla istifadə olunmuşdur. Müəllifin – “Arazın 9-10 kilometrliyində olan” ucqar dağ kəndidəki 22 yaşlı gənc kənd müəlliminin Mığrıdan paytaxt İrəvana doğru tale yolçuluğu bütövlükdə Qərbi Azərbaycanda aborigen əhalinin, azərbaycanlıların 70 illik taleyinə tarixi səyahətdir. Əsərin baş qəhrəmanının yaddaşından süzülüb gələn real hadisələr, cərəyan edən proseslər fonunda dövrün mənəvi, ictimai-siyasi mühiti oxucu təsəvvüründə bütün aydınlığı ilə canlanır.
Memuarda indiki Ermənistan ərazisində olan və adları yer üzündən silinmiş 650 Azərbaycan kənd və rayonunun ilk dəfə olaraq təsnifatının verilməsi, həmçinin 1918-ci ildən sonra erməniləşdirilərək adları dəyişdirilmiş həmin ərazilərin qədim rəsmi adlarının tarixi mənbələrə əsasən bərpa olunması, onların dəqiq coğrafi koordinatlarının göstərilməsi ilə müstəsna əhəmiyyətə malikdir. Bu mövzuda gələcək ciddi elmi araşdırmalar üçün ən etibarlı mənbə dəyərindədir.
Sənədli xronika ilə bədii təhkiyənin uğurlu sintezinin məhsulu olan “Burdan min atlı keçdi” əsəri tariximizin son yarım əsrinin ictimai-siyasi mənzərəsini, milli-mənəvi dəyərlərimizi və yaşadığımız prosesləri olduğu kimi, nəsilbənəsil çatdırmaqda mühüm əhəmiyyətə malik bir memuar ədəbiyyatıdır. Müəllif xalqımıza qarşı mənəvi repressiya kampaniyasının köklərini bir siyasətçi kimi dərin təhlil edərək baş verənlərə öz münasibətini bildirir:
“Naxçıvan barədə o illərdə mən belə düşünürdüm. Mığrını amansızcasına öz doğma anasından ayırıb, Ermənistana verdilər, süni koridor yaratdılar ki, qonşu respublika İrana çıxsın və Azərbaycanı Azərbaycandan ayırsınlar (əslində orda da Azərbaycana çıxır) və əlli il öncə - 24 aprel 1965-ci ildə ermənilər sovet rejimi vaxtlarında ilk dəfə İrəvanda Teatr Meydanına yığışıb qışqırsınlar: “Naxçıvan bizimdir!”, “Qarabağ bizimdir!”, “Qars bizimdir!”, “Sarıqamış bizimdir!”, “Van bizimdir!”
O, Naxçıvanın ermənilərin işğalçı hücumlarından müdafiə siyasətinin mahiyyətini belə izah edir: “Mən Ermənistanın ərazisini, tarixini, bu gününü bilən adam kimi deyirəm ki, əgər Heydər Əliyev son illərdə Naxçıvanda olmasaydı, Naxçıvan indi Qarabağdan daha pis vəziyyətdə idi. H.Əliyevin Naxçıvandakı fəaliyyəti tam əsas verir deyək ki, yalnız o, Azərbaycanı düşmüş olduğu bugünkü ağır vəziyyətdən çıxara bilər. Və xalqın böyük əksəriyyəti kimi, şəxsən mən də tamamilə əminəm ki, o da bu xalqı düşdüyü fəlakətdən çıxaracaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil və unitar bir dövlət olmasını təmin edəcək”.
Müəllif Azərbaycanla bağlı ideoloji-siyasi əhəmiyyətli məsələlərin həll edilməməsini haqlı olaraq Ermənistanda ardıcıl həyata keçirilən baş siyasi xəttin – şovinizmin milli ideologiyaya çevrilməsinin göstəricisi kimi qiymətləndirir. Biz müəllifin lirik “mən”inin timsalında bütövlükdə Qərbi azərbaycanlıların ümumiləşdirilmiş obrazı ilə yaxından tanış olur, Ermənistanda dövlət səviyyəsində aparılan milli ayrı-seçkilik siyasəti içində Azərbaycan ictimai-ədəbi və mədəni mühitinin, Azərbaycan teatrının özünütəsdiqetmə, qoruma və inkişaf potensialını öyrənirik.
“Burdan min atlı keçdi” memuarında Qərbi azərbaycanlıların nicat yeri, milli-ideoloji dayaq nöqtəsi, məfkurə mərkəzi olan “Sovet Ermənistanı” adlı respublika miqyaslı dövlət qəzetinin tarixi, orada fəaliyyət göstərən jurnalistlər, yaradıcı ziyalılar haqqında məlumatlar da öz əksini tapmışdır ki, bu da əsərə Qərbi Azərbaycan mətbuat tarixinin öyrənilməsi baxımından qiymətli mənbə dəyəri qazandırır. Əsərdə tarixi yaddaş və milli kimlik məsələsi sadəcə keçmişə maraq deyil, millətin gələcək varlığını şərtləndirən strateji amil, kəsərli mübarizə silahı mahiyyəti daşıyır.
“Burdan min atlı keçdi” əsəri Hidayət Orucovun İrəvanda ədəbi-ictimai fəaliyyət göstərərkən dostu olmuş erməni sovet yazıçısı, dramaturq Vartges Petrosyana məktubla başa çatır. Hidayət Orucov bu məktubla bütövlükdə erməni xislətini ifşa edir. Epistolyar janrın siyasi mövzuda yazılmış unikal nümunəsi olan bu məktub əslində bir nəfərə deyil, öz xalqını millətçilik azarına yoluxduran, mənsub olduqları millətə həqiqəti dərk etmək, beynəlxalq hüquqa, humanizm prinsiplərinə əməl etmək ilə bağlı çağırışlar etmək əvəzinə şüurlarda milli ədavət, işğalçılıq, vəhşicəsinə qisas hisslərini daha da alovlandıran bütün erməni “ziyalılarına” ünvanlanıb. Bu millətçi şovinistlərin zəhərli ideologiyalarına qarşı hələ İrəvanda ikən sınmadan, yorulmadan mübarizə aparan müəllif bütünlükdə erməni cəmiyyətini, ziyalı mühitini həqiqətin gözünün içinə şax baxmağa çağırır və vurğulayır ki, bu erməni xalqını fəlakətə sürükləməmək, məhv və rəzil etməmək üçün də zəruridir. Bu irihəcmli əsər Qərbi Azərbaycan tarixi adlı ciddi və sanballı milli yaddaş kitabımız dəyərindədir, tarix səhifələri ilə hər zaman öz aktuallığını qoruyub saxlayacaq bir əsərdir.
Bir zəruri məsələni də vurğulamaq lazımdır ki, 1969-cu ildə Azərbaycanın siyasi rəhbərliyinə gəlmiş Heydər Əliyevin Qərbi Azərbaycan ərazisinin tarixini, etnoqrafiyasını, mədəni irsini məhv olmaqdan qorumaq, bu qədim ərazimizlə bağlı tarixi həqiqətləri təbliğ etmək istiqamətindəki misilsiz xidmətləri Hidayət Orucovun publisistikasının leytmotivini təşkil edir. Hidayət həyatı boyu xalqının tərəqqisi, azad gələcəyi uğrunda mübarizə aparmış dünyaşöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin dahiliyinə Ermənistanda siyasi-ideoloji dairələrin, erməni ictimaiyyətinin paxıl, qısqanc, düşmən münasibətini ifşa edir.
“Burdan min atlı keçdi” əsərinin məntiqi davamı olan “İrəvana 7 məktub” adlı publisistik əsər xalqımıza qarşı kin və nifrət, qisas, qətliam hissləri aşılayan erməni millətçi-şovinistlərinə ən tutarli cavabdır. Müəllif XX əsrin 70-80-ci illərində Ermənistandakı millətçi-şovinist mühiti, Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi prinsipial siyasətin Ermənistanda necə böyük əks reaksiya doğurmasını maraqlı, ibrətamiz faktlarla qələmə almışdır.
Bu əsərlərdə ermənilərin daşnak ideyalarının həyata keçirilməsində Heydər Əliyevin həqiqətən böyük əngəl olduğu, bunu yaxşıca dərk edən ermənilərin məhz buna görə də ilk olaraq, gizli yollarla onu aradan götürmək, nüfuzdan salmaq təbliğatına başlamaları, 1987-ci ilin 25 oktyabrında istefaya getməsinə nail olmaları, erməni vandalizminin məhz bundan sonra yenidən tüğyan etməsi bütün reallıqları ilə, yüksək vətəndaşlıq amalı ilə, Ulu öndərə tükənməz sevgi ilə təsvir olunur.
“Burdan min atlı keçdi” və “İrəvana 7 məktub” əsərləri sadəcə bədii publisistika deyil, totalitar sovet rejiminin və erməni millətçiliyinin tüğyan etdiyi dövrlərdə böyük cəsarətlə, əsl vətəndaşlıq yanarlığı ilə qələmə alınmış tarixi salnamə, həm də siyasi-tarixi ittihamnamədir. Eyni zamanda bu əsərlərə belə bir nikbin inam hakimdir ki, biz öz torpaqlarımıza qayıdacaq və Ümummilli lider Heydər Əliyevin ruhu önündə müqəddəs borcumuzu ləyaqətlə yerinə yetirəcəyik!
Hidayət “İkinci “Əfqanıstan” yaradılır? Nə üçün?!”, “Həqiqət kar deyil”, “Didərginlərə məktub”, “O biri dünyanın insanları”, “Ağlınızı başınıza yığın”, “Heç kəs mübarizəsiz, vuruşsuz məğlub olmaq istəmirdi” başlıqlı tarixi-publisistik yazılarında erməni vəhşiliyini, xalqın başına gələn bəlaları tam mənası ilə əks etdirə bilmişdir. O, bir icimai xadim, bir vətəndaş-ziyalı kimi öz mövqeyini qəti və sərt şəkildə ortaya qoymaqla oxucunu düşündürəcək dərin mətləblər açıqlayır. Hidayət Orucov soydaşlarımızın 1948-1953-cü illər arasında Ermənistandan deportasiyasını etnik fəlakət kimi qiymətləndirmiş, bu deportasiyaya qədər qonşu respublikada çox güclü və nüfuzlu bir Azərbaycan-türk mühitinin mövcud olduğunu qeyd etmiş, kütləvi qətliamlar və soyqırımlarla xalqımıza qarşı hər cür cinayət törədildiyini, xalqımıza məxsus nə varsa yerlə-yeksan edildiyini ürəkağrısı ilə qələmə almışdır.
O, yazıları ilə ermənilərin məkrli və qorxunc xislətini ortaya qoymaqla soydaşlarını ideoloji mübarizəyə “silahlandırmaq” missiyasını uğurla yerinə yetirmiş, bu hərəkatı istiqamətləndirəcək düzgün siyasi proqnozlar da vermişdir. Bu mənada “Didərginlərə məktub” bir xalqın ağrılı-acılı tale dastanıdır. Bu məktub tarixi gerçəklikləri əks etdirməklə yanaşı, elegiya tipli olmayıb milli mübarizlik, sarsılmaz əqidə və gələcəyə ümid dolu baxışları təcəssüm etdirən bir publisistik əsərdir. Müəllif məqaləni bu müdrik sonluqla yekunlaşdırır: “Bizi xilas edəcək bircə qüvvə varsa, o da birliyimizdir. Yalnız birliyimizlə qara qüvvələrin yolunu kəsə bilərik, düşmənin başında ağır yumruğa dönərik”. Həqiqətən də tarix sübut etdi ki, illər sonra düşmənin başında “dəmir yumruq” kimi çaxa bilməyimizin səbəbi, qalibiyyət gücümüz məhz milli birliyimiz oldu.
Hidayət Orucov ötən əsrin iyirminci illərinin əvvəllərində Zəngəzurun Ermənistan SSR-in tərkibinə verilməsini, Vedibasar, Zəngibasar, Qaraqoyunlu, Ağbaba... mahallarında 1988-ci il soyqırımını ürək yanğısı ilə “bizim nəslin taleyinə gözdağı” adlandırır, haqlı olaraq bu prosesləri “Ermənistan Sovet Respublikası yalnız ermənilər üçündür” anlayışının aşkar ifadəsi” kimi qiymətləndirir.
Azərbaycanın tarixi həqiqətləri, soydaşlarının hüquqları uğrunda alovlu mübarizə içində müəllif bəzən də uşaq səmimiyyəti, gənclik coşqusu ilə yurd həsrətinin hayqırışlarını dilə gətirir: “Ən çox sabitliyin, heç olmasa daxili sabitliyin, nisbi sakitliyin həsrətini çəkirəm. Ən böyük həsrətim Zəngəzurdu, doğulduğum Mığrı dərəsi, Maralzəmi kəndi üçün burnumun ucu göynəyir. Babalarımın da qəbri ordadır, atamın da, cavan qardaşımın da... Qabaqlar Təbrizin həsrətindəydik. Onda bizim Təbrizə getməyimiz Marsa uçmaqdan çətin idi. İndi o Mars Zəngəzurdu... O biri əldən çıxan yerlərimiz də elə”.
Hidayət Orucovun məkrli erməni siyasətini ifşa edən, elmi-kütləvi publisistikamızın say-seçmə nümunələrindən biri onun görkəmli akademik, türk toponimlərinin öyrənilməsi sahəsində əvəzsiz mütəxəssis Budaq Budaqovun və tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayevin 1998-ci ildə nəşr olunan "Ermənistanın Azərbaycan mənşəli toponimlərinin izahlı lüğəti” kitabına yazdığı “Tarix susan deyil” adlı “Ön söz”dür. “Ön söz” ermənilərin on iki əsrdə “dənizdən-dənizə”, türksüz, monoetnik “böyük ermənistan” xülyasını reallaşdırmaq məqsədilə yürütdüyü işğalçılıq və vandalizm siyasətini ifşa edən sanballı elmi-tədqiqat əsəri dəyərindədir. Müəllif tarixi faktların, demoqrafik statistikanın xronologiyasını verməklə kifayətlənmir, erməni vandalizminin mahiyyətini tutarlı müqayisə və parallelər aparmaqla ortaya qoyur.
“Ağlınızı başınıza yığın” məqaləsi isə erməni xislətini ifşa edən ən ağır ittihamnamədir: “İyirminci əsrin sonlarında daha hansı ölkəyə, hansı xalqa belə bir xəyanət olub, elan edilməmiş müharibə başlayıb? Erməni ekstremizmi əsl xəstəlikdir, bütün ölkəni zəlil eləyib. Dava-dərmanını tapan, daha doğrusu, ağzından vuran hələlik yoxdur”.
Biz o doğma yerlərə qayıdacağıq!
Hidayəti jurnalist kimi səciyyələndirən xüsusiyyətlərindən biri də bu idi ki, o, çoxlarının görə bilmədiyi, deməyə cəsarəti çatmadığı aktual problemləri mətbuat vasitəsilə ictimailəşdirə bilirdi. Maraqlısı isə budur ki, Hidayətin Azərbaycan xalqının mənəvi haqq və hüquqlarının tapdanması, dünyanın ədalət tərəzisinin pozulması, xalqımızın mənəvi terror, soyqırımı, sürgün, didərginlik kimi dəhşətli faciələrlə üzləşməsi ilə bağlı acı həqiqətlərdən bəhs edən publisistikasında gələcəyə güclü inam hissi, optimizm də duyulur:
“Əlbəttə, bizim xalqımız bu ağır vəziyyətdən çıxacaq. Mən bu sözləri elə-belə, yalançı nikbinliklə demirəm. Və inanın ki, Qarabağın dağlıq hissəsində bir azərbaycanlı qalmasa da, Qarabağ ermənilərin olmayacaq”. Bu sözlər bu gün – tarixi zəfər qazandığımız, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunduğu bir dövrdə bütün dünyanın qəbul etdiyi Azərbaycan reallıqları kimi səslənir. Lakin 1992-ci ildə, torpaqlarımızın ard-arda işğal edildiyi, ağır faciələr yaşadığımız bir dövrdə milli heysiyyətdən və ləyaqətdən doğan nikbinlikdən, ilahi ədalətin qalib gələcəyinə inamdan, tarixə dərin bələdlikdən, siyasi uzaqgörənlikdən irəli gələn fikirlərdir.
Qərbi Azərbaycana qayıdış siyasi hərəkatı 2020-ci ildə, II Qarabağ müharibəsindəki Tarixi Zəfərdən, 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasından sonra yeni siyasi reallıq kimi yaranıb. Lakin Hidayət hələ 1992-ci ildə böyük inam və qətiyyətlə deyirdi ki, “BİZ O DOĞMA YERLƏRƏ QAYIDACAĞIQ! İlkin mərhələdə Zəngəzuru və Göyçəni özümüzə qaytaracağıq. Özü də o gün uzaq deyil. Bu təbii prosesin güclü arqumentləri gün kimi aydındır mənə. Prosesin mexanizmini də görürəm, başlanışı, təxmini başa çatma müddətini də”.
Bütün varlığı ilə elinə-obasına, doğulduğu torpağa, vətəninə bağlı olan əsl vətəndaş, şair, yazıçı, publisist Hidayət bəzən də bu inamı bədii təxəyyülünün gücü ilə obrazlı şəkildə, poetik ilhamla dilə gətirir: “Əminəm ki, bu əsrdə başqa bir gənc Hidayət Mığrıdan “Zəngəzur” qatarına minib Arazın qırağıyla, ulu Naxçıvanın tarixlərin keşməkeşlərində qarsalanmış torpağıyla İrəvana gedəcək və mənim kimi Bakıya dönməyəcək. Ömrü boyu Qərbi Azərbaycanda yaşayıb-yaradacaq. Mən buna varlığım qədər inanıram”.
Hidayət Orucovun şəxsiyyət kimi böyüklüyü onun ictimai-siyasi xadim, dövlət məmuru, bacarıqlı diplomat kimi əsl vətəndaş ziyalı obrazını mükəmməl şəkildə tamamlamasında, öz poetik ruh və istedadı, hərtərəfli intellekti, yüksək təşkilatçılıq qabiliyyəti, kəsərli qələmi ilə xalqının yüksək kürsülərdə layiqli təmsilçisinə çevrilə bilməsindədir. Akademik İsa Həbibbəyli yazır: “...vətəndaşlıq Hidayətin çoxcəhətli yaradıcılığının cövhəri, mahiyyətidir. O, yeni mərhələdə Azərbaycanda dərin ictimai məzmunlu vətəndaş poeziyasının, yüksək vətəndaşlıq ruhuna malik olan publisistikanın və səhnəyə həyat nəfəsi bəxş edən dramaturgiyanın əsas yaradıcılarından biri kimi böyük nüfuz qazanmışdır. Ciddi vətəndaşlıq mövqeyi və məsuliyyət şair, publisist və dramaturq Hidayəti bütün yönləri ilə tam şəkildə mənalandırır”.
Onun çoxşaxəli yaradıcılığında əsas yer tutan publisistikası mövzu aktuallığı, yüksək siyasi-ideoloji təhlil səviyyəsi, ictimai-siyasi proseslərə milli özünüdərk mövqeyindən yanaşma və düzgün qiymətləndirmə bacarığı ilə diqqəti cəlb edir. O, öz yaradıcılığı ilə Azərbaycan publisistikasına yeni üslub, yeni ifadə tərzi gətirib, müasir milli jurnalistikamızda demokratik meyillərin güclənməsi prosesinə təkan verib. Hidayət Orucovun publisistik məqalələri İrəvandakı ictimai-siyasi prosesləri, Qərbi Azərbaycan ictimai, ədəbi-mədəni mühitinin erməni revanşizmi ilə mübarizə hərəkatını öyrənmək, sovet imperiyasının süqutu ərəfəsində və sonralar baş verən hadisələrin əsl mahiyyətini dərk etmək baxımından qiymətli mənbə dəyərindədir. Qərbi Azərbaycan həqiqətləri, orada min illər boyu məskunlaşıb yaşayan soydaşlarımızın taleyi, qayğıları, ermənilərin zaman-zaman dövlət siyasəti səviyyəsində həyata keçirdikləri etnik təmizləmə siyasəti, xalqımıza qarşı törətdikləri soyqırımı, mənəvi repressiya Qərbi Azərbaycanın hər qarışına dərindən bələd olan, oradakı minillikərə söykənən maddi və mənəvi dəyərlərimizi ruhunda yaşadan Hidayətin publisistik yaradıcılığında həmişə xüsusi yer tutub. Müəllif avtoportret xarakterli əsərlərinin sıradan bir baş qəhrəmanı olmaqla qalmayıb, bütöv əqidəyə malik, milli ideologiyaya sadiq bir vətəndaşa, daha dəqiq desək, Qərbi azərbaycanlıların rəmzinə çevrilə bilir. Vətən sevgisi, milli təəssübkeşlik və yanarlılıq, mübarizlik ruhu, düşmənə nifrət və acı təəssüf hissi ilə yazılan əsərlərdə haqqın təntənəsinə, ədalətin zəfər çalacağına qətiyyətli inam leytmotivi də duyulur.
30 illik işğal tarixinə möhtəşəm zəfərlə son qoyması, qalibiyyət əzmi ilə dünyada tanınan Azərbaycan bu gün öz yeni siyasi reallıqlarını gerçəkləşdirmək – Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını həyata keçirmək kimi şərəfli bir mərhələ yaşayır. Hidayət Orucovun publisistik yaradıcılığı isə Qərbi Azərbaycan həqiqətlərini, torpaqlarımızın qarış-qarış mənimsənilməsini, xalqımızın üzləşdiyi dəhşətli faciələri, didərginlik taleyini özündə yaşadacaq bir salnamə kimi, erməni şovinizmini ifşa edən kəsərli ideoloji silahlardan biri kimi bu tarixi qayıdışın ideya istiqamətvericilərindəndir. Hidayət Orucovun publisistik irsi Qərbi Azərbaycanla bağlı ən müxtəlif tədqiqatlar üçün qiymətli elmi mənbə, gələcəkdə bu tarixi torpaqlarda maddi-mədəni irsimizin bərpasının ilhamvericisi olmaqla öz aktuallığını hər zaman qoruyub saxlayacaq.
Mehriban Sultan,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti