Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
47 milli texniki reqlament layihəsi hazırlanıb
Azərbaycanda istehlak bazarında məhsul təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni texniki tənzimləmə mexanizmləri formalaşdırılır. Xüsusilə qeyri-qida istehlak mallarının istehsalı, idxalı və satışına dair tələblərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, istehlakçıların həyat və sağlamlığının, eləcə də əmlakının qorunması bu sahədə həyata keçirilən tədbirlərin əsas istiqamətlərindəndir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Qeyri-qida istehlak mallarının təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirində də bu məsələlər diqqət mərkəzində olub.
Məclisdə agentliyin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev bildirib ki, Azərbaycanda qeyri-qida istehlak mallarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə 34 mal kateqoriyası və 1200-dən çox mal növü müəyyənləşdirilib. Bu istiqamətdə, ümumilikdə, 47 milli texniki reqlament layihəsi hazırlanıb.
Müəyyən edilmiş kateqoriyalara yüngül sənaye və mebel məhsulları, oyuncaqlar, qaz yanacağı ilə işləyən avadanlıqlar, attraksionlar, uşaq oyun meydançaları üçün avadanlıqlar, liftlər, maşın və avadanlıqlar, elektrik və elektronika məhsulları, tütün məmulatları, ətriyyat-kosmetika vasitələri, tikinti materialları və digər mallar daxildir.
E.Quluyev qeyd edib ki, yeni sistemin formalaşdırılması 2023-cü ildə təsdiq edilmiş “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilir. Proqramın əsas istiqamətlərindən biri beynəlxalq təcrübə nəzərə alınmaqla qeyri-qida istehlak mallarına dair milli texniki reqlamentlərin hazırlanmasıdır. Bu işlərin icrası aidiyyəti dövlət qurumları ilə birlikdə Agentliyə həvalə olunub. Şöbə müdirinin sözlərinə görə, 47 layihədən 7-si bilavasitə Agentlik tərəfindən müvafiq qurumlarla birgə hazırlanıb.
Layihələrin hazırlanması və müzakirəsi zamanı müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların, istehsalçıların, idxalçıların və istehlakçıların təklifləri nəzərə alınıb. Eyni zamanda, texniki reqlamentlərin hazırlanmasına müvafiq sahələr üzrə dövlət nəzarətini həyata keçirən qurumlar da cəlb edilib. Belə ki, pirotexniki vasitələrlə bağlı məsələlərdə Fövqəladə Hallar Nazirliyinin, ətriyyat-kosmetika məhsulları və tütün məmulatları üzrə Səhiyyə Nazirliyinin, texniki vasitələrin elektromaqnit uzlaşması sahəsində isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin iştirakı təmin olunub.
Texniki tənzimləmə sahəsində artıq müəyyən normativ sənədlər də qəbul edilib. Bunlardan biri qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyinə dair texniki reqlamentdir. Nazirlər Kabinetinin 6 may 2026-cı il tarixli qərarı ilə təsdiq edilən sənəd noyabrın 6-dan qüvvəyə minib.
Reqlament məişətdə yemək hazırlanması və qızdırılma üçün istifadə olunan qaz qurğularını, qazla işləyən su qızdırıcılarını, eləcə də digər istilik avadanlıqlarını əhatə edir. Sənəddə məhsulların təhlükəsizlik göstəriciləri ilə yanaşı, istismar sənədlərinə dair tələblər də müəyyənləşdirilib.
Digər mühüm sənəd oyuncaqların təhlükəsizliyinə dair texniki reqlamentdir. Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli qərarı ilə qəbul edilən bu sənəd 14 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara dair məcburi təhlükəsizlik tələblərini müəyyən edir. Reqlamentdə məhsulların fiziki-mexaniki, elektrik, gigiyenik və kimyəvi göstəriciləri əksini tapıb.
Xüsusilə 3 yaşınadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda zərərli kimyəvi elementlərin miqrasiyasına dair hədlər müəyyənləşdirilib. Bu yaş qrupuna aid uşaqların daha həssas olması nəzərə alınaraq, əlavə təhlükəsizlik şərtləri də nəzərdə tutulub. Reqlament altı aylıq keçid müddətindən sonra qüvvəyə minəcək.
Yeni sistemdə diqqət çəkən məsələlərdən biri də məhsulların təhlükəsizliyinə dövlət nəzarətinin təşkili və istehlakçıların şikayətlərinin araşdırılmasıdır. E.Quluyevin sözlərinə görə, məhsulun uyğunluq sertifikatına malik olması onun təhlükəsizliyi ilə bağlı yarana biləcək bütün riskləri istisna etmir. Sertifikatlaşdırılmış məhsulun təhlükəsizliyi barədə əsaslandırılmış şübhələr yarandıqda istehlakçılar agentliyə müraciət edə bilərlər.
Şöbə müdiri bildirib ki, yeni yanaşmada nəzarətin əsas istiqaməti sahibkarlıq subyektinin fəaliyyətindən daha çox birbaşa məhsulun təhlükəsizliyinə və texniki reqlamentlərin tələblərinə uyğunluğuna yönəldilir. Akkreditasiya olunmuş qurumların fəaliyyəti ISO/IEC 17065 kimi beynəlxalq standartlar əsasında qiymətləndirilir. Bununla yanaşı, müvafiq dövlət qurumları məhsulların təhlükəsizliyini və verilmiş uyğunluq sənədlərinin etibarlılığını yoxlamaq səlahiyyətinə malikdir.
Qeyd edək ki, texniki reqlamentlərin qəbulu beynəlxalq təcrübəyə əsaslanan vahid təhlükəsizlik tələblərinin formalaşdırılmasına, istehlakçıların hüquqlarının qorunmasına və bazarda ədalətli rəqabət mühitinin inkişafına xidmət edir. Bu mexanizmlər istehsalçı, idxalçı və satıcılar üçün aydın qaydalar müəyyən etməklə yanaşı, istehlakçıların təhlükəsiz məhsullara çıxış imkanlarını da genişləndirəcək.
Musa BAĞIRLI
XQ