Qida yuxuya təsir edir? EKSPERT AÇIQLADI

03.06.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qidanın yuxuya təsiri birbaşa xarakter daşıyır. El arasında belə bir deyim var ki, “ac adam yata bilməz”. Bu, sadəcə xalq arasında deyilən bir ifadə deyil, eyni zamanda elmi əsasları olan bir məsələdir. İnsan ac olduqda bu vəziyyət həm stress hormonlarına, həm yuxu hormonlarına, həm də rahatlıq hissini təmin edən mexanizmlərə təsir göstərir".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu baxımdan qidalanma insanların gecə yuxusunun keyfiyyətinə birbaşa təsir edir: "Bu gün insanlar üçün normal hesab olunan 7-8 saatlıq yuxu rejimi getdikcə daha çox pozulur. Bunun əsas səbəblərindən biri də düzgün olmayan qidalanmadır. İnsanlar gecə saatlarında, xüsusilə saat 1, 2 və ya 3 radələrində müxtəlif fast-food məhsulları, yağlı yeməklər, yüksək kalorili və karbohidratla zəngin qidalar qəbul edirlər. Bununla yanaşı, qazlı, enerjiverici və kofeinli içkilərdən istifadə olunur. Daha sonra isə yuxusuzluqdan, gec yatmaqdan və ya keyfiyyətsiz yuxudan şikayət edirlər.

Əslində, yuxuya müsbət və mənfi təsir edən qidalar haqqında əksər insanlar müəyyən məlumatlara malikdir. Məsələn, kofein tərkibli məhsullar – qəhvə, kakao və enerji içkiləri – yuxunun pozulmasına səbəb ola bilər. Buna görə də uzun məsafə qət edən sürücülər və gecə işləyən insanlar ayıq qalmaq üçün bu məhsullardan istifadə edirlər.

Digər tərəfdən, yağlı və ağır həzm olunan qidalar da yuxunun keyfiyyətini aşağı salır. Xüsusilə gecə saatlarında kabab, qızartma və çox yağlı yeməklərin qəbulu mədənin fəaliyyətini çətinləşdirir və insanın rahat yatmasına mane olur. Buna görə də mütəxəssislər yatmazdan ən azı iki saat əvvəl qidalanmağı tövsiyə edirlər.

Bəzən insan yatmaq istəsə də, qarın nahiyəsində ağırlıq, köp və ya ağrı hiss edir. Bu da əksər hallarda gec saatlarda qəbul edilən ağır yeməklərlə bağlı olur.

Yuxuya müsbət təsir edən qidalar da mövcuddur. Süd məhsulları, xüsusilə qatıq, yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Həmçinin qoz-fındıq kimi çərəzlər də yuxuya mane olmur və orqanizmin rahatlamasına kömək edir. Banan da bu baxımdan faydalı qidalardan hesab olunur. Onun tərkibində olan maqnezium sinir sistemini sakitləşdirməyə və əzələlərin boşalmasına kömək edir. Bu isə rahat yuxuya getməyi asanlaşdırır.

Bu baxımdan ağır və yağlı qidaların gecə saatlarında qəbulundan çəkinmək lazımdır. Çünki bu cür qidalar həm mədə-bağırsaq sisteminə, həm də yuxunun keyfiyyətinə mənfi təsir göstərir.

Beləliklə, sağlam və keyfiyyətli yuxu üçün düzgün qidalanma vacib şərtlərdən biridir. Gecə saatlarında yüngül qidalar qəbul etmək, qazlı və spirtli içkilərdən, eləcə də kofein tərkibli məhsullardan uzaq durmaq tövsiyə olunur. Ardıcıl şəkildə qəhvə içmək, enerji içkilərindən istifadə etmək və ağır yeməklər yemək isə yuxunun pozulmasına və ümumi sağlamlığın zəifləməsinə səbəb ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью