Qeyri neft sektorunun yerində sayması: Vəziyyət dəyişməsə, bu il yenə ixrac azalacaq, idxal artacaq

12.02.2025

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Keçən il həm də Azərbaycanda ixracın kəskin azalması ilə yadda qaldı. Əvəzində idxal yenə artıb. Bu istiqamətdə narahatlıq yalnız çoxalır. Rəsmi açıqlamalarda isə məsələni böyütməmək tövsiyə olunur. Hesab edilir ki, müsbət saldonun hələ də qalması nikbinliyə əsas verir. Yəni ixracın idxaldan çox olmasına görə narazı danışmamalıyıq. Amma durumun kəskin pisləşməsi göz qabağındadır.

Bizimyol.info xəbər verir ki, 2024-cü ildə Azərbaycanın ixracı 26 milyard 554 milyon 56 min dollar olub. İdxal ixracdan geri qalıb. İdxalın həcmi 21 milyard 58 milyon 44 min dollar təşkil edib. Müsbət saldo 5 milyard 496 milyon 12 min dollara qədər azalıb.

2023-cü ildə müsbət saldo keçən ilə nisbətən üç dəfə çox qeydə alınmışdı. Onda ixracın 33 milyard 898 milyon 554 min, idxalın isə 17 milyard 285 milyon 345 min dollar olduğu açıqlanmışdı. 2023-cü ildə müsbət saldo 16,6 milyard dolları keçmişdi.

Müsbət saldonun üç dəfə azalmasının əsas səbəbi nədir? Təbii ki, hər şeydən əvvəl neft gəlirlərinin azalması özünü göstərib. Son 15 ildə neft hasilatı az qala iki dəfə azalıb. Enerji qiymətlərinin qənaətbəxş səviyyədə olmaması işləri digər yandan korlayır. Gəlirlərin azalmasında bu amilin də nəzərəçarpan rolu var.

Keçmiş maliyyə naziri Samir Şərifov ötən il problemin gerçəkliyini dilə gətirmişdi. Bundan az sonra neft proqnozları açıqlanmışdı. Buradan görünürdü ki, tezliklə illik hasilat 20 milyon tona yaxınlaşacaq. Halbuki 15 il əvvəl 50 milyon ton həddi aşılmışdı.

Ekspertlər daxili istehsalın aşağı olmasını da vacib nüans kimi fərqləndirir. Amma rəsmi qurumlar bununla razılaşmır. İqtisadiyyat Nazirliyi bildirir ki, sənaye məhsulu istehsalı 1,1 faiz artıb. Yəni istehsalın azlığından danışmayaq.

Nə vaxta qədər gələcəyə problemləri ört-basdır etməklə baxacağıq? Qeyri-neft sektoru yerində sayır, istehsal çox aşağı səviyyədədir. Bunun nəticəsi olaraq ixracın sürətlə aşağı düşməsini, idxalın inamla artmasını müşahidə edirik. İstəyirsiniz, bir il də gözləyək. Müsbət saldo yenə azalacaq, hələ ola bilsin ki, tamamilə yoxa çıxacaq.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью