Qəzzada isti hava humanitar böhranı daha da ağırlaşdırır

04.08.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzza zolağında hökm sürən yüksək temperatur bölgədəki humanitar böhranı dərinləşdirir və yerli əhalinin sağlamlığı üçün əlavə təhlükələr yaradır.

Bizimyol.info xəbər verir ki, “Associated Press” (AP) agentliyinin məlumatına görə, hazırda yüz minlərlə fələstinli sintetik materiallardan hazırlanmış müvəqqəti çadırlarda yaşayır. Bu çadırlarda havalandırmanın zəif olması və günəş altında temperaturun sürətlə yüksəlməsi, eləcə də su çatışmazlığı səbəbindən insanlar susuzlaşma və isti hava ilə bağlı xəstəliklərlə üzləşirlər.

Yerli meteoroloji xidmətin məlumatına əsasən, iyulun son həftəsi və avqustun ilk həftəsində havanın orta temperaturu normadan təxminən 2 dərəcə yüksək olub. Son günlərdə temperatur 33-35 dərəcə Selsi arasında dəyişir. Proqnozlara görə, avqust ayı ərzində də hava normadan daha isti qalacaq.

Mütəxəssislər bildirirlər ki, uzun müddət yüksək temperatur şəraitində, məhdud su imkanları və ağır yaşayış şəraiti fonunda əhalinin sağlamlığı üçün risklər artır.

Xatırladaq ki, 2025-ci ilin yanvarında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması əldə olunmuşdu. Razılaşmanın ilk mərhələsi döyüşlərin dayandırılmasını, girovların azad edilməsini, humanitar yardımın artırılmasını və İsrail qoşunlarının qismən geri çəkilməsini nəzərdə tuturdu.

Sonrakı mərhələ isə münaqişənin tam dayandırılması və Qəzza zolağının gələcəyi ilə bağlı qərarların müəyyənləşdirilməsini əhatə etməli idi. ABŞ Prezidenti Donald Tramp iyulun 30-da HƏMAS silahlı dəstələrinin tam tərksilah edilməsini nəzərdə tutan razılaşmaya nail olunduğunu açıqlamışdı.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью