Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu məsələ dövlətin strateji hədəfləri sırasındadır
Qida təhlükəsizliyi ölkənin milli təhlükəsizliyinin, əhalinin sağlamlığı, eləcə də sosial rifahının reallaşdırılmasında xüsusi yer tutur və bu sahənin beynəlxalq standartlara uyğun tənzimlənməsində dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Eyni zamanda, mövcud sistemin müəyyən müasir qaydalara, normalara uyğun nizamlı fəaliyyətini gerçəkləşdirir, idarəetmə səmərəliliyini artırır.
Bu gün qlobal iqlim dəyişikliyinin baş verməsi, torpaqların deqradasiyası və biomüxtəlifliyin, eləcə də su ehtiyatlarının azalması ciddi narahatlıq yaradır, yeni qida məhsullarının emalı üsullarının hazırlanması, habelə baytarlıq preparatları, pestisidlər və digər kimyəvi maddələrin normadan artıq nəzarətsiz istifadəsi isə bu sahədə yeni yanaşmaların tətbiqini qarşıya mühüm vəzifə kimi qoyur. Prezident İlham Əliyevin 2026-cı il 10 sentyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləməsi də ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının gerçəkləşdirilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin, şəffaflığının artırılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi daşıyır.
Ümummilli səviyyədə yanaşma
Yeni Dövlət Proqramında vurğulandığı kimi, təhlükəsiz qida insan sağlamlığının və rifahının əsas şərtlərindən biridir. Hər kəsin təhlükəsiz qidaya, balanslaşdırılmış və sağlam qidalanmaya çıxış əldə etməsi fundamental insan hüququ olsa da, dünyanın bir çox ölkəsində əhali hələ də bu hüquqdan tam şəkildə yararlana bilmir. Buna görə də ictimai sağlamlığa və ümumi inkişaf proseslərinə ciddi təsir göstərən qida mənşəli xəstəliklər getdikcə artır.
Tərkibində zərərli səviyyədə bakteriyalar, viruslar, parazitlər, kimyəvi və ya fiziki çirkləndiricilər olan qidalar beynəlxalq miqyasda 200-dən artıq xəstəliyə, hətta bəzi hallarda daimi əlilliyə və ya ölümə gətirib çıxara bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, hər il 600 milyon insanın çirklənmiş qida səbəbindən xəstələnməsi və nəticədə dünya üzrə 420 min ölüm faktının qeydə alınması müşahidə olunur.
ÜST-ün hazırladığı “2022−2030-cu illər üçün Qida Təhlükəsizliyi üzrə qlobal Strategiya” da üzv dövlətlərə qida təhlükəsizliyi sistemlərinin davamlı şəkildə gücləndirilməsi və beynəlxalq əməkdaşlığın təşviqi yolu ilə qida mənşəli xəstəliklərin yaratdığı yükün azaldılması istiqamətində fəaliyyəti prioritetləşdirmək, planlaşdırmaq, həyata keçirmək, monitorinq aparmaq və mütəmadi qiymətləndirmək məqsədi daşıyır.
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı” da məhz bu baxımdan mühüm önəmə malikdir. Proqram, eyni zamanda, maraqlı tərəflərə milli qida təhlükəsizliyi sistemlərini gücləndirmək və dünya üzrə tərəfdaşlarla əməkdaşlığın inkişafını önə çəkmək üçün zəruri layihələri də diqqətə çatdırır. Bütün bunlarla yanaşı, bu sənəd Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) böyük töhfə verəcəyi inamını yaradır.
Yeni Dövlət Proqramında bildirilir ki, iqlim dəyişikliyi nəticəsində temperaturun yüksəlməsi quraqlıqların, daşqınların və ekstremal hava dəyişkənliyinin ekosistemə təsiri ilə bərabər, zərərvericilərin və patogen mikroorqanizmlərin bioloji yayılma riskini artırır, bu isə qida təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Eyni zamanda, qida məhsullarının yığımı, saxlanması və daşınması mərhələlərində istilik və rütubət balansının pozulması bioloji çirklənmə riskini gücləndirir. Bu narahatlıqlar fonunda bir çox ölkələrdə iqlim amillərini nəzərə alan qida təhlükəsizliyi strategiyası hazırlanır.
İnkişaf etmiş ölkələrdə qida zəncirinin bütün mərhələlərində temperatura və rütubətə həssas izləmə sistemlərindən yararlanmaqla müasir istehsal texnologiyaları tətbiq olunur. Erkən xəbərdarlıq sistemləri vasitəsilə iqlim amillərinin qida təhlükəsizliyinə təsiri qabaqcadan təhlil olunur və preventiv tədbirlər planlaşdırılır.
Ekspertlərin fikrincə, sürətlə dəyişən həyat tərzi, urbanizasiya və güclü qida marketinqi istehlakçıların qidalanma vərdişlərini də əhəmiyyətli dərəcədə dəyişir. Hazır, eləcə də emal olunan qidalara tələbatın artması, “fast-food” istehlakının geniş yayılması, həmçinin onlayn sifariş və çatdırılma xidmətlərindən istifadənin çoxalması bir çox hallarda həm qeyri-sağlam qidalanmaya, həm də qida məhsullarının saxlanma və daşınma mərhələlərində çirklənmə risklərinin artmasına gətirib çıxarır.
Bununla yanaşı, ehtiyacdan çox qida məhsulunun alınması və ya sifariş edilməsi, etiketə nəzər yetirilməməsi, xüsusilə son istifadə tarixini oxuma vərdişinin zəif olması nəticəsində qida israfı həm məişətdə, həm də iaşə müəssisələrində getdikcə artır. Bu isə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir, eyni zamanda, düzgün saxlanılmayan və ya istifadə müddəti bitən məhsulların istehlakı səbəbindən qida təhlükəsizliyi riskləri ciddi narahatlıq doğurur.
Bu problemlərin həlli üçün bir sıra ölkələrdə sağlam və təhlükəsiz qidalanma vərdişlərini təşviq edən maarifləndirmə kampaniyaları keçirilir. Qida israfının azaldılması məqsədilə iri market şəbəkələri, restoranlar və istehsalçılar tərəfindən artıq qida məhsullarının paylaşılması üzrə platformalar yaradılır. Eyni zamanda, uşaq bağçalarında və məktəblərdə sağlam və təhlükəsiz qidalanma vərdişlərinin təşviqi uzunmüddətli davranış dəyişikliyi ilə nəticələnir. Bu yanaşmalar sayəsində həm qida təhlükəsizliyi, həm də ətraf mühitin mühafizəsi güclənir.
Qida məhsullarının bəyan edildiyindən fərqli tərkibdə istehlakçılara təqdim olunması, mənşəyə dair məlumatların yanlış verilməsi, son istifadə tarixlərinin düzgün göstərilməməsi kimi saxtalaşdırma halları da daha çox rast gəlinən problemlər sırasında yer alır. Məhsulların saxtalaşdırılması istehlakçının aldadılması ilə bərabər, həm də qida məhsulunun insan sağlamlığı üçün təhlükə yaratmasına səbəb olur.
Bu problemin aradan qaldırılması istiqamətində son illər beynəlxalq miqyasda istehsalçıların etik və sosial məsuliyyətli istehsal prinsiplərinə uyğun fəaliyyətə təşviq edilmələri müşahidə olunur. Belə ki, məhsulların düzgün qaydada etiketlənmə, izlənilmə sistemi, eləcə də təhlükəsizliyə nəzarət mexanizmlərinin tətbiqi zəruri tələb kimi diqqətdə saxlanılmaqla bərabər, eyni zamanda, istehlakçı inamının, o cümlədən rəqabətqabiliyyətliliyin gerçəkləşdirilməsi üçün vacib şərtlərdən hesab edilir.
Bütün bunlara baxmayaraq, dünyada ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə prioritet istiqamət kimi yanaşılır. Yeni Dövlət Proqramında da proqnozlara əsaslanılaraq bildirilir ki, beynəlxalq miqyasda 2030-cu ilədək qida məhsullarına tələbatın 50 faiz artacağı gözlənilir. Bu isə kompleks qida-təchizat zəncirinin daha da mürəkkəbləşməsi ilə nəticələnir. BMT-nin məlumatında aqroqida məhsulları ticarəti şəbəkəsinin özəyini bir neçə ölkənin (Amerika Birləşmiş Ştatları, Niderland, Almaniya, Fransa, Böyük Britaniya və s.) təşkil etdiyi vurğulanır. Bu ölkələrin aqroqida sektorunun dünya bazarı üzrə 77 faizinə nəzarət edildiyi deyilir. Bunun səbəbi isə qida məhsullarında aşkarlanan çirkləndiricilərin mənbəyinin müəyyənləşdirilməsi və izlənilməsi prosesinin xeyli çətinləşməsi ilə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, qida təhlükəsizliyi sahəsində qlobal meyillər ölkəmizin sosial-iqtisadi inkişafına və ictimai sağlamlığa da birbaşa təsir göstərir. Başqa sözlə, əhali artımı, urbanizasiya, istehlak vərdişlərinin dəyişməsi və qloballaşan tədarük zəncirləri təhlükəsiz və keyfiyyətli qida məhsullarına tələbatı artırır. Buna görə “Vahid sağlamlıq” konsepsiyasının tətbiqi, erkən xəbərdarlıq və rəqəmsal izlənilmə sistemlərinin inkişafı prioritet istiqamət olaraq diqqət çəkir. Eyni zamanda, ekoloji cəhətdən təmiz və bitki əsaslı qida məhsullarına qlobal tələbat respublikamızın aqrar sektorunda keyfiyyətli istehsalın, ixrac potensialının və rəqabətqabiliyyətliliyin gücləndirilməsini şərtləndirir.
Aydın məqsədlər, məsul vəzifələr
Ölkədə qida təhlükəsizliyi sahəsində mühüm uğurların əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir. Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çətinliklərin isə nəzərə çarpması qida təhlükəsizliyinin gerçəkləşdirilməsinin əsas problemləri sırasında diqqət çəkir.
Bununla yanaşı, qlobal iqlim dəyişmələrinin yaratdığı yeni biotəhlükəsizlik riskləri qida təhlükəsizliyi sahəsində səmərəli nəzarət və idarəetmə mexanizmlərinin tətbiqini çətinləşdirir. Buna görə də qida təhlükəsizliyinin təmin edilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda, yerli məhsulların ixrac potensialının artırılması istiqamətində əhəmiyyətli irəliləyişlərə yol açır.
Prezident İlham Əliyevin 2019-cu il 29 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019−2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, onun uğurlu icrası, habelə idarəetmədə paralelliyin aradan qaldırılması məqsədilə vahid səlahiyyətli qurum kimi Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, “Qida təhlükəsizliyi haqqında” Qanunun qəbul olunması ilə bu sahədə sistemli və səmərəli tədbirlər görülüb.
Bundan başqa, ölkədə “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üzrə Dövlət Proqramı”nın uğurla icrası nəticəsində qida təhlükəsizliyinin gerçəkləşdirilməsi və yerli məhsulların ixrac imkanlarının artırılması istiqamətində müsbət nəticələr əldə olunub. Eyni zamanda, sanitariya, baytarlıq və fitosanitar normaların beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə bir sıra texniki normativ-hüquqi aktlar hazırlanaraq təsdiqlənib.
Adıçəkilən Dövlət Proqramının icrası dövründə müvafiq sahədə aparılan yoxlamalar, monitorinqlər, zəhərlənmələrlə bağlı araşdırmalar, sertifikatlaşdırma və idxal-ixrac əməliyyatlarının təhlili, laborator müayinələrin nəticələrinin təhlili əsasında ölkənin əsas qida təhlükəsizliyi problemləri müəyyənləşdirilib. Həmin problemlər üzrə elmi qiymətləndirilmə aparılıb, risklərin idarə edilməsinə dair tədbirlər planları hazırlanaraq icrasına başlanılıb. Sözügedən agentlik tərəfindən hər bir qida zəhərlənməsi faktının ayrılıqda araşdırılması aparılıb, müvafiq ekspertizalar nəticəsində zəhərlənməyə səbəb olan amillər müəyyənləşdirilib və normativ-hüquqi aktlara uyğun digər tədbirlər həyata keçirilib.
Aparılan nəzarət tədbirləri hesabına təsdiqini tapmış zəhərlənmə hallarının sayı 2019-cu ilə nisbətən 2025-ci ildə 75 faiz azalıb. Ölkədə qida təhlükəsizliyi ilə bağlı mövcud problemlərin, eləcə də təhlükələrin, baş verən zəhərlənmə hallarının və daxil olan istehlakçı şikayətlərinin təhlili nəticəsində hazırlanmış “Qida təhlükəsizliyi problemlərinə dair Multimonitorinq Planı” çərçivəsində qurum tərəfindən müxtəlif istiqamətlər üzrə monitorinqlər aparılıb. Həmin Dövlət Proqramı üzrə xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və b.) sağlam qidalanmasının reallaşdırılması məqsədilə “Məktəblilər üçün süd” və “Məktəblilər üçün kişmiş” pilot layihələri həyata keçirilib.
Agentlik fəaliyyətə başladığı dövrdən etibarən qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən qida subyektlərinə məxsus 90 min qida obyekti və subyekti qida təhlükəsizliyi qeydiyyatına alınaraq Qida Təhlükəsizliyi Reyestrinə daxil edilib. Sahibkarlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemində müvafiq altsistemlər yaradılıb və fəaliyyəti gerçəkləşdirilib. Sahibkarlara göstərilən xidmətlərin elektronlaşdırılması və əlçatanlığın reallaşdırılması məqsədilə agentlik tərəfindən 2 xidmət sahəsi Elektron Hökumət İnformasiya Sistemində yerləşdirilib.
İndiyədək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla adıçəkilən qurum tərəfindən 23 min 500 yoxlama həyata keçirilib və aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. “Qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi Qaydası” Nazirlər Kabinetinin 2023-cü il 13 aprel tarixli qərarı ilə təsdiqlənib. Hazırda bu qaydanın tələblərinə uyğun olaraq, müəssisələr üzrə izlənilmə sisteminin mərhələli şəkildə tətbiqinə başlanılıb.
Yeni Dövlət Proqramında qida təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə bağlı perspektivdə bir sıra layihələrin icrası da planlaşdırılıb. Belə ki, sənəddə, ilk növbədə, qabaqcıl beynəlxalq təcrübə əsasında heyvan və bitki sağlamlığı sahələrində normativ-hüquqi bazanın müasirləşdirilməsi, qida zəncirinə nəzarət sistemində infrastruktur təminatına xüsusi əhəmiyyət verilməsi, habelə laboratoriya xidmətlərinin təkmilləşdirilməsi kimi məsələlərin həlli önə çəkilib. Eyni zamanda, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində elm, təhsil və kadr potensialının gücləndirilməsi, bitki sağlamlığına və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi prioritetlər sırasında yer alıb.
Bütün bunlarla yanaşı, perspektivdə “Vahid sağlamlıq” konsepsiyasının tətbiqinin genişləndirilməsi, qida zəncirinə nəzarət sahəsində innovativ üsullardan istifadəyə diqqətin artırılması, qida məhsulları ilə bağlı idxal, ixrac əməliyyatlarında nəzarətinin, habelə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, istehlakçıların sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi kimi məsələlərin həlli qarşıya qoyulan mühüm prioritetlər sırasında yer alıb.
Vaqif BAYRAMOV
XQ