Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bütün qidalar protein, karbohidrat, mineral... tərkibinə görə bir-birindən fərqlənir. Buna görə də, onları bu xüsusiyyətlərinə görə qruplara ayırırlar. İndi isə bu qruplarla daha yaxından tanış olaq.
Çörək qrupu (karbohidratlar):
Taxıl və taxıl məhsulları, paxlalı bitkilər, həmçinin kartof bu qrupa daxildir. Bu qrupdakı qidalar bizi tiamin (B1) və niasin (B3) kimi B qrupu vitaminləri ilə təmin edir. Bu vitaminlər qidalardakı enerjini bizə lazım olan enerjiyə çevirir. Tərkibində yağ yoxdur. Bəzi növlərində B qrupu vitaminləri və minerallar digərlərindən çoxdur.
Meyvə və tərəvəz qrupu (minerallar):
Bu qrupdakı qidalar bizi sağlam həyat üçün lazım olan minerallarla (dəmir, sink, yod, mis və s.), həmçinin, A və C vitaminləri ilə təmin edir. Minerallar həm hüceyrələrimiz, həm dərimiz, həm də sümüyümüz üçün vacibdir. Məsələn, dəmir qan yaradan bir mineraldır. Sink isə orqanizmimizi mikroblardan qoruyur. A vitamini isə gözün yaxşı görməsi və dərinin sağlam olması üçün vacibdir. C vitamini də bizi xəstəliklərdən qoruyur və xəstəliklərin daha tez sağalmasına kömək edir. Bundan başqa, A və C vitaminləri bizi kanserogen maddələrdən də qoruyur. Tərkibində yağ yoxdur.
Ət qrupu (proteinlər):
Bu qrupa əsasən ət, toyuq, yumurta, balıq və s. daxildir. Ət qrupu bizi əsasən protein, B qrupu vitaminləri, dəmir və sink kimi minerallarla təmin edir. Yüksək keyfiyyətli protein və heyvan yağı mənbəyi olsa da, tərkibində karbohidrat yoxdur. Protein orqanizmimizin təməl daşıdır. Əzələ toxumalarını gücləndirir, həmçinin zədələnmiş toxumaları təmir edir. Ət qrupu inkişaf dövründə olan uşaqlar üçün çox vacibdir.
Süd qrupu (proteinlər):
Bu qrupa daxil olan qidalar (süd, qatıq, pendir və s.) protein, kalsium və riboflavin (B2) vitamini ilə zəngindir. Digər qruplarla müqayisədə bu qrupda karbohidrat, yağ və protein tərkibi bərabərdir. Kalsium sümüyün inkişafı üçün vacib olan bir mineraldır. Süd qrupu da ət qrupu kimi inkişaf dövründə olan uşaqlar üçün çox vacibdir.
Yağ və şəkər qrupu (yağlar):
Heyvan və bitki yağları, həmçinin, şəkər bu qurupun əsas üzvlərindəndir. Bu qrupa daxil olan qidalar yüksək enerji mənbəyidir. Yağ və şəkər qrupu bizi A, D, E və K kimi vitaminlərlə təmin edir. Ancaq bütün bunlara baxmayaraq, bu qrupa daxil olan qidalardan həddindən çox istifadə edilməməlidir.
Murad Məmmədov