​QISA VİDEOLAR BEYNİMİZİ NECƏ DƏYİŞİR? “Gözlənilməz stimullar yaradır...”

13.11.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Sosial şəbəkələrdə qısa video formatlarının, xüsusilə “Reels”, “Shorts” və “TikTok” məzmunlarının geniş yayılması insanların gündəlik media istehlakına ciddi təsir göstərir. Bu videoların ardıcıl və uzun müddət izlənməsi diqqət müddəti, yaddaş, yuxu rejimi və psixoloji vəziyyətlə bağlı müəyyən narahatlıqlar yaradır. Xüsusilə sürətli kadr dəyişiklikləri, intensiv informasiya axını və emosional məzmunun insan beyninə təsiri müzakirə mövzusudur. Qısa videolara həddindən artıq vaxt ayrılmasının uzunmüddətli perspektivdə hansı fəsadlara səbəb ola biləcəyi isə araşdırılmalı məsələlərdəndir.

Qısa videoların uzun müddət və fasiləsiz izlənməsi insan beyninin fəaliyyətinə, diqqət və yaddaş qabiliyyətinə necə təsir göstərir? Sosial şəbəkələrdə qısa video asılılığının qarşısını almaq və onun mümkün psixoloji təsirlərini azaltmaq üçün hansı tədbirlər görülməlidir?

Bu barədə “AzPolitika”ya açıqlamasında psixoloq Dilruba Həsənova deyib ki, bu kimi platformalarda qısa videoların ardıcıl izlənilməsi beynin mükafatlandırma sistemini aktivləşdirir və gözlənilməz stimullar yaradır. Növbəti videoda nə görəcəyimizi bilməməyimiz maraq və gözlənti hissini gücləndirir.

Onun sözlərinə görə, beləliklə, insan hər dəfə yeni və maraqlı məzmunla qarşılaşmaq üçün ekranı sürüşdürməyə davam edir. Vaxt keçdikcə bu davranış avtomatik vərdişə çevrilə bilər: “İnsan beyni dərin düşünmək, məlumatı təhlil etmək və onu uzunmüddətli yaddaşa köçürmək üçün müəyyən zaman və diqqət tələb edir. Qısa videoların sürətli dəyişməsi insanı tez-tez bir stimula fokuslanıb dərhal digərinə keçməyə alışdıra bilər. Bu, xüsusilə uzun mətn oxumaq, beyində müəyyən şeylərin üzərində düşünmək, mürəkkəb məsələləri təhlil etmək zamanı çətinlik yarada bilər”.

Psixoloq bildirib ki, insan informasiyanı görür, eşidir, hətta həmin anda anlayır, amma bu, onun məlumatı dərindən mənimsədiyi və yaddaşında saxladığı demək deyil: “Bilməliyik ki, hər qısa video izləyən insanı asılı hesab etmək düzgün deyil. Əsas məsələ insanın bu davranışa nəzarət edə bilməsi və onun gündəlik həyatına hansı təsiri göstərməsidir. Nəzarət itdikdə asılılıq formalaşır. Beləliklə insan sanki özündən uzaqlaşır, özünə zaman ayırmır.

Artıq demək olar ki, çox insan boş qalan hər dəqiqəni telefonla doldurur. Psixoloji baxımdan insanın öz düşüncələri ilə tək qalması da vacibdir. Çünki özünü dərk etmək, emosiyaları tanımaq və daxili ziddiyyətləri anlamaq üçün bəzən xarici stimullardan uzaqlaşmaq lazımdır”.

D.Həsənova qeyd edib ki, bu problemin həlli texnologiyadan tamamilə imtina etmək deyil, qeyd etdiyimiz kimi onun üzərində şüurlu nəzarət yaratmaqdır: “Bunun üçün nə edə bilərik? Məsələn, gündəlik sosial şəbəkə istifadəsinə konkret zaman məhdudiyyəti qoymaq lazımdır. Səhər oyandıqdan dərhal sonra və yatmazdan əvvəl telefon istifadəsini azaltmaq da buna kömək edəcək.Bildirişləri səssizə almaq və s. kimi tədbirlər görməklə bu vəziyyəti idarə etmək olar”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью