Qərib bənövşə...

27.09.2026

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

Müharibə, Qarabağın düşmən əsarətində qalması ədəbiyyatla əlaqəsi olmayan insanları da şair elədi. Yaxşı deyiblər ki, dərd əlindən dilə gəlir insanlar. Bir də deyirlər ki, dərd əlindən dağa çıxdım...

Vətən, torpaq həsrəti də Qarabağ əhlini dilə gətirdi. Yazdıqları şeirləri, çağırdıqları bayatıları, ağıları dinlədikcə insanın qəlbində yaralar açıldı. İnsanlar dərd əlindən dağa çıxdı. Xarabalığa çevrilən yurdlarının dərdi onları şəhid etdi...

Barəsində söz açacağım insanın əvvəlcə anasından danışmaq istəyirəm. Cəbrayıl rayonunun Quycaq kəndindən olan Kubra xanımdan. Tibb bacısı olan bir xanımdan. Həsrətindən, qoyub gəldiyi yurdunun, bağının- bağçasının özləmindən, həyətində hər il açan gözəl bənövşəsindən. Qarabağ hadisələri  başlamamışdan əvvəl Quycaqdan şəhərə köçən yaxınlarından biri, sən demə, Bakıda həmin bənövşədən gətirib həyətində əkib... Qaçqınlıq düşəndən sonra bunu eşidən Kubra xanım da bənövşədən alıb öz həyətində əkib. Həmişə də deyirmiş ki, kəndimizdən, rayonumuzdan yeganə yadigar qalan bənövşəmizdi. Həm də qərib bənövşəmizdi bu... Elə özümüz kimi...

Necə deyərlər, yeganə təsəlliyə çevrilən bənövşəyə şeir qoşub Kubra xanım...

Ətirinə ətir çatmaz,

Çətirinə çətir çatmaz,

Dərənlər səni atmaz,

Mənim gözəl bənövşəm.

Güllərdən tez bitərsən,

Yazdan xəbər verərsən,

Kol dibindən gülərsən,

Nazlı-nazlı, bənövşəm!

Quycaq olub məkanın,

Yoxdur sənin tikanın,

İpək kimi yumuşaq,

Nə zərifsən, bənövşəm!

Kübra səni gətirib,

Sabunçuda bitirib,

Nazını çox götürüb,

Qərib bitən bənövşəm.

Düşmən kəsib yolunu,

Sındırıbdı qolunu

Çıxardıbdı kolunu

Heyif sənə, bənövşəm!

Kübra qadanı ala,

Dərib yanında qala.

Qoyma çiçəyin sola,

Biz  gəlincə, bənövşəm!

Bəli, bütün Qarabağ əhli kimi həsrət, özləm bu xanımı dilə gətirib, kəndinin, elinin-obasının yeganə yadigarına nəğmə qoşub...

Amma Kübra xanım Vətəninin, doğma Quycaq kəndinin azadlığını görə bilmədi. Sabunçuda həyətində qonşusundan alıb əkdiyi bənövşənin boynunu sevə-sevə, bayatılar çağıra-çağıra dünyasını dəyişdi. Övladları həmin bənövşədən analarının məzarı üstündə də əkdilər. "Tək təsəllimiz budur", dedilər. "Qoy, barı o yerdən olan yeganə yadigarı ona məzarda təsəlli olsun..."

Torpağından doymadan, həsrətlə dünyasını dəyişənlərin məkanları cənnət olsun. Bu dünyadan Vətənə sarı əli uzanılı, gedənlərin, son anlarında dönüb doğma yurdlarına sarı baxanların ruhları şad olsun.

Bəli, Kübra xanımın, Vətən, torpaq həsrətiylə yaşayan, bir bənöşədən təsəlli alan ananın övladlarının da Vətən sevgisi bir başqa olar. Onlar da anaları kimi elinə-obasına içdən bağlanan, onun yolunda canını belə qurban verməyə hazır olanlardandır.

Həmin illərdə, yəni Qarabağ hadisələri başlayanda Kübra xanımın dörd oğlundan üçü doğma Cəbrayılın müdafiəsinə qatıldı. Həyat yoldaşını erkən itirəndən sonra  təkbaşına böyütdüyü oğlanları... O vaxt məktəbli olan Səyavuşdan savayı hamısı getdi, İlqar, Ceyhun, İntiqam...

Lakin 16 yaşlı Siyavuş ailədən gizlicə Bakıya gedib cəbhəyə getmək üçün icazə almağa çalışıb. Qardaşları kimi döyüşmək istədiyini bildirir. Bunu böyük qardaşına xəbər verirlər. İntiqam bəy də onu bir yolla bu fikirdən əl çəkməyə razı salır, "sənin də yaşın düşəndə, gedərsən" deyib...

Qazi, müharibə əlili, müharibə veteranı, Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərinə görə medalıyla tətif olunmuş İntiqam Eyvazov 1960-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində dünyaya göz açıb. Həmin bənövşəsiylə məşhur olan kənddə... Bakıda Seyyid Cəfər Pişəvəri adına fars təmayüllü orta məktəbi bitirdikdən sonra Politexnik inistutuna daxil olur.

1992-ci ildən başlayır İntiqam Eyvazovun müharibə həyatı... Könüllü olaraq döyüşlərə qatılan gəncin hərbi qabliyyətini görüb, elə həmin illərdə ona kiçik leytinant rütbəsi verilir. Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə həmişə öndə gedənlərdən olur. Tağım komandiri kimi döyüş yoldaşlarına kömək edir.

- Mən əsgərlik həyatı görmüşdüm. Çox şeylər öyrənmişdim. Özümün də bu sahəyə marağım çoxdu. Bilirsiniz, onda Qarabağda döyüşmək böyük şansdı. Bizim azad edəcəyimiz hər qarış torpaq uğrunda hamı canını qurban verməyə hazır idi. Çox igid oğlanlarımız vuruşurdular bizimlə. Şəhid olanlar, yaralanlar az deyildi. Müharibə veteranları olan qardaşlarım, İlqar və Ceyhun da bizim batalyonda döyüşürdülər.

Həmin vaxtda Füzuli postundaydım. Bir erməninin bizə qarşı tərbiyəsiz hərəkətini gördüm. Doğrusu, dözə bilmədim buna. Patronlar sayılı olduğuna görə onu snayperlə vurdum...

Ağdam və Füzuli uğurunda gedən döyüşlərdə iki dəfə yaralanan İntiqam Eyvazov həmin illərdə mayor rütbəsinə qədər yüksəlir.

- Hərbi xidmətdə olduğum illərdə posta duranda torpaqlarımıza həsrətlə baxırdım. Elə həsrət çəkirdim ki! Sizə onu anlada bilmərəm. Bunu gərək yaşayasan. Ziyarət dağı da sanki elə mənə canlı-canlı baxırdı. Məni çağırırdı. Nəsə demək istəyirdi. Fikirləşirdim ki, elə torpaq, dağ-dərə də darıxır öz sakinləri üçün. Bizim kimi onların da həsrərdən dodaqları yeddi yerdən çatlayıb...

Bilirsiniz, bəzən yağışdan sonra qəribə rüzgar dəyirdi üzümə. Deyirdim ki, bax, bu Vətən havasıdı. Axı, Torpağın, yurdun havası bir başqa olur. Onu heç nəylə qarışdırmaq olmaz... 

İndi azad olunmuş o dağa baxanda gözlərim yaşarır. Bəzən də ağlayıram. Məni qnamayın...Çəkdiyim o nisgillər yadıma düşür. Hətta, bir quş uçub bizim tərəfə gedəndə ona qibtə edirdim sərhəddə duranda. Fikirləşirdim ki, gör bu quş bizdən fərasətlidi, bizdən azaddı, bizdən qeyrətlidi. Uçub bizim torpaqlar gedir. Bizsə yerimizdən tərpənə bilmirik. Bir dəfə doğrudan silahımı aldım ki, gedəcəm Cəbrayılın torpaqlarına. Kim qarşıma çıxsa, vuracam. Qoy, nə olursa, olsun. Öldürərlərsə, öldürsünlər. Bir ölüm nədir ki? Qoy, barı Vətən torpağında ölüm. Döyüş yoldaşlarım məni dayandırdılar. Bilirsiniz, birdən ordan külək əsəndə elə bilirdim ki, bizim bağların qoxusunu gətirir. Gülümsəyirdim, sevinirdim. Qəribədi, bənöşəmizin açan zamanlarında bənövşə qoxusu duyurdum... Hətta, oranın yovşanının qoxusu belə bir başqaydı. Bəlkə də güləcəksiniz, yanımda yovşan ola-ola o tərəfdə bitənlərə həsrət çəkirdim...

Bəli, İntiqam bəy, bunu yaşayanlar bilər. Torpağını, yurdunu-yuvasını orda qoyub gələnlər bilər. Hətta, xatirələri belə viran olanlar anlayarlar. Yaralananlar bilər. Qarabağ əhli bilər. Yaraları qaysaq bağlamayanlar başa düşərlər. Mən sizi yaxşı anlayıram. O hissləri çox yaşamışam. Cəbrayıl düzlərinin yovşanını evimdə tutya kimi saxlayıram. Onu qoxulayanda cənnətdə sanıram özümü...

Bir dünyanı bəxş edir insana doğma olan nə varsa. Adi bir bitkisi belə...

Bu doğmalıqdı, bu torpağın, elin-obanın cazibəsidi... Vətəninə olan sevgindi, istəyindi, bağlılığındı... Bunu duyanlar, bunu yaşayanlar nə bəxtəvərdi, nə xoşbəxtdi... Bu hissləri yaşayırsansa, bu özləmi, həsrəti duyursansa, Vətənini qoruyacaqsan, onun yadellilərin, düşmənlərin əlində olmasına dözməyəcəksən. Gecələr dara çəkəcək vicdanın səni...  

Qazi, müharibə əlili, müharibə veteranı İntiqam Eyvazov İkinci Qarabağ müharibəsində də iştirak edib. Özü dediyi kimi bu xoşbəxtlik də ona nəsib olub. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının azad edilməsində bələdçi olub. Bir zaman keçdiyi döyüş yollarında təkrar-təkrar addımlayıb. Hər qarışına, hər dağına, hər daşına  bələd olduğu bu torpaqların azad olunmasında mayor İntiqam Eyvazovun əməyi böyükdü:

- Mənə müharibədə döyüşməyə icazə verəndə uçmağa qanadım yoxdu. Özüm bunu könüllü etmişdim. Çünki Qarabağ torpaqlarının hər qarışına əvvəldən bələddim. Bir də şəhid olmuş qardaşlarımın qisasını almaq atəşiylə yanırdım. Ən başlıcası, istəyirdim Vətən torpağına birinci ayağı dəyənlərdən olum. O sevinci yaşayım. Həsrətimi səngidim, sonra nə olacaqsa olsun... Bilirsiniz, bunu edəndə ölməyə belə dəyər. Həmin yurdlarda, həmin torpaqlarda ölməyin özü xoşbəxtlikdi, inanın buna. Döyüşə gedənlərin sevincini sizə anlada bilmərəm. Ölümü heç kim düşünmürdü. Bütün döyüşçülərin bircə amalı, bircə istəyi vardı. O da Qarabağı düşmən tapdağından azad etmək...

Bəli, müsahibimin danışıqlarından onu mən də duydum. O hissləri, qələbə xəbərini eşidəndə keçirdiyim hissləri yenə keçirdim, yenə yaşadım. Hətta, yenə ağladım sevincdən. Deyirəm, kaş həmişə sevincdən ağlayaq. Müharibə olmasın, insanlar elindən-obasından, Vətənindən sürgün olmasın. Yaşananlar bir də yaşanmasın. Evlər, yurdlar xaraba qalmasın. Çəkilən əziyyətlər, əzablar bir də ürəkləri yandırıb-yaxmasın...

Bir də deyirəm ki, kaş, yaz ayları Quycaq kəndinə ayağım düşəydi. O gözəl bənövşəni mən də görəydim, qoxusunu duyaydım...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью