Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Yanvar-avqust aylarında ÜDM 1,2 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda iqtisadi sektorda müsbət dinamika meyilləri qeydə alınıb. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsul (ÜDM) 87,7 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. İqtisadiyyatın əlavə dəyər potensialının formalaşmasında qeyri-neft sektoru yenə də əsas drayver rolunu oynayıb. Belə ki, neft-qaz sektoru üzrə ÜDM istehsalı 26,2 milyard manata yaxın olmaqla ötən ilin analoji dövrünə nisbətən 0,8 faiz azalsa da, qeyri-neft-qaz sektoru üzrə ÜDM istehsalı 61,5 milyard manat təşkil etməklə illik müqayisədə 2,1 faiz artıb.
ÜDM-in strukturunda sənaye məhsulu 44,6 milyard manat, kənd təsərrüfatı məhsulu 2,6 faiz artaraq 10,1 milyard manat, nəqliyyat bölməsi 8,7 faiz artaraq 10,9 milyard manat, rabitə 10,7 faiz yüksələrək 2,8 milyard manat təşkil edib. Əlavə dəyərin tərkibində digər xidmət sahələrinin payı və məhsula və idxala xalis vergilərə düşən ÜDM-in 1həcmi də yüksəlib.
Qeyri-neft sənayesində əlavə dəyər yüksəlib
ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, əlavə dəyərin təxminən 62 milyard manatı qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da faiz ifadəsilə 70 faizdən çoxdur. ÜDM-də əsas əlavə dəyər yaradan sahələrdən biri olan sənaye sektorunun qeyri-neft bölməsində isə artım əvvəlki aylarla müqayisədə daha da böyüyüb. Belə ki, qeyri-neft sənayesində 5,4 faiz artımla 14,6 milyard manat məbləğində sənaye məhsulu istehsal edilib. Sənayenin emal bölməsində daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı, əczaçılıq məhsullarının istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri, elektrik avadanlıqlarının istehsalı, toxuculuq sənayesində yüksək istehsal qeydə alınıb.
Sənayenin qeyri-neft bölmələrində əlavə dəyər təqribən 4 faizə yaxın artıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir. Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal sahə olduğunu göstərir.
12 milyard manatdan çox investisiya yönəldilib
Cari ilin ötən 8 ayında sərmayə axıcılığı da dayanıqlı xarakter daşıyıb, əsas kapitala 12 milyard 677,8 milyon manat investisiya yönəldilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10 faiz çoxdur. Bu dövrdə neft-qaz sektoruna qoyulan sərmayələr 1,4 faiz artıb, eyni zamanda, qeyri-neft sektorunda da aktivlik müşahidə olunub. Qeyri neft-qaz sektoruna investisiya qoyuluşu 8,4 milyard manatı üstələyib. Sektorlar üzrə sənaye, logistika, kənd təsərrüfatı və texnologiya, tikinti, təmir sahələrinə kapital qoyuluşlarında artım baş verib. Əsas kapitala yönəldilmiş investisiyaların 70 faizindəm çoxunu daxili investisiyalar təşkil edib. Xarici investisiyaların həcmi 3 milyard manata bərabər olub.
Əhalinin gəlirləri və orta aylıq əməkhaqqı artıb
2026-cı ilin ötən 8 ayında ölkədə muzdla çalışan işçilərin sayı təxminən 1 milyard 780 min nəfər olub. Onların orta aylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1176,7 manat təşkil edib. Əhalinin nominal gəlirləri isə 9,4 faiz artaraq 63,5 milyard manata çatıb. Hesabat tarixində ölkə üzrə istehlak qiymətləri indeksi 5,7 faiz təşkil edib. İnflyasiya səbətində qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artım qeydə alınıb. Ümumilikdə, bu dövrdə əhalinin gəlirləri inflyasiyanı üstələməklə insanların sosial rifahında əhəmiyyətli rol oynayıb.
Qeyd edilən müddətdə xarici dövlət borcu 4 milyard 559,5 milyon dollar təşkil etməklə 7,8 faiz azalıb. İqtisadiyyata kredit qoyuluşları 12,9 faiz artaraq 34,1 milyard manat təşkil edib. Fiziki şəxslərin banklardakı əmanətlərində isə 15,8 faiz artım qeydə alınıb, həmin sektor üzrə cəmi depozitlərin həcmi 17 milyard 896,7 milyon manata bərabər olub.
Qeyd edilən dövrdə ticarət dövriyyəsində dinamika müşayiət edilib. Azərbaycanın ticarət dövriyyəsinin həcmi 6,9 faiz artaraq 30 milyard dollar təşkil edib. Belə ki, ixracın dəyəri 39,1 faiz artaraq 20 milyard 136 milyon dollar, o cümlədən qeyri-neft-qaz ixracı 2,8 dəfə artaraq 5,9 milyard dollar olub. İdxalın dəyəri isə 27,4 faiz azalaraq 9,8 milyard dollar təşkil edib. Nəticədə xarici ticarətdə 10 milyard dollardan çox müsbət saldo qeydə alınıb.
Qeyri-neft sektorunun ÜDM-də payı 80 faizə yaxınlaşır
Cari ilin 8 aylıq makroiqtisadi göstəriciləri təsdiqləyir ki, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır. Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.
İqtisadiyyat Nazirliyi tərəfindən bugünlərdə yenilənmiş proqnozlara əsasən, 2026-cı ilin sonunda ÜDM-in real ifadədə artımı 1,7 faiz olmaqla 138 milyard manata çatacağı fərz edilir. Qeyri-neft ÜDM-nin real ifadədə artımı 3,1 faiz olmaqla 100 milyard manata çatacağı gözlənilir. İlin əvvəli ilə gözləntidə tikinti və turizm sektoru üzrə nəzərdə tutulandan aşağı artım templərinin fərz olunması ÜDM-in cüzi azalmasına səbəb olacaq. Bunun nəticəsində əvvəlki proqnoza nisbətən qeyri-neft-qaz sektoru üzrə ÜDM-in real artım tempinin 5 faizdən 3,1 faizə enəcəyi ehtimal olunur. Ancaq bütün bunlara baxmayaraq, ölkədə ilin sonunda yaradılacaq əlavə dəyərin 74-75 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşəcək. Bu, qeyri-neft sektorunun yenə də iqtisadi-fiskal bölmələrinin əsas drayveri olacağını yəqinləşdirir.
Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalına əsasən, 2027-ci ildə ÜDM-in tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neft-qaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır. Dəyər ifadəsi ilə qeyri-neft ÜDM-nin 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 80 faizə çatacağı fərz olunur.
E.CƏFƏRLİ