Qətldə günahlandırılan şəxs 14 il sonra bəraət aldı

16.11.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İtaliyada qonşusunu öldürməkdə təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilən şəxs boyunbağının uzunluğuna dair ortaya çıxan yeni fakt sayəsində 14 il sonra bəraət alıb.

“Cebheinfo.az” xəbər verir ki, İtaliyanın Mestre şəhərində yaşayan 65 yaşlı baxıcı Monika Busetto 87 yaşlı qonşusu Lida Taffi Pamionu qətlə yetirməkdə ittiham olunaraq həbs edilmişdi.

Lakin o, heç vaxt cinayəti törətdiyini etiraf etməyib. Pamio 2012-ci ildə öz evində boğularaq və bıçaqlanaraq öldürülmüşdü. Busetto isə 2014-cü ildə 25 il müddətinə azadlıqdan məhrum edilmişdi. İş üzrə əsas sübut Busettonun evindəki zinət əşyaları qutusunda aşkarlanan 58 santimetr uzunluğunda boyunbağı hesab olunurdu. Romadakı laboratoriyada aparılan ekspertiza zamanı boyunbağının üzərində Pamioya məxsus çox az miqdarda DNT izi aşkar edilmişdi.

Polis həmin zinət əşyasının qətlə yetirilən qadına aid olduğunu iddia edirdi. Lakin “Le Iene” televiziya proqramının jurnalistləri Maks Andreetta və Nikola Remişe ailənin fotoarxivinə çıxış əldə edərək işin gedişatını dəyişən faktlar üzə çıxarıblar.

Jurnalistlər Pamionun 1980-ci illərdə həmin boyunbağı ilə çəkilmiş fotolarını tapıblar. Əvvəlki görüntülərdə boyunbağının bir hissəsi geyimin altında qaldığından onun dəqiq uzunluğunu müəyyənləşdirmək mümkün olmayıb. Yeni fotoları araşdıran üç ekspert isə boyunbağının uzunluğunun 66-74 santimetr arasında olduğunu hesablayıb.

Bundan başqa, onun dizaynının Busettonun evində tapılan boyunbağıdan fərqləndiyi müəyyən edilib. Araşdırma zamanı məlum olub ki, Busettonun evindəki boyunbağı ortasından qırılıb, Pamionun boyunbağısı isə uc hissəsindəki medalyonun birləşmə yerindən qopub.

Laboratoriya ekspertizası digər qanlı sübutlardan boyunbağıya DNT izlərinin keçdiyini də üzə çıxarıb. Bundan əlavə, iş üzrə əvvəllər başqa bir qadın da şübhəli bilinib, lakin sonradan qətl Busettonun üzərinə qalıb.

Boyunbağıların fərqli olduğu sübuta yetirildikdən sonra ittihamın əsas dəlili qüvvədən düşüb və nəticədə Monika Busettoya bəraət verilib.

Əfsanə 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью