Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qış təkcə soyuq hava, çovğun və şaxta demək deyil. Qış xalq yaddaşında zamanın sınağı, təbiətlə insanın səbir yarışıdır. Bu sınağın ən maraqlı mərhələlərindən biri də kiçik çillədir. Böyük çillənin sərt və amansız günlərindən sonra gələn kiçik çillə, sanki, qışın öz gücünü bir daha sınamaq istədiyi, amma artıq yorulduğu bir dövrdür. Bu çillə nə qədər soyuq olsa da, içində gizli bir nəzarət, bahar nəfəsi duyulur.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün boz ay adlanır. Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın 21-dək kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.
Adətən böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda, qar yağır.
Ona görə də kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur.
Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı keçirilir, qovurğa qovrulur, hədik və digər yeməklər bişirilir. “çillə” sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. Xalq arasında belə bir deyim var: “böyük çillə yerə sancar, kiçik çillə sümüyə işləyər.” Bu ifadə təkcə havanın soyuqluğunu yox, həm də həyatın çətinliklərini, dözümlülüyü simvolizə edir.
Xalq inanclarına görə, kiçik çillə böyük çillədən fərqli olaraq, daha hiyləgərdir. Bir gün günəş üzünü göstərər, ertəsi gün şaxta yenidən hökmünü sürər. El arasında “kiçik çillə aldatdı” deyimi də məhz bu dəyişkən xarakterdən yaranıb. Təbiətin bu qeyri-sabit davranışı kənd təsərrüfatı ilə məşğul olan insanlar üçün həmişə diqqət mərkəzində olub. Çünki kiçik çillənin hər günü torpaqla bağlı qərarların, səbrin və müşahidənin sınağı sayılıb.
“Çillə çıxmamış bahara bel bağlama” deyimi bu gün də aktuallığını qoruyur. Bu, xalqın təbiətlə apardığı uzunmüddətli müşahidələrin nəticəsi olan bir həyat dərsidir.
Qeyd etdiyimiz kimi, kiçik çillə dövrü xalqın məişətində, adət-ənənələrində də öz əksini tapıb. Keçmişdə bu günlərdə insanlar daha çox ev işləri ilə məşğul olar, ailə süfrələri ətrafında toplaşar, nağıl və dastanlara qulaq asardılar. Qış gecələri sözün, yaddaşın və birliyin qorunduğu zaman idi. Bu baxımdan, kiçik çillə həm də milli-mənəvi dəyərlərin ötürüldüyü mühüm bir mərhələ sayılır.
Bu gün müasir həyat tərzi, texnologiyanın inkişafı, şəhər həyatının sürəti bizi təbiət ritmlərindən bir qədər uzaq salsa da, kiçik çillə anlayışı hələ də xalq düşüncəsində yaşayır. Çünki bu anlayış sadəcə hava hadisəsi deyil, həyat fəlsəfəsidir. Səbir etməyi, gözləməyi, zamanın hökmünə hörmətlə yanaşmağı öyrədir.
Kiçik çillə bizə xatırladır ki, qış nə qədər sərt olsa da, bahar mütləq gəlir. Əsas olan bu keçid dövrünü anlayışla, səbirlə və ümidlə qarşılamaqdır. Təbiətin bu sükutlu, soyuq, amma mənalı günləri insanı özü ilə baş-başa qoyur, onu düşünməyə vadar edir. Kiçik çillə – qışın son sınağı, baharın isə ilk vədi kimi yaddaşımıza həkk olunur. Və bu vəd xalqın minillik yaddaşında hələ uzun illər yaşayacaq.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Azərbaycana bu il yaz fəsli martın 20-də yerli vaxtla saat 13:37-yə təsadüf edəcək. Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
Yer oxunun ekvator müstəvisinə meyilliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Bu il ilk çərşənbə fevralın 23-də - Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
N.ADİLQIZI
XQ