Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerika Birləşmiş Ştatlarındakı türk qeyri-hökumət təşkilatları 50-dən çox Konqres üzvünə müraciət edərək Türkiyəyə “F-35” qırıcılarının satışına dəstək verməyə çağırıb.
“Cebheinfo.az” xəbər verir ki, məktubda müdafiə sahəsində əməkdaşlığın NATO-nun bütövlüyü və regional sabitlik baxımından əhəmiyyətinə diqqət çəkilib.
Məhz Türkiyə-Amerika münasibətlərinin əsasını təşkil edən müttəfiqlik əlaqələrinin və ikitərəfli münasibətlərin regional və qlobal təhlükəsizlik baxımından əhəmiyyəti vurğulanan məktub 50-dən çox ABŞ Konqres üzvünə rəsmən təqdim olunub.
Məktubda Türkiyə ilə ABŞ arasındakı müdafiə əməkdaşlığının hər iki ölkənin maraqlarına xidmət etdiyi qeyd olunur:
“Bu səbəbdən də ABŞ-nin “F-35” döyüş təyyarələrinin satışını dəstəkləməyinizi və bu əməkdaşlığın qarşısındakı lazımsız sanksiya və maneələri aradan qaldırmağınızı xahiş edirik”.
Məktubda, həmçinin “F-35” döyüş təyyarələrinin satışına dəstəyin NATO-nun bütövlüyünə, regional sabitliyə və real, artan dəyərə malik ikitərəfli münasibətlərə investisiya olduğu bildirilib.
Eyni zamanda, Türkiyənin inkişaf edən müdafiə sənayesinin Avropanın öz təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət daşıması istiqamətində ABŞ-nin məqsədlərini birbaşa dəstəklədiyi vurğulanıb.
Bundan başqa, “F-35” döyüş təyyarələrinin satışının təsdiqlənməsinin Ankaranın Vaşinqton və NATO ilə uyğunlaşan təchizatçılarla sıx əməkdaşlığını davam etdirməsinə töhfə verəcəyi də qeyd olunub.
Sənəddə Türkiyənin konstruktiv regional aktor kimi Rusiya-Ukrayna müharibəsində real vasitəçilik rolu oynadığı və Suriyada sabitliyin təmin olunması istiqamətində fəaliyyət göstərdiyi də bildirilib.
Bildirək ki, məktuba ABŞ-də fəaliyyət göstərən Türk-Amerikan qeyri-hökumət təşkilatlarını bir araya gətirən 7 qurum - Türk-Amerikan Dərnəkləri Assambleyası (ATAA), Türk-Amerikan Koalisiyası (TCA), Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF), Türk-Amerikan Milli Rəhbərlik Komitəsi (TASC), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) USA, Cənubi Türk-Amerikan Ticarət Palatası (TACCS) və Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) imza atıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə təklif etdiyi “F-35” satışı hüquqi, siyasi və təhlükəsizliklə bağlı maneələr səbəbindən hələ də qeyri-müəyyən olaraq qalır.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin