Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rəqəmsal texnologiyalar təhsilin məzmununu, təlim metodlarını və müəllim–tələbə münasibətlərini sürətlə dəyişdirir. Süni intellekt, rəqəmsal təhsil platformaları, onlayn kurslar, Big Data, adaptiv öyrənmə və rəqəmsal qiymətləndirmə artıq gələcəyin deyil, müasir təhsilin reallığıdır. Bu dəyişikliklər yeni nəsil müəllimdən yalnız fənn biliyi deyil, həm də rəqəmsal və süni intellekt savadlılığı tələb edir.
Bu məqsədlə tələbə və gənc müəllimlər üçün “Təhsildə rəqəmsal transformasiya” adlı YouTube kanalı yaratmaq nəzərdə tutulur. Kanalın əsas məqsədi rəqəmsal texnologiyaların təhsildə səmərəli, təhlükəsiz və məsuliyyətli istifadəsini sadə və praktik formada öyrətməkdir.
“Peşəyönümlü təhsilin inkişafına yardım” IB (PTİYİB) bu istiqamətində, ictimai əsaslarla “Təhsildə rəqəmsal transformasiya” adlı layihə icra edir. Bu innovativ təhsil layihəsinin ideya müəllifi və rəhbəri PTİYİB sədri, dosent İlham Əhmədovdur. Layihəyə bakalavr pilləsində təhsil alan 20 nəfər tələbə cəlb edilibdir. Layihə 4 onlayn təlimdən ibarətdir.
Layihə çərçivəsində tələbələrlə ilkin mərhələdə süni intellektin əsasları üzrə 2 onlayn təlim keçirilmiş, onlara süni intellekt alətlərinin köməyi ilə “Təhsildə rəqəmsal transformasiya” kursu üzrə öyrədici xarakterli elektron resursların hazırlanması yolları izah edilmişdir. Layihənin növbəti mərhələsində tələbələr hazırladıqları rəqəmsal resursları sosial şəbəkələrdə yerləşdirəcəklər. İlkin mərhələdə eyni adlı youtub kanalı yaradılcaq və bura 25 öyrədici video resurs və podkastlar yerləşdiriləcəkdir. Bu tip rəqəmsal tədris resurslarının hazırlanması və tədrisdə tətbiqi gələcək müəllimlərin və hazırda məktəblərdə çalışan gənc müəllimlərin peşəkar inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində 25 audiovizual resursla yanaşı, 25 infoqrafika tipli intellektual xətritənin də hazırlanması nəzərdə tutulur. Bu tip layihələrin icrası tələbələrdə süni intellekt alətlərinin praktik tətbiqi üzrə səriştələr formalaşdırır. Kanalın fərqləndirici cəhəti nəzəri məlumatla kifayətlənməməsi, “öyrən – tətbiq et – nəticəni qiymətləndir” prinsipinə əsaslanmasıdır. Hər mövzu mümkün qədər real dərs nümunələri, praktik tapşırıqlar və hazır rəqəmsal alətlərlə əlaqələndiriləcək. Artıq 10 video youtub kanalına yerləşdirilmişdir. Kanalın linki belədir: https://www.youtube.com/@MüasirTəlimMetodları
Beləliklə, kanal tələbə və gənc müəllimlər üçün davamlı öyrənmə mühiti yaradaraq onların rəqəmsal kompetensiyalarının, süni intellekt savadlılığının və innovativ pedaqoji düşüncəsinin inkişafına xidmət edəcək. Uzunmüddətli perspektivdə bu platformanın rəqəmsal təhsil üzrə Azərbaycan dilində açıq bilik resursuna çevrilməsi əsas hədəflərdən biri olacaq.