Qəza törədən şəxsə hökm oxundu FOTO

26.01.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kəlbəcər Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Röyal Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Həsən Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə görə, Röyal Məmmədov 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb. Eyni zamanda, təqsirləndirilən şəxsin barəsində hökmədək tətbiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib, Röyal Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalında dərhal həbsə alınıb. Hökmə əsasən, təqsirləndirilən şəxsə əlavə cəza kimi təyin olunmuş 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə, habelə cəzanın başa çatdığı gündən sonra əlavə olaraq 2 il 6 ay müddətinə şamil edilib.

İttihama görə, hadisə 2025-ci il aprelin 23-də saat 19 radələrində Kəlbəcər-Ağdərə yolunun Kəlbəcər rayonunun Qılınclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Cengiz İnşaat" şirkətində sürücü işləyən, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdlü Röyal Məmmədovun idarə etdiyi HOWO markalı betonqarışdıran maşınla Azad Zeynalovun idarə etdiyi "KIA Sorento" avtomobili toqquşub. Nəticədə Azad Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Xatırladaq ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından ümrə ziyarətindən qayıdıbmış. Altı övlad atası olan Azad Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb. O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən "TVM İnşaat" MMC-də sahə rəisi - mühəndis vəzifəsində çalışırmış. Mərhum ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında şəxsi "KIA Sorento" avtomobili ilə iş yerinə - Kəlbəcərə yola düşüb.

Azad Zeynalov uzun illər SOCAR-da işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Aeroportunda çalışıb. Onun həyat yoldaşı 1992-ci ildə faciəli şəkildə - güllə yarasından dünyasını dəyişib.

Fotoda Azad Zeynalov

Oxunub 36

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью