Qəzza quruculuğunda Azərbaycandan yaxşı təcrübəsi olan hansısa bir ölkə yoxdur Deputat

26.01.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Davosda ABŞ Prezidenti Donald Trampın işitirakı ilə Sülh Şurasının təsis sənədi imzalanıb. Şuraya üzv dövlətlər arasında Azərbaycan da var. 

Bəs Azərbaycanın Sülh Şurasına üzv olması necə dəyərləndirilir?

Redaktor.az-a danışan Milli Məclisin deputatı Azay Quliyevin sözlərinə görə, Azərbaycanın Sülh Şurasında iştirakı bir neçə səbəbdən gözlənilən idi:

"Azərbyacan ilə ABŞ arasında ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra münasibətlər tamam dəyişib və kifayət qədər pozitiv məcrada inkişaf edir. Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında olan münasibətlər, sülh sazişinin paraflanması, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin formalaşdırılması ilə bağlı işçi qrupunun yaradılması və s. Bu gün Azərbaycan ilə ABŞ arasında siyasi dialoqların ən yüksək səviyyədə olması, dövlət başçıları arasında şəxsi, dostluq münasibətlərinin formalaşması, qarşılıqlı etimadın və hörmətin müşahidə olunması əsas verdi ki, məhz ABŞ Azərbaycanı dəvət etsin. İlk səbəb budur".

Millət vəkili qeyd etdi ki, Azərbaycan artıq bütün dünyada sülh quruculuğu modelini təqdim edən, işğaldan sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru sürətlə, keyfiyyətlə inşa edən bir ölkə kimi çox müsbət bir imicə malikdir:

"Hesab edirəm ki, Sülh Şurasında Azərbaycanın həm sülh quruculuğu prosesindəki təcrübəsi, həm də Azərbaycanın bu gün beynəlxalq aləmdə çox müsbət imici nəzərə alınacaq. Azərbaycanın beynəlxalq nüfuzu o formadadır ki, belə proseslərdə Azərbaycan nəinki iştirakçı ölkə kimi, eyni zamanda öz təcrübəsini də bölüşə bilər. Hesab edirəm ki, Qəzza quruculuğunda Azərbaycandan yaxşı təcrübəsi olan hansısa bir ölkə yoxdur. Qarabağda və Zəngəzurda kifayət qədər təcrübə toplayan Azərbaycan şirkətləri bərpa işlərində yaxşı iştirak edə bilərlər. Qlobal gündəliyin formalaşmasında Azərbaycan müşahidəçi kimi yox, iştirakçı kimi iştirak edəcək, söz sahibi olacaq və sülh masasında təmsil olunacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью