Qış təkəri məcburidirmi? Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA

27.01.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qış təkəri hazırda Azərbaycanda məcburi deyil. Hazırda Yol Polisi bu mövzuda əsasən tövsiyə xarakterli çıxışlar və müraciətlər edir. Lakin bəzi sürücülər bu tövsiyələri qulaqardına vurur. Mövcud proses bu şəkildə davam edərsə, gələcəkdə qanunvericilikdə qış təkərləri ilə bağlı dəyişikliklərin edilməsi və bu tələbin məcburi xarakter alması istisna deyil. Belə bir dəyişiklik olacağı təqdirdə, qış təkərlərinin istifadəsi məcburi hala gələ bilər”.

Avtosfer.az xəbər verir ki, bu sözləri Operativ Media-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. 

O bildirib ki, əslində, qış təkərlərinin istifadəsi dünyanın bir çox ölkəsində qəbul edilmiş normadır və bu tələblər polis tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılır:

“Çünki yol-nəqliyyat hadisələrinin baş verməsində, xüsusilə payız-qış aylarında qeydə alınan qəzaların əhəmiyyətli hissəsində keyfiyyətsiz təkərlərin rolu böyükdür.

Bu baxımdan məsələyə diqqət çəkilməsi vacibdir. Lakin hazırda Azərbaycanda qanunvericilik qış təkərlərinin istifadəsini birbaşa tənzimləmir. Mövcud tələblər əsasən təkər protektorları ilə bağlıdır. Şinlərin ölçüsü, protektorların hündürlüyü və digər texniki göstəricilər normativlərdə öz əksini tapır.

Buna baxmayaraq, qış təkəri mövzusu aktual olaraq qalır. İstərdim ki, sürücülər qanunvericilikdə hər hansı dəyişiklik baş vermədən bu məsuliyyəti dərk etsinlər. Qış təkərləri olmadıqda, heç olmasa dörd fəsil üçün nəzərdə tutulan, daha keyfiyyətli təkərlərdən istifadə etsinlər. Əgər təkərlərə güvənmirlərsə, qarlı və buzlu havalarda yola çıxmaqdan çəkinmələri daha məqsədəuyğundur.

Təəssüf ki, bəzən yay mövsümündə belə asfalt üzərində güclə dayanan təkərlərlə qış şəraitində yola çıxan sürücülərə rast gəlinir. Nəticədə qarlı yollarda idarəetmə itirilir, qəzalar baş verir və təhlükəli vəziyyətlər yaranır. Bu cür yanaşma düzgün deyil. Görünən odur ki, proses tədricən qanunvericilikdə bu məsələnin tənzimlənməsinə doğru gedir”.

Oxunub 20

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью