QHT sədri: Cənubi Qafqazda sülhyaratma prosesinin aparıcı qüvvəsi Azərbaycandır

29.01.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 yanvar, AZƏRTAC

Son illər qlobal miqyasda baş verən qarşıdurmalar və müharibələr fonunda sülh və etimad mühitinin formalaşdırılmasına inam müəyyən qədər azalsa da, bu istiqamətdə təşəbbüslər heç vaxt dayanmayıb. Lakin elə ölkələr var ki, təkcə sülh təşəbbüsləri ilə çıxış etmir, eyni zamanda, bu təşəbbüsləri real addımları və konkret fəaliyyəti ilə təsdiqləyir.

Hesab edirəm ki, Azərbaycan məhz belə dövlətlərdən biridir. Qırx dörd günlük Vətən müharibəsini və sonrakı antiterror tədbirlərini qələbə ilə başa vuran dövlətimiz, məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi ideyası əsasında regionda dayanıqlı sülh quruculuğu prosesinin həyata keçirilməsinə start verib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu baxımdan Azərbaycanın ABŞ Prezidenti Donald Tramp tərəfindən təsis edilən Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması qanunauyğunluqdur. Prezident İlham Əliyev qlobal platformalarda daim dialoqa, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan yanaşmanı müdafiə edib. Bu isə Azərbaycanın münaqişələrin həlli, sabitliyin qorunması və təhlükəsizliyin təmin olunması sahəsində etibarlı tərəfdaş kimi qəbul edilməsini şərtləndirib. Eyni zamanda, xüsusi olaraq qeyd olunmalıdır ki, bu prosesin arxasında ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə qarşı nümayiş etdirdiyi xüsusi hörmət, eləcə də Prezident İlham Əliyevin güclü liderliyi və yüksək beynəlxalq nüfuzu dayanır. Xüsusilə hazırkı mərhələdə ABŞ və Azərbaycan liderləri arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər fonunda iki ölkə arasında siyasi və diplomatik əlaqələr sistemində mühüm müsbət dinamika müşahidə olunur.

QHT sədri qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 13-də Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirakı xüsusi qeyd olunmalıdır. Həmin sammit çərçivəsində Azərbaycanın mövqeyinə göstərilən yüksək diqqət və hörmət, eləcə də ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə nümayiş etdirdiyi xüsusi münasibət beynəlxalq etimadın bariz göstəricisi kimi dəyərləndirilməlidir. Azərbaycan sülh istiqamətində ardıcıl addımlar atan və postmünaqişə dövründə bərpa və yenidənqurma prosesini uğurla həyata keçirən ölkə kimi öz real təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşmək baxımından dünya üçün maraqlı və nümunəvi modeldir. Bu təcrübə xüsusilə münaqişə və postmünaqişə mərhələsində olan regionlar üçün praktik və dəyərli yanaşma kimi çıxış edir.

“Bu gün Cənubi Qafqazda sülhyaratma prosesinin aparıcı qüvvəsi məhz Azərbaycandır. Ölkəmiz regionda dayanıqlı sülhün təmin olunması üçün konkret təşəbbüslər irəli sürür, dialoqu və əməkdaşlığı təşviq edir. Azərbaycanın sülh müqaviləsi təşəbbüsləri, regional kommunikasiyaların açılması ilə bağlı təklifləri və təhlükəsizlik arxitekturasına dair baxışı artıq ilkin nəticələr verməklə yanaşı, konstruktiv və gələcəyə yönəlik yanaşmanın nümunəsidir.

Azərbaycanın bu sahədə topladığı təcrübə və əldə etdiyi nəticələr onun beynəlxalq sülh platformalarında daha fəal rol almasına real zəmin yaradır”,- deyə QHT sədri vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью