Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Milli Qəhrəman Seymur Qəhrəman oğlu Məmmədovun doğum günüdür
Cəmi 21 il ömür sürməsinə baxmayaraq, Şuşa və Füzuli istiqamətlərində aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlıqla adı xalqımızın yaddaşına əbədi olaraq həkk olunmuşdur.
Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi müstəsna şücaət və fədakarlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş cəsur vətən oğludur.
1990-cı illərin əvvəllərində Qarabağda vəziyyətin kəskinləşməsi və erməni hərbi birləşmələrinin torpaqlarımıza təcavüzü Seymuru rahat qoymamışdır. Təhsilini yarımçıq qoyaraq 1991-ci ilin sonlarında öz istəyi ilə cəbhəyə–özünümüdafiə batalyonlarının tərkibinə yollanmışdır.
Seymur 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində anadan olub. 1978-ci ildə 2 saylı orta məktəbə daxil olmuş, 1988-ci ildə məktəbi bitirərək həmin il Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə qəbul olunmuşdur. Eyni zamanda, Füzuli şəhər rabitə şöbəsində işləyirdi.1991-ci ildə hərbi xidmətə çağırılan Seymur Məmmədov, əvvəlcə Rusiya Federasiyasının Vladimir vilayətində artilleriya üzrə 6 aylıq kurs keçmiş, daha sonra Almaniya və Ukraynanın Çerniqov şəhərində xidmətini davam etdirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq 814 saylı özünümüdafiə batalyonuna yazılmışdır.
Vətən müharibəsinin gərgin dövründə, Seymur Məmmədov bir neçə dəfə ön cəbhədə iştirak etmiş, erməni işğalçılarına qarşı gedən çətin əməliyyatlarda igidliklə döyüşmüşdür. O, onlarla azərbaycanlı əsirin azad edilməsində, 11 nəfər əsgərin mühasirədən çıxarılmasında və bir neçə kəndin düşmən işğalından azad edilməsində fəal iştirak etmişdir.
1992-ci il aprelin 1-də Məlikcan kəndi uğrunda gedən döyüşdə 15 düşmən postu darmadağın edilsə də, bu döyüşdə Seymur Məmmədov düşmənin snayper gülləsinə tuş gələrək şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli fərmanı ilə Seymur Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Milli Qəhrəmanımız Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn olunub. Füzuli şəhərindəki 2 saylı orta məktəb onun adını daşıyır. Milli Qəhrəman Seymur Məmmədovun xatirəsinə həsr olunmuş “Qartal yuvası” adlı film çəkilib.
Seymur Məmmədovun xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, onun qəhrəmanlığı gələcək nəsillərə örnək olaraq yad edilir.
Vətən torpağının hər qarışı üçün canından keçməyə hazır olan gənclər müstəqilliyimizin və Zəfərimizin mənəvi təməlidir. Seymur Məmmədovun qısa, lakin şərəfli ömür yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Müşfiq MİRZƏ
XQ