Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qış mövsümündə havanın kəskin dəyişməsi, yolların buz bağlaması və ya intensiv qar yağışı nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, bəzən isə ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.
BAKU.WS-in məlumatına görə, gecə saatlarında riskin artması həm dövlət qurumlarının, həm də vətəndaşların daha hazırlıqlı olmasını zəruri edir.
Qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kompleks şəkildə həyata keçirilməlidir.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, həm dövlətin aidiyyəti qurumları, həm də vətəndaşlar qış mövsümünə uyğun şəkildə daha hazırlıqlı olmalıdırlar: "Artıq ilbəil iqlim dəyişiklikləri müşahidə olunur və bu dəyişikliklər xüsusilə dağlıq regionlarda özünü daha kəskin şəkildə göstərir.
Əgər vətəndaşlar qış aylarında dağlıq ərazilərə istirahət məqsədilə və ya digər səbəblərlə səfər edirlərsə, mütləq şəkildə avtomobillərini mövsümə uyğun hazırlamalıdırlar.
Qış təkərlərindən istifadə, təkər zəncirlərinin olması, hava şəraitini nəzərə alaraq alternativ və daha təhlükəsiz marşrutların seçilməsi son dərəcə vacibdir.
Bu cür sadə, lakin məsuliyyətli yanaşma bir çox qəzanın qarşısını ala bilər.