Qırx il əvvəlin həqiqətləri

30.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yetmişinci illərdə hamı Heydər Əliyevin islahat və çağırışlarını alqışlayırdı 

Kremldən qorxanlar isə  istənilən addımı atanda  “yüz ölçüb bir biçirdilər” 

O qədər də uzaq tarix olmadığına görə hamının yadındadır.  Ulu öndər Heydər Əliyev 1970-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə neqativ hallara, korrupsiyaya, rüşvətxorluğa və idarəçilikdəki nöqsanlara qarşı barışmaz və qətiyyətli mübarizə aparırdı. 1969-cu ildə ölkə rəhbərliyinə  gələn böyük dövlət xadimi respublikanın iqtisadi geriliyinin əsas səbəblərindən birinin məhz idarəetmədəki qanunsuzluqlar olduğunu bəyan edərək köklü islahatlara başlamışdı. Mövcud nöqsanlara qarşı mübarizənin əsas istiqamətləri koorrupsiya və rüşvətxorluqla barışmazlıq, vəzifə səlahiyyətlərindən sui-istifadənin ifşa edilməsi, dövlət əmlakını mənimsəyən rəsmi şəxslərin  qətiyyətlə cəzalandırılması və digər bu kimi mütərəqqi addımlar idi. 

Həmin islahatlar ölkənin ədəbiyyat və incəsənətində də öz əksini tapırdı.  Bir neçə nəsr və ekran əsərində  Heydər Əliyev islahatlarının təsiri açıq-aydın görünürdü.  Yadımdadır, həmin illərdə  nöqsanlara qarşı mübarizəni ön plana çəkən əsərlərdən biri də yazıçı-dramaturq  Arif  Mədətovun “Həqiqət” pyesi idi.  Təsadüfi deyil ki, görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Yaşar Qarayev dramaturq Arif Mədətovun yaradıcılığına yüksək qiymət vermiş və onun Azərbaycan teatrlarında uğurla səhnələşdirilən ilk dram əsəri olan “Həqiqət” pyesi haqqında müsbət fikirlər, ədəbi-tənqidi rəylər yazmışdır.

Mövcud elektron resurslarda oxuyuruq ki, Yaşar Qarayev Azərbaycan dramaturgiyası və teatr tənqidi sahəsində fundamental tədqiqatların müəllifidir. O, ədəbi prosesi yaxından izləyən bir alim kimi, Arif Mədətovun həm bu debüt əsərini (“Həqiqət”), həm də sonrakı dramatik axtarışlarını diqqətdə saxlamışdır. Xatırladaq ki, adı çəkilən pyesin səhnə taleyi uğurlu olmuşdur. Belə ki, bu əsər ölkənin  bir çox dövlət və regional teatrlarında uğurla tamaşaya qoyulmuşdur. Pyesin əsas mövzusu mənəvi-əxlaqi dəyərlər, cəmiyyətdə doğrunun və dürüstlüyün (həqiqətin) axtarışı motivləri idi. Bildirilir ki, professor Yaşar Qarayevin dramaturgiya ilə bağlı rəyləri, o cümlədən bu pyesə yanaşması, gənc müəlliflərin peşəkar teatr mühitinə inteqrasiya etməsində və ədəbi dilin formalaşmasında mühüm tənqidi istiqamətverici rol oynamışdı.

Başqa bir mənbədə isə oxuyuruq ki, Azərbaycanın Xalq artisti, görkəmli teatr rejissoru Ağakişi Kazımov da Arif Mədətovun “Həqiqət” pyesi haqqında yüksək rəy verərək, əsərin ideya-bədii xüsusiyyətlərini və dramaturji çəkisini qiymətləndirmişdir. 

Böyük sənətkar  bu pyes haqqında konkret olaraq aşağıdakı fikirləri vurğulamışdır: “Həqiqət pyesi bizim bütöv bir mərhələmizi əks etdirən kamil sənət əsəridir.” Ağakişi Kazımov bu  əsərin bədii dilinin mükəmməlliyini və dövrün reallıqlarını dolğun şəkildə səhnəyə daşımaq gücünü xüsusi qeyd etmişdir. O,  vurğulamışdır ki, müəllif bu dramaturji materialda insan mənəviyyatının, daxili təmizliyinin və cəmiyyətdəki ədalət prinsiplərinin qorunmasını ön plana çıxarır. Ağakişi Kazımovun fikrincə, adı çəkilən pyesin mükəmməl dialoqlara malik olması  rejissor işi üçün geniş yaradıcılıq imkanları açır. Fikrimizcə, bu rəy, Arif Mədətovun dramaturq kimi yaradıcılığının professional teatr xadimləri tərəfindən necə qəbul olunduğunu və pyesin Azərbaycan teatr məkanındakı bədii dəyərini sübut edən mühüm mənbələrdən biridir.

Xatırladaq ki,  professor Abid Tahirli də  dramaturq və filoloq Arif Mədətovun yaradıcılığına, xüsusən də onun pyeslərinə yüksək qiymət vermişdir.

İndi qayıdaq yazının ikinci sərlövhəsinə. “Həqiqət” pyesi həmin illərdə Agdam Dövlət teatrına da təqdiim edilmişdir.  İlk oxunuş zamanı rejissor və aktyor heyəti tərəfindən “Həqiqət” pyesinin ideya xətti, personajların psixoloji portreti və daxili münaqişələri araşdırılmış, səhnə imkanları qiymətləndirilmiş, əsərin gələcəkdə teatrın rəsmi repertuarına daxil edilərək tam tamaşa halına gətirilmə potensialı yoxlanılmışdır. Hətta, aktyor plastikasının hazırlanması, rolların sözaltı mənalarının (subtext) tapılması və personajların nitq xüsusiyyətlərinin formalaşdırılması təmin edilmişdir. Qeyd olunmuşdur ki, Ağdam Teatrının yaradıcı heyəti bu növ oxunuşlar vasitəsilə həm yerli dramaturgiyanı dəstəkləyir, həm də gələcək mövsümlər üçün yeni bədii materiallar hazırlayır. 

 Sonda isə bu pyes Ağdam Teatrının repertuarına daxil edilməmişdir. Çünki “əsərdə  cəmiyyətin çoxsaylı nöqsanları öz əksini tapırdı” .  Bu iradı ortaya qoyanlar unudurdular ki, həmin çoxsaylı nöqsanların  aşkarlanaraq ifşa edilməsinin əsas müəllifi məhz Heydər Əliyev idi. Ağdamda ortaya qoyulan bu münasibətin əsas səbəbi teatr rəhbərliyinin ürəyində kök salmış Kreml qorxusu idi.

Onu da vurğulayaq ki,  “Həqiqət” pyesindən sonra Azərbayvcan Milli Dram Teatrında Arif Mədətovun  “Şeytan” və  “Aylı gecə” tamaşaları da uğurla səhnələşdirilmişdir. Gürcüsatanın Kutaisi teatrı da “Aylı gecə” tamaşasını müvəffəqiyyətlə tamaşaya qoymuşdur. Bundan başqa Arif Mədətovun “Sezarın qətli” , M.F.Axundovun həyatından bəhs edən “İdrak işığı” tamaşaları da müxtəlif vaxtlarda  tamaşaçılara  təqdim olunub.

Müəllifin özünə gəlincə isə, o, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Milli Mədəniyyətin Təbliği Mərkəzinin direktoru və “Uğur” Milli Mükafatının təsisçisidir.  

İttifaq  MİRZƏBƏYLİ,

Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью