Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda mübahisə etdiyi şəxslərdən birini qətlə yetirməkdə təqsirləndirilən Həsən Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başa çatdıqdan sonra prokuror çıxış edərək Həsən Kazımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə tərəfi çıxış üçün vaxt istədiyindən növbəti məhkəmə iclası iyulun 28-nə təyin olunub.
Qeyd edək ki, qətllə bağlı şübhəli şəxs qismində saxlanılan, 2007-ci il təvəllüdlü Həsən Kazımov barəsində həbs qətimkan tədbiri seçilərkən onun yetkinlik yaşına çatmadığı nəzərə alınıb və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün nəzərdə tutulmuş Penitensiar Müəssisəsində saxlanılıb.
İttihama əsasən, Həsən Kazımov 2024-cü il noyabrın 16-da, saat 22:30-da Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən kafeyə daxil olmaq istədiyi zaman kafenin qarşısında dayanmış Ümid Hikmət oğlu Soltanov, Adil İsmayılov və digər şəxslərə yüksək səslə danışaraq nalayiq ifadələr işlətmələrinə irad bildirib.
Bu zaman onunla Adil İsmayılov arasında mübahisə yaranıb və əlbəyaxa olublar.
Ardınca o, Ümid Soltanovla da mübahisə edib və əlbəyaxa dava davam edib.