Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son vaxtlar ərzaq qiymətlərinin artması insanların alış-veriş seçimlərinə də təsir edir.
Ailə büdcəsinə qənaət etmək üçün daha ucuz məhsullara üstünlük verənlərin sayı artır. Bu isə gündəlik qidalanmada seçimlərin dəyişməsinə səbəb olur.
Bəs ərzaq qiymətlərinin bahalaşması insanların qida seçimlərinə və gündəlik rasionuna necə təsir edir?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida üzrə məsləhətçi, dietoloq Lamiyə Əzimova bildirib ki, ərzaq qiymətlərinin bahalaşması insanların qidalanma seçimlərini də dəyişə bilər:
"Ailə büdcəsinə qənaət edərkən ət, balıq, süd məhsulları, meyvə və tərəvəz kimi məhsulların miqdarı azala, onların yerini daha ucuz və daha çox toxluq verən məhsullar tuta bilər. Burada əsas məsələ hansı məhsulun ucuz olması deyil, ümumi qidalanma balansının qorunub-qorunmaması olmalıdır.
İnsan gündəlik rasionunda zülal, vitamin, mineral və liflə zəngin qidaları azaldıb, əvəzində un məmulatları, şəkərli, duzlu və yüksək dərəcədə emal olunmuş məhsulları artırırsa, bu, zamanla qidalanma keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər".
Onun sözlərinə görə, ucuz məhsulun mütləq keyfiyyətsiz və sağlamlığa zərərli olduğunu demək də düzgün yanaşma deyil:
"Əslində kifayət qədər münasib qiymətə həm qidalı, həm də faydalı məhsullar tapmaq mümkündür. Məsələn, mərcimək, noxud, lobya kimi paxlalılar yaxşı zülal və lif mənbəyidir. Yumurta da nisbətən əlçatan və qida dəyəri yüksək məhsullardan biridir.
Mövsümi tərəvəz və meyvələrdən istifadə etmək, bahalı məhsulların daha münasib alternativlərini seçmək də mümkündür. Yəni sağlam qidalanmaq üçün mütləq bahalı məhsullar almaq şərt deyil".
O qeyd edib ki, əsas problem insanların seçim imkanlarının daralmasıdır:
"Əgər qiymət artımı səbəbindən ailə süfrəsində müxtəliflik azalırsa və insanlar davamlı olaraq yalnız ucuz, doyurucu, lakin qida dəyəri aşağı məhsullara üstünlük verirlərsə, bu, artıq sağlam qidalanma baxımından risk yaradır.
Xüsusilə uşaqlar, yeniyetmələr və yaşlı insanlar üçün qida rasionunun keyfiyyətli və balanslı olması daha vacibdir. Çünki orqanizmin ehtiyac duyduğu vitamin və mineralların uzun müddət kifayət qədər qəbul edilməməsi ümumi sağlamlığa mənfi təsir göstərə bilər".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: qida Lamiyə Əzimova
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin