Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Milli mətbuatın 151-ci ildönümü günlərində Azərbaycan jurnalist qrupu Qırğızıstanda təşkil olunan mediaturda iştirak edib. Səfəri Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə onun mətbuat katibi Askat Alagözov Azərbaycan–Qırğızıstan əməkdaşlığını daha da dərinləşdirmək məqsədilə təşkil edib.
Proqram iki ölkənin media nümayəndələri arasında peşəkar əlaqələrin genişləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ictimai diplomatiyanın inkişafına yönəlib.
Mediatur çərçivəsində jurnalistlər əvvəlcə ölkənin turizm məkanlarından biri olan “Ala-Arça” təbiət parkını ziyarət edib, daha sonra Qırğız Respublikasının “Kabar” dövlət xəbər agentliyinin fəaliyyəti ilə tanış olublar. Agentlikdə qonaqlara qurumun tarixi, fəaliyyəti və iş prinsipləri barədə məlumat verilib.
Mediaqrupun növbəti dayanacağı Qırğızıstanın ən böyük televiziya və radio yayım qurumu olan Qırğızıstan Milli Yayım Korporasiyası olub. Burada qonaqlar üçün korporasiyanın fəaliyyəti, yayım imkanları və proqram şəbəkəsi barədə təqdimat keçirilib. Qeyd olunub ki, KTRK siyasət, idman, təhsil, uşaq proqramları, eləcə də əyləncəli və musiqili verilişlər daxil olmaqla geniş məzmun spektri təqdim edir. Görüş tanınmış qırğız ifaçıların iştirakı ilə təşkil olunan konsert proqramı ilə yekunlaşıb.
* * *
Dünən jurnalistlər İssık-Kul vilayətinin Kırçın vadisində olublar. Burada onlar “Salburun” təşkilatının üzvlərinin ifasında qırğız xalq musiqisini dinləyib, ənənəvi atüstü yarışları, şahinlərlə ov və oxatma nümayişlərini izləyiblər. Mediatur çərçivəsində jurnalistlər avqust ayında keçiriləcək Dünya Köçəri Oyunlarının əsas məkanı olan Kırçın vadisindəki etno-şəhərciyə baş çəkiblər. Onlar burada qurulmuş ənənəvi qırğız yurtlarını ziyarət edib, yerli əhalinin köçəri həyat tərzi, milli mətbəxi, xalq sənəti nümunələri və əl işləri ilə yaxından tanış olublar.
Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Askaralı Madaminov bildirib ki, hazırlıq işlərinin avqustun əvvəlində başa çatdırılması planlaşdırılır. Kırçın vadisi hələ 2014-cü ildən etibarən tarixi əhəmiyyətinə görə Dünya Köçəri Oyunlarının əsas məkanı kimi seçilib.
Bu cür təşəbbüslər jurnalistlər arasında peşəkar əlaqələrin qurulmasına, obyektiv informasiya mühitinin formalaşmasına və humanitar əlaqələrin möhkəmlənməsinə xidmət edir. Oxşar layihələrin daha əvvəl Qazaxıstan, Özbəkistan və Tacikistan media nümayəndələri üçün də təşkil olunduğu bildirilir.
Tacir SADIQOV
XQ