Qərbin Avropa ilə Asiyanın qovşağında strateji maraqları

22.07.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Britaniyanın Cənubi Qafqaz siyasətində Azərbaycanın yüksələn mövqeyi

Böyük Britaniya və Şimali İrlandiya Krallığında rəhbərliyin yenilənməsi qlobal güc balansına bilavasitə təsir göstərən siyasi hadisə sayıla bilər. Endi Bernhemin Baş nazir vəzifəsinə gəlməsi regional xəritələrdə fərqli strategiyaların formalaşmasını şərtləndirir. Bu proses Böyük Britaniyanın Cənubi Qafqaza yönəlik maraqlarının gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından olduqca vacibdir. Yeni hökumətin beynəlxalq arenada nümayiş etdirəcəyi prioritetlər, eyni zamanda, Xəzər hövzəsində yerləşən ölkələrlə əməkdaşlıq formatı regional güc nisbətinin yenidən qruplaşmasına gətirib çıxarmaq imkanına malikdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyanın yeni Baş nazirinə ünvanladığı təbrik məktubu iki dövlət arasındakı strateji tərəfdaşlığın gələcək yol xəritəsini ehtiva edən analitik sənəd funksiyasını daşıyır. Sənədin siyasi leksikonu göstərir ki, Bakı və London arasındakı münasibətlər konseptual səviyyədə regional təhlükəsizlik, suverenlik prinsiplərinə şərtsiz hörmət və geosiyasi baxışların kəsişməsinə əsaslanır. Təbrik məktubunda işlədilən ifadələr gələcək əlaqələrin intensivləşdirilməsi istiqamətində konkret məqsədlərin mövcudluğunu sübut edir. Rəsmi Bakı Londonla aparılan dialoqu, sadəcə, qısa və ya ortamüddətli taktiki gediş hesab etmir, yaranan əlaqələri çoxillik perspektivə hesablanan ittifaq modeli qismində dəyərləndirilir. Yeni iqtidarla qurulacaq təmasların əsasında, şübhəsiz, sınaqdan çıxmış qarşılıqlı inam dayanır. Etimadın tam bərqərar olması istənilən böhranlı vəziyyətdə tərəflərin sinxron hərəkət etməsinə yön verən güclü amildir.

Britaniyanın Cənubi Qafqaz və Xəzər hövzəsi coğrafiyasına yönəlmiş strateji siyasəti onilliklər ərzində ərsəyə gələn, üstəlik mürəkkəb sınaqlardan çıxan sağlam prinsiplərə söykənir. Yeni hökumətin daxili siyasətdə irəli sürəcəyi radikal vədlərə baxmayaraq, beynəlxalq münasibətlər sistemində əldə olunan mütləq mövqelərin heç bir formada zəifləməyəcəyi qətiyyətlə ehtimal edilir. Azərbaycanın artan nüfuzu və Şərq-Qərb geosiyasi xəttində oynadığı strateji rol Londonun baxış bucağını şərtləndirən başlıca arqumentlərdəndir. Qlobal liderlərin iştirak etdiyi beynəlxalq arenada Bakının yürütdüyü uzaqgörən siyasət krallığın dövlət maraqları ilə yüksək dərəcədə səsləşir. Fərqli regional ölkələrin ambisiyaları fonunda Böyük Britaniya və Azərbaycan daim yaranan təhdidləri dəqiq hesablayaraq preventiv diplomatik addımlar atmağı peşəkarcasına bacarır.

* * *

Avropa İttifaqından çıxdıqdan sonra Böyük Britaniya tamhüquqlu və müstəqil qərarverici qüvvə kimi beynəlxalq arenada fəaliyyət dairəsini genişləndirib. Adıçəkilən “Qlobal Britaniya” strategiyası ölkənin qitə hüdudlarından kənarda fəal, ikitərəfli əsaslara söykənən iti ittifaqlar yaratmasını şərtləndirir. Həmin siyasi muxtariyyət Azərbaycanın yürütdüyü bloklara qoşulmama strategiyası ilə ideoloji baxımdan tam kəsişir. Məlum bloklara qoşulmayan, habelə kənar təsirlərə məruz qalmayan suveren dövlət qismində Azərbaycan qlobal miqyasda mühüm diplomatik uğurlara imza atır. Qoşulmama Hərəkatına sədrlik təcrübəsi rəsmi Bakının çoxqütblü dünya nizamında nə dərəcədə cəsarətli qərarlar qəbul etdiyini tam isbatlayıb. London məhz belə suveren, kənar diktə ilə oturub-durmayan güclü tərəfdaşlarla işləməyə xüsusi siyasi meyil göstərir. Kənar güclərin daxili siyasətə müdaxilə cəhdlərini qətiyyətlə rədd edən iki paytaxt arasında mövcud anlaşma son dərəcə davamlı inkişafa malikdir. Böyük Britaniya bəzi Qərb institutlarının ziddiyyətli bəyanatlarına rəğmən Azərbaycanla qurduğu mükəmməl əlaqələri qoruyaraq ikili standartlardan çox uzaqda dayandığını sübuta yetirir.

Qərb dünyasının Cənubi Qafqaza münasibətdə tam konsensusa gələ bilməməsi Böyük Britaniyanın rasional və analitik yanaşmasını daha qabarıq səviyyədə ön plana çıxarır. Fransanın açıq şəkildə revanşist meyilləri dəstəkləyən, sülh prosesini ləngidən, beynəlxalq hüququ manipulyasiya edən uğursuz siyasəti fonunda Londonun tam ədalətli mövqeyi xüsusi diplomatik göstəricidir. Parisin aqressiv və qlobal tarazlığı pozan düşüncəsiz addımları Qərbin regiondakı ümumi nüfuzuna ciddi zərbə vursa da, Londonun fəal diplomatik xətti bu mənfi təsirlərin əhəmiyyətli dərəcədə kompensasiya olunmasına xidmət edir. Böyük Britaniya diplomatiyası regional reallıqları bütün həssaslığı ilə düzgün qiymətləndirərək kənar qüvvələrin məlum proseslərə müdaxiləsini qəti şəkildə pisləyir. Qeyd olunan ədalətli və prinsipial yanaşma Bakının xarici siyasət fəlsəfəsinə bütövlükdə uyğundur. Endi Bernhem hökumətinin də bu cür destruktiv yanaşmalardan uzaq duraraq regionda sağlam, xarici hegemon təsirlərdən azad siyasi mühitin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.

Enerji sahəsində formalaşmış və çoxşaxəli əməkdaşlığı əhatə edən qarşılıqlı münasibətlər artıq sırf kommersiya maraqlarını aşaraq mühüm geosiyasi struktura çevrilib. Uzun illər ərzində sınaqdan çıxmış strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində, eləcə də ölkənin qlobal təhlükəsizlik arxitekturasına inteqrasiyasında həlledici rol oynayıb. Böyük Britaniyanın Xəzər hövzəsindən Avropaya uzanan enerji və nəqliyyat marşrutlarına ardıcıl dəstək verməsi yalnız iqtisadi dividendlərlə məhdudlaşmır. Bu yanaşma, eyni zamanda, qlobal güclər arasında geosiyasi rəqabət fonunda Londona mühüm diplomatik manevr imkanları qazandıran strateji vasitə kimi çıxış edir. Avropanın alternativ enerji mənbələrinə artan tələbatının etibarlı şəkildə təmin edilməsində Azərbaycan əsas tərəfdaşlardan biri kimi ön plana çıxır. Karbohidrogen kəmərlərinin təhlükəsiz və fasiləsiz fəaliyyəti isə beynəlxalq enerji təhlükəsizliyinin əsas prioritetlərindən hesab olunur. Bu strateji infrastrukturun müxtəlif risklərdən etibarlı şəkildə qorunması Bakı ilə London arasında təhlükəsizlik, kəşfiyyat və informasiya mübadiləsi sahələrində koordinasiyanın davamlı şəkildə gücləndirilməsini zəruri edir.

Tarixi ədalətin bərpa edilməsindən sonra bölgədə meydana gələn yeni reallıqlar beynəlxalq hüququn müddəalarına əsaslanır. Azərbaycanın qanuni ərazi bütövlüyünü tam şəkildə təmin etməsi Londonun siyasi elitası tərəfindən ehtiramla qarşılanıb. Münaqişədən sonrakı hazırkı dövrdə minalardan təmizləmə prosesinin sürətlə aparılması sadəcə humanitar ehtiyac sayılmır, belə fəaliyyət daimi sülhə gedən yolun əsas vasitəsidir. Böyük Britaniya şirkətlərinin, eləcə də institutlarının ərazilərin minalardan təmizlənməsində bilavasitə iştirakı rəsmi Londonun azad olunmuş bölgələrin tam reinteqrasiyasına verdiyi siyasi dəstəkdir.

Böyük Britaniya ilə Azərbaycan arasında formalaşmış təhlükəsizlik əməkdaşlığı terrorizm, transmilli cinayətkarlıq və digər təhlükələrə qarşı mübarizədə strateji əhəmiyyət daşıyır. Kəşfiyyat məlumatlarının mübadiləsi, siyasi koordinasiya və təhlükəsizlik sahəsində məsləhətləşmələr tərəflər arasında qarşılıqlı etimadı daha da möhkəmləndirir. Böyük Britaniya Azərbaycanın müdafiə potensialının gücləndirilməsini və regionda sabitliyin qorunmasına yönəlmiş siyasətini dəstəkləyir.

Eyni zamanda, Orta Dəhlizin inkişafı və Avrasiya nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin edilməsi Bakı ilə Londonun ortaq strateji maraqları sırasındadır. Azərbaycanın tranzit potensialı ilə Böyük Britaniyanın açıq və şaxələndirilmiş ticarət yollarına verdiyi dəstək qlobal logistika və beynəlxalq iqtisadi təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir. Bu istiqamətdə geosiyasi koordinasiya iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirir.

Böyük Britaniya–Azərbaycan münasibətləri uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə bu əməkdaşlıq regional sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığa və dialoqa əsaslanan yanaşması, eləcə də Londonun Cənubi Qafqaza artan marağı tərəfdaşlığın gələcək perspektivlərini daha da gücləndirir. Bu baxımdan, Böyük Britaniya ilə Azərbaycan arasında strateji əməkdaşlığın yaxın illərdə həm regional sülhün möhkəmlənməsinə, həm də Avrasiyada təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi şübhəsizdir.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью