Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasından 105 il keçir
Bakı, 4 fevral, AZƏRTAC
Lütfi Zadə deyirdi: “Mən özümü Azərbaycana hər zaman yaxın hiss etmişəm, mən azərbaycanlıyam. Mənim mədəniyyətimdə Bakıda keçirdiyim illərin böyük əhəmiyyəti olmuşdur. Azərbaycan hər zaman mənim qəlbimin ən isti yerindədir və qəlbimdə yaşamağa davam edir”
Nəzəriyyələri ilə dünya elmini zənginləşdirən, ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetinin mərhum professoru, azərbaycanlı alim Lütfi Zadə yaşasaydı bu gün 105 yaşı tamam olardı. Azərbaycanlı alim 2017-ci il sentyabrın 6-da 96 yaşında yaşadığı və işlədiyi Kaliforniya ştatının Berkli şəhərində dünyasını dəyişdi. Vəsiyyətinə əsasən onun nəşi Kaliforniyadan Azərbaycanın paytaxtı Bakı şəhərinə gətirilərək Birinci Fəxri xiyabanda dəfn edildi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, texnika elmləri doktoru Şahnaz Şahbazovanın “Qeyri–səlis məntiq qeyri–səlis deyil – dünyaşöhrətli azərbaycanlı alim Lütfi Zadə” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Lütfi Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub. Tale elə gətirib ki, o, Vətəndən kənarda yaşamalı olub. Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olub. Qırx üç ildən sonra Lütfi Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün 2008-ci il noyabrın 8-10-da Bakıya ikinci dəfə gəlib.
Professor Lütfi Zadənin elmi yaradıcılığı olduqca zəngin və çoxsahəlidir, onun “Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı” (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı “Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi” (1950) və “Z-çevirmə üsulunun yaradılması” (1952), habelə “Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması” (1953), “Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması” (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı “Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası” (1963), R.E.Belman ilə birlikdə yazdığı “Qeyri-səlislik şəraitində qərar qəbul etmək” (1970), “Linqvistik dəyişən və qeyri-səlis “əgər-onda” qaydalarının konsepsiyası” (1973), “Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi” (1978), “Təxmini mühakimə nəzəriyyəsi” (1979), “Sağlam düşüncəyə əsaslanan mühakim nəzəriyyəsi” (1985), “Dispozisiya məntiqi” (1988), “Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, “soft computing” nəzəriyyəsi” (1991), “Sözlə işləyən kompüterlər nəzəriyyəsi” (1996), “Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi” (1997), “Təəssürat nəzəriyyəsi” (1998) dünya elminin inkişafında mühüm rol oynayır.
Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsinin riyazi qətiyyətindən danışaraq deyirdi: “Qeyri-səlis məntiq qeyri-səlis deyildir. Qeyri-səlis məntiq əsasən qeyri-dəqiqlik və təxmini düşüncənin dəqiq məntiqidir. Daha spesifik olaraq, qeyri-səlis məntiqə insan qabiliyyətinin iki diqqətəlayiq formalizasiyası / mexanizasiyasına cəhd kimi baxıla bilər. Birincisi, qeyri-dəqiqlik, qeyri-müəyyənlik, informasiya çatışmazlığı, ziddiyyətli informasiyalar, qismən həqiqi və qismən mümkün olan - qısaca, uğurlu olmayan informasiyalar şəraitində sərbəst qərarlar qəbul etmək, əsaslandırmaq və səmərəli qərarlar qəbul etmək qabiliyyəti. İkincisi, heç bir ölçü və hesablamalar olmadan geniş fiziki və zehni vəzifələri yerinə yetirmək imkanı. Əslində, qeyri-səlis məntiqin əsas töhfələrindən biri - geniş tanınmayan bir töhfə - dəqiqliyin yüksək gücüdür. Qeyri-səlis məntiq bir məntiq sistemdən daha çoxdur. Bu çoxyönlüdür. Çoxyönlüyün əsası budur: məntiqi, qeyri-səlis çoxluqlar nəzəriyyəsi, epistemik və münasibətliliyi. Qeyri-səlis məntiqin praktiki tətbiqlərinin əksəriyyəti onun münasibət yönlüyü ilə bağlıdır”.
Dünyaşöhrətli azərbaycanlı alim deyirdi: “Mən bilirəm ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafında maraqlıdır, xüsusilə elmin inkişafında. Hazırda bu inkişaf var. Ən önəmlisi isə düzgün yolun olmasıdır. Nələrin necə edilməsini mən deyə bilmərəm, amma Azərbaycan universitetlərinin Amerika universitetləri ilə sıx əməkdaşlığını çox arzulayıram, xüsusilə Berkli Universiteti ilə. Mən Berkli universitetində Azərbaycandan daha çox elmi-tədqiqatçı və tələbə görmək arzusundayam”.
Professor Lütfi Zadəyə çoxsaylı müsahibələrin birində sual verildi ki, qeyri-səlis məntiq gələcək tədqiqatlarda hansı yeri tutacaq? Onun cavabı belə oldu: “İnanıram ki, müasir elmin əksəriyyəti bivalent məntiqə əsaslansa da, nəticədə əksər elmi nəzəriyyələr ən azı qismən qeyri-səlis məntiqə əsaslanacaq. Ancaq bunun reallığa çevrilməsi uzun müddət çəkə bilər. Düşünürəm ki, önümüzdəki illərdə əsas tətbiq sahəsi internet olan qeyri-səlis məntiqin daha çox tətbiqinin, xüsusən də axtarış və cavabların şahidi olacağıq”.
Bu cavab professor Lütfi Zadənin dövrünün ən parlaq mütəfəkkirlərindən biri olmasına bir daha bariz sübutdur. Onu da qeyd etməyə borcluyam ki, professor Lütfi Zadə onun əsərlərinə edilən istinadlara göndərən dünyada iki alimdən biridir. Bu gün o, aramızda yoxdur, lakin onun elmi dühası elmlə məşğul olub, yeni nəticələr əldə etməkdə bizə liderlik edir!