Qəzzada qışın sərt üzü 150 min çadır humanitar yardım gözləyir

16.11.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaxın Şərqdə davam edən münaqişənin ağır nəticələri Qəzza zolağında humanitar vəziyyəti getdikcə daha da mürəkkəbləşdirir. Müharibənin dağıtdığı yaşayış məntəqələrində minlərlə ailə evsiz-eşiksiz qalıb. Qış mövsümünün yaxınlaşması, güclü yağışlar və daşqınlar isə onsuz da ağır şəraitdə yaşayan mülki əhalinin vəziyyətini daha da dözülməz edir.

Noyabrın 16-da Avstraliya, Kanada, İtaliya və Böyük Britaniyanın xarici işlər nazirləri Qəzzadakı humanitar vəziyyətlə bağlı birgə bəyanat yayıblar. Avstraliyanın Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan sənəddə qeyd edilir ki, son daşqınlar bölgə sakinlərinin əzablarını daha da artırıb. Bəyanatda vurğulanır ki, bu, qış mövsümünün hələ ilk fırtınasıdır və qarşıdakı dövr üçün ciddi narahatlıq doğurur.

Dörd ölkənin xarici işlər nazirlərinin diqqət çəkdiyi ən mühüm məsələlərdən biri Qəzzaya humanitar yardımların çatdırılmasıdır. Birgə bəyanata əsasən, 150 min çadır və digər həyati əhəmiyyətli ləvazimat sərhəddə saxlanılır və onların bölgəyə daxil olmasına imkan verilmir. Nazirlər İsrail hökumətini gecikmələrə son qoymağa, sərhəd-keçid məntəqələrini açmağa və humanitar yardımların Qəzzanın bütün ərazilərinə sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasını təmin etməyə çağırıblar.

Sənəddə humanitar əməliyyatların və ilkin bərpa işlərinin həyata keçirilməsi üçün zəruri olan ikili təyinatlı məhsulların da bölgəyə buraxılmasının vacibliyi qeyd olunur. Bəyanatda bütün tərəflərə Qəzza üzrə hərtərəfli planın icrası, atəşkəsə riayət edilməsi və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı çağırış edilir.

N.Adilqızı
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью