Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
I rübdə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə 4 milyard 957 milyon manat vəsait daxil olub.
Bu isə büdcəyə ümumi daxilolmaların 50,9 faizini təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrünə nisbətən isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizi və ya 3 milyard 225 milyon manatı vergi, 28,9 faizi və ya 1 milyard 430 milyon manatı gömrük orqanlarının, 2,8 faizi və ya 136,7 milyon manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərinin, 3 faizi və ya 154,9 milyon manatı sair daxilolmaların, 0,2 faizi və ya 10,4 milyon manatı isə dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşüb.
Nazirliyin məlumatına əsasən, yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 733 milyon manat, xərcləri 8 milyard 115 milyon manat olub.
Bunun da nəticəsində 1 milyard 618 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 9 milyard 562 milyon manat proqnoza qarşı 9 milyard 733 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz) çox, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 499,2 milyon manat və ya 5,4 faiz çox icra edilib.