Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya dəyişir, siyasi düşüncələr, yenilənir, beynəlxalq münasibətlərin ənənəvi qaydaları sınağa çəkilir.
Bu gün bəlli olur ki, bir vaxtlar dünyaya demokratiya, azadlıq, hüquq və ədalət prinsiplərindən dərs verən Siyasi mərkəzlər, həmin prinsipləri öz maraqlarına uyğun həyata keçirirmişlər.
Düzdür, Qərbin gücü o həddədir ki, dəyişən dünyanın reallıqlarını qəbul etmək əvəzinə, hətta onu özünün dəyişməyən və ya dəyişən siyasi təsəvvürlərinə uyğunlaşdırmağa çalışır. Halbuki bu gün görünən odur ki, müasir dünya artıq birtərəfli siyasi diktə ilə idarə olunmaq istəmir.
Bu gün beynəlxalq münasibətlərin əsas dayaq prinsipləri dəyişib. Müstəqil qərarvermə, suverenlik, iqtisadi təhlükəsizlik və milli maraqlar artıq münasibətlərin əsas dayaqlarıdır.
Demokratik dəyərlər bu gün prioritet deyil. Əslində, bu, çoxdan belədir. Niyə? Çünki biz həmin demokratik dəyərlərin özümüzə, dövlət olaraq, tətbiqində ədalətli prinsipləri görmədik və öz siyasi strategiyamızı reallıqlara uyğun olaraq milli maraqlarımıza, suverenliyimizə və iqtisadi təhlükəsizliyimizə yönəltdik.
Bu çevik diplomatiya əslində vaxtında və zamanında hesablanmış bir düşüncə idi. Bir çox dövlətlər isə bu ciddi və həssas keçidi vaxtında dəyərləndirmədiklərinə görə, bu gün onların taleyi fərqli formada yazıldı. Bu, bizim diplomatik uğurumuzun ən vacib və prioritet hissəsidir. Dünya göstərir ki, dünya dəyişəndə yalnız siyasi xəritələr deyil, düşüncə sahibləri də dəyişməlidir.
Köhnə təfəkkürlə yeni dünya qurmaq absurddur. Kim köhnə təfəkkürdə qalacaqsa, o, yeni dünya üzvlüyünə qəbul oluna bilməz. Çünki dünya artıq əvvəlki qaydalarla idarə olunmur. Yeni güc mərkəzləri meydana çıxdıqca köhnə siyasi hegemonluq zəifləyir. Bu, artıq açıq şəkildə görünür. Ona görə də ziddiyyətli siyasi yanaşmalar, ikili standartlar, demokratiya və insan hüquqları ilə bağlı irəli sürülən fərqli tələblər heç də təsadüfi hadisə kimi qəbul olunmamalıdır.
Dəyərli dostlar, bu gün beynəlxalq münasibətlərdə prinsiplər deyil, maraqlar danışır. Hər şeyi hüquq yox, siyasi güc müəyyən edir .
Bu gün dəyişən dünya nizamında İlham Əliyevin siyasi uzaqgörənliyi, hadisələri qabaqlamaq qabiliyyəti və strateji düşüncəsi belə bir mürəkkəb mərhələdə dövlətin taleyini müəyyən edən addımların atılmasını təmin etdi. Cənab Prezident ölkəmizin müdafiə immunitetini təsadüfi qərarlarla deyil, ciddi siyasi yanaşmalar və uzunmüddətli strateji planlarla möhkəmləndirdi.
Bu gün biz təkcə dəyişən reallıqlara uyğunlaşmaqla deyil, o reallıqları yaradan dövlət olaraq tarixə düşdük. 44 günlük müharibə ilə Zəfər ölkəsinə çevrilməklə bu gün həmin real mənzərədə söz sahibiyik. Bütün bu sürətlə irəliləyən siyasi prosesləri diqqətlə izlədikdə bəzən Qərbdən qəribə ssenarilər görürük. Əslində isə bu, heç də təəccüblü deyil. Böyük güclərin böyük dərdləri də olur. Bu gün həmin problemləri aşmaq üçün qəribə addımlara və qəribə davranışlara ehtiyac duyulur.
Bütün bu ziddiyyətlər maraqlar üzərində qurulub. Bizim də öz milli maraqlarımız var. Həmin milli maraqları tam səmimiyyətlə və qətiyyətlə qoruyan siyasi liderimiz də var. Strateji xəttə sadiq qalmaq, milli maraqlar naminə bir olmaq və bütün gücümüzlə ölkəmizin daha da yüksəlməsinə xidmət etmək hər birimizin əsas vəzifəsidir.
Ramil Hüseynov
“Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin