Qeyri OPEC ölkələri neft hasilatını artıraraq bazardakı təklifi də artıracaq

27.01.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən həftəyə nisbətən bu həftə dünya neft bazarında bahalaşma müşahidə edildi. Yaxın Şərqdəki gərgin vəziyyəti nəzərə alan neft birjaları işə 2 faizlik qiymət artımı ilə başladılar. ABŞ-ın Körfəz ətrafı ölkələrdəki hərbi bazalarına silah-sursat toplaması və təyyarə daşıyan gəmilərini Körfəz istiqamətinə yönəltməsi “Brent” markalı neftin qiymətinin 12, WTI markalı neftin qiymətinin 14 sent bahalaşmasına səbəb oldu.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın “G Group Holdings” investisiya şirkətinin analitiki Toni Sikamor bildirib ki, hələ də bazar geosiyasi gərginliyin təsiri altıda fəaliyyət göstərir. Onun fikrincə bahlaşma tələb və təklif balansı ilə deyil, neftin nəql olunmasında yarana biləcək problemlə bağlıdır.

ABŞ Prezidenti Donald Trampın İran əleyhinə bəyanatları və İranın hərbi strukturlarının cavabı gərginliyi artırır. Bəzi treyderlər nefti alaraq terminallarda saxlayırlar ki, bahalaşmadan sonra satsınlar. Lakin neft hasil edən ölkələrin terminalları dolu olduğu üçün nefti uzun müddət saxlamaq olmur ki, bu da geosiyasi gərginliyə baxmayaraq qiymətlərin kəskin artmasının qarşısını alır.

Dünən Qazaxıstan hökuməti “Tenqiz” və “Karalev” yataqlarının elektrik enerjisi təminatını bərpa edib və hasil olunan neftin Xəzər Beynəlxalq Boru Kəməri Konsorsiumu ilə nəqli də bərpa olunub. Ötən həftə bu kəmərlə dünya bazarına neftin ixracının dayanması da qiymət artımına təsir edib. Həftənin əvvəlində artım 2 faiz olmuşdusa sonunda 2,7 faizə yüksəldi. Dünya bazarına neft nəqli yolları risk altındadır. Rusiya ilə Ukrayna müharibəsi Qara dəniz sahillərindəki terminal və limanları, ABŞ ilə İran arasındakı gərginlik isə bütövlükdə körfəzi təhlükədə saxlayır.

Bahalaşmaya digər səbəb isə ABŞ-da havaların həddən artıq soyuq keçməsidir. “JP Morgan” şirkətinin analitikləri bildiriblər ki, Oklahoma və Texas ştatlarında, eləcə də Bakken bölgəsindəki yataqlarda hava şəraiti ilə əlaqədar olaraq işlər müvəqqəti dayandırılıb ki, bu da 250 min barel neftin hasilinə mane olub.

Hazırda dünya bazarında ən ucuz qiymətə satılan Rusiya neftidir. “Urals” markalı neftin qiyməti 35 dollar təşkil edir ki, bunun da səbəbi geosiyasi proseslərlə əlaqədardır. Avropa İttifaqı ilə ABŞ-ın sanksiyaları nəticəsində Rusiya neftinə tələbat aşağı düşüb ki, bu da qiymətin ucuzlaşmasına gətirib çıxarıb. Ən bahalı neft isə Azərbaycanın “Azeri Light” markalı neftidir və onun 1 barelinin qiyməti 68 dollar ətrafındadır.

Beynəlxalq Enerji Agentliyinin hesabatına əsasən, bu gün dünya neft bazarının 70 min barel neft tələbatı var. Geosiyasi səbəblər ucuzlaşmanın qarşısını alır. Lakin cari ildə qeyri-OPEC ölkələri hasilatı artıraraq bazardakı təklifi də artıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью