Qətər Həmas və İsrail arasında razılığın əldə edildiyini bildirib

09.10.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın açıqlamasından sonra Qətər Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsinin həyata keçirilməsi üçün razılığın əldə edildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Amerikanın “X” şirkətinin sosial media platformasında açıqlama yayaraq, Misirdə Həmas və İsrail nümayəndə heyətləri arasında aparılan atəşkəs danışıqları haqqında məlumat verib.

“Vasitəçilər bu gecə Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsinin bütün müddəaları və icra mexanizmləri ilə bağlı razılığın əldə edildiyini, bunun müharibənin sona çatmasına, israilli girovların və fələstinli əsirlərin azad edilməsinə, eləcə də yardımların daxil olmasına imkan verəcəyini açıqladılar”, - deyə Ənsari qeyd edib.

Ənsari təfərrüatların daha sonra açıqlanacağını bildirib.

İsrailin baş naziri Binyamin Netanyahu da davam edən atəşkəs danışıqlarında əldə olunan razılaşmanın ardından ilk yazılı açıqlamasını verib. Netanyahu Qəzza zolağındakı israilli məhbuslarla bağlı: "İnşallah, onların hamısını geri qaytaracağıq", - deyib.

ABŞ prezidenti Tramp İsrail və HƏMAS-ın Qəzzada atəşkəs planının birinci mərhələsini təsdiqlədiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью