Qətərin Çin gedişi: Tramp Dohanı hədəfə ala bilərmi?

07.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bugun Çinə iki günlük səfər edəcək. Səfər çərçivəsində bölgədə gərginliyin azaldılması, eləcə də əhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş diplomatik səylər nəzərdən keçiriləcək. Həmçinin Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin və azadlığının təmin edilməsinin zəruriliyi vurğulanacaq.

Son illər Qətərlə Çin arasında müşahidə olunan yaxınlıq beynəlxalq geosiyasi gedişata necə təsir edə bilər? Qətərin Çinlə yaxınlığı ABŞ-ni qıcıqlandırırmı və bu halda Tramp Qətəri də hədəfə ala bilərmi?

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Qətərin Baş nazirinin Çinə səfəri Doha-Pekin münasibətlərində son illərdə formalaşan strateji yaxınlaşmanın növbəti mərhələsi kimi qiymətləndirilə bilər. Politoloq bildirib ki, səfərin regional təhlükəsizlik, gərginliyin azaldılması və Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyi kimi məsələləri əhatə etməsi də başadüşüləndir:

“Çünki hazırda Hörmüzdə kommersiya gəmiçiliyinin ciddi şəkildə azalması Qətər kimi enerji ixracatçısının təhlükəsizlik narahatlıqlarını birbaşa artırır. Məlumdur ki, Qətər-Çin yaxınlaşmasının əsas dayağı iqtisadiyyat və enerjidir. Çin 2020-ci ildən Qətərin ən böyük ticarət tərəfdaşı və əsas ixrac istiqaməti olaraq qalır. İki ölkə arasında ticarət dövriyyəsi 2014-cü ildəki 10,6 milyard dollardan 2025-ci ildə 23,81 milyard dollara yüksəlib”.

Müsahibimizə görə, bu rəqəmlər münasibətlərin artıq uzunmüddətli iqtisadi qarşılıqlı asılılıq xarakteri aldığını göstərir.  Dediyinə görə, Pekin üçün Qətər xüsusilə mühüm enerji tərəfdaşıdır. Doha isə Çinlə əlaqələri genişləndirməklə, öz enerji ixracı üçün uzunmüddətli bazar və investisiya imkanlarını gücləndirir.

Y.Bağırzadə qeyd edib ki, Çin Qətər üçün yalnız iqtisadi tərəfdaş deyil, regional böhranlarda mümkün diplomatik vasitəçi və siyasi balans elementi kimi də əhəmiyyət qazanır. Pekinin Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının yaradılmasını təşviq etməsi Çin-Qətər əməkdaşlığının gələcəkdə daha geniş geosiyasi məzmun qazana biləcəyinə işarədir.

Yusif Bağırzadə: Bu yaxınlaşma Dohanın ABŞ-ni Çinlə əvəzləməsi kimi başa düşülməməlidir

"Bu, ABŞ üçün müəyyən narahatlıq yarada bilər. Lakin Qətərin Çinlə yaxınlaşmasını Vaşinqtonla münasibətlərə alternativ ittifaq kimi qiymətləndirmək düzgün olmazdı. Qətər ABŞ-nin regiondakı ən mühüm tərəfdaşlarından biridir, "NATO-dan kənar müttəfiq" statusuna malikdir və Əl-Udeyd hərbi bazası ABŞ-nin Yaxın Şərqdəki əsas hərbi infrastruktur mərkəzlərindən biridir. Üstəlik, 2025-ci ildə Donald Tramp Qətərin xarici hücumdan müdafiəsinə ABŞ-nin dəstəyini nəzərdə tutan xüsusi sərəncam imzalayıb. Bu səbəbdən Tramp administrasiyasının Qətəri Çinlə əməkdaşlığa görə hədəfə alması real görünmür. Əksinə Vaşinqton üçün daha məntiqli yanaşma Qətərin Çinlə əlaqələrini məhdudlaşdırmağa çalışmaqdan çox, öz təhlükəsizlik və iqtisadi tərəfdaşlığını daha da möhkəmləndirməkdir ki, bu istiqamətdə də addımlar atılır. 2025-ci ilin sonunda ABŞ və Qətərin strateji dialoq çərçivəsində tərəfdaşlıqlarını yenidən təsdiqləməsi də bunun bariz sübutudur", - deyə müsahibimiz əlavə edib.

Y.Bağırzadə hesab edir ki, Qətərin Çinlə yaxınlaşması Yaxın Şərqdə Dohanın ABŞ-ni Çinlə əvəzləməsi kimi başa düşülməməlidir. Bu daha çox çoxvektorlu xarici siyasətin güclənməsi deməkdir:

"Doha həm Vaşinqtonun təhlükəsizlik imkanlarından, həm Pekinin iqtisadi və diplomatik potensialından istifadə etməyə çalışır. Əgər Hörmüz böhranı uzanarsa, bu balans siyasəti Qətər üçün daha da vacib olacaq. Beləliklə, Qətər kiçik dövlət olsa da, ABŞ, Çin, İran və digər regional aktorlarla paralel dialoq qurmaqla özünü Yaxın Şərqin mühüm diplomatik vasitəçilərindən birinə çevirməyə çalışır".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью