Qeyri sabit hava şəraitində sürücülər və piyadalar nələrə diqqət etməlidir? AÇIQLAMA

04.02.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qeyri-sabit hava şəraitində sürücülərin yol verdiyi təhlükəli səhvlər kifayət qədər çoxdur və bunun əsas səbəbi sürmə qaydalarına əməl etməməkdir. Məsələn, yollarda palçıq, su olduğu halda bəzi sürücülər sürəti azaltmaq əvəzinə, həmin palçığı və suyu ətrafdakı tikililərin və insanların üzərinə sıçradırlar ki, bu da açıq-aşkar qayda pozuntusudur. Ümumiyyətlə, qeyri-sabit hava şəraitində sürücülər və piyadalar nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qış təkərlərindən istifadə etmədən sürət rejimini aşmaq, təhlükəli manevrlər etmək də ciddi problemlərdəndir:
"Bəzi sürücülər elə düşünür ki, yay mövsümündəki kimi eyni effekt olacaq, lakin reallıqda bu baş vermir. Qış təkərləri mövzusu dəfələrlə müzakirə olunub və aydındır ki, bu məsələ məcburi şəkildə qanunvericilikdə öz əksini tapmasa, problemin tam həlli mümkün olmayacaq. Çünki indiki şəraitdə insanlara nə qədər izah etməyə çalışsan da, bunun hər zaman faydası olmur. Bəziləri anlayır, lakin böyük bir qismi bu təhlükəni dərk etmir. Nəticədə sürücülər qarlı və buzlu yollara çıxırlar. Sürmə təcrübəsi olmayan, avtomobilin texniki xüsusiyyətlərini yaxşı bilməyən şəxslər səhər tezdən — saat 6–7 radələrində yola düşürlər. Halbuki həmin saatlarda yolun sürüşkən olması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilir. Sonra isə görürsən ki, qəza baş verib",-ekspert bildirib.
Elməddin Muradlının sözlərinə görə, qarlı, dumanlı havalarda sürücülər qanunvericiliyin tələblərinə uyğun hərəkət etməlidirlər. Bu isə o deməkdir ki, meteoroloji və yol şəraiti nəzərə alınaraq sürət minimum təhlükəsiz həddə endirilməlidir. Sürücü təxmini də olsa, həmin şərait üçün ən təhlükəsiz sürəti bilməlidir. Amma reallıqda görürük ki, yol buzlu olduğu halda əksər avtomobillər asta hərəkət etdiyi bir vaxtda, hansısa məsuliyyətsiz sürücü əks istiqamətdən sürətlə gəlir və çox vaxt qəza törədir. Qış təkəri olmayan, texniki baxımdan yararsız avtomobillərlə riskə gedən bu sürücülər özlərini sübut etməyə çalışır, “şou” göstərmək istəyirlər. Nəticədə ağaca çırpılma, avtomobildən sərnişinlərin çölə atılması, ağır xəsarətlər və hətta ölümlə nəticələnən hadisələr baş verir. Təəssüf ki, bu cür görüntülər digərləri üçün də dərs olmur və eyni səhvlər yenidən təkrarlanır. Bu sahədə insanların üzərində qanun ən sərt formada dayanmalıdır. Başqa çıxış yolu yoxdur. Yol polisi, meteoroloji xidmətlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən hava şəraiti ilə bağlı davamlı xəbərdarlıqlar edilir. Lakin bütün bunlara baxmayaraq, vəziyyət ciddi şəkildə dəyişmir və yenə də qarlı-buzlu yollarda qəzalar baş verir.
"Bunun əsas səbəblərindən biri də məsuliyyətsiz həyat tərzidir. Sosial şəbəkələrdə kimsə dağlıq ərazidə şəkil paylaşır və bunu görən digər şəxs öz avtomobilinin texniki vəziyyətini, təkərlərinin yararsız olduğunu nəzərə almadan ailəsi ilə birlikdə yola çıxır. Qeyri-sabit hava şəraitində piyadalar üçün də təhlükəsizlik kifayət qədər zəifdir. Bir çox yerlərdə səkilər zəbt olunub, bəzi obyektlər isə öz qarşısına sürüşkən materiallardan döşəmələr döşəyir.
Piyadalar həmçinin yol keçərkən də son dərəcə diqqətli olmalıdırlar. Quru havada avtomobilin dayanma məsafəsi ilə yağışlı, qarlı və buzlu havadakı dayanma məsafəsi eyni deyil. Buna görə də “yol mənimdir” düşüncəsi ilə qəfil yolun ortasına çıxmaq olmaz. Sürücülər isə piyada keçidlərinə yaxınlaşarkən mütləq sürəti azaltmalıdırlar.
Sürücülərin əsas problemləri sürət həddinə əməl etməmək, avtomobilin şüşələrinin buxarlanması, havalandırma sistemindən düzgün istifadə etməmək, güzgülərə və işıq cihazlarına diqqət yetirməməkdir. Amma bütün bunların içində ən vacib məsələ təkər seçimidir. Avtomobilin təkərləri mövsümə uyğun olmalı, xüsusilə qış şəraitində qış təkərlərindən istifadə mütləqdir", -E.Muradlı əlavə edib./missiya.az

Oxunub 232

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью