Icma.az bildirir, Moderator.az portalına istinadən.
Qış makiyajı soyuq hava, qəfil temperatur dəyişiklikləri və qapalı məkanlardakı quru hava səbəbindən dəriyə zərər verə bilər.
Moderator.az bildirir ki, bu barədə rusiyalı dermatoloq və mikoloq Aleksandra Zeynalova Gazeta.ru-ya müsahibəsində danışıb.
Mütəxəssis bildirib ki, soyuq hava şəraitində piy vəziləri zəif işləyir, dərinin hidrolipid baryeri isə həssaslaşır. Şaxta kapilyarların daralmasına səbəb olur ki, bu da qan dövranının pisləşməsinə gətirib çıxarır. Nəticədə dəri daha az qida maddəsi və oksigen qəbul edir. Eyni zamanda dərinin səthindən nəm daha sürətlə buxarlanır ki, bu da quruluq, qabıqlanma, dartılma hissi, bəzən isə qızartı və yüksək həssaslıq yaradır.
Həkimin sözlərinə görə, bir çox tonal kremlər, xüsusən də mat və uzunmüddətli olanlar qış mövsümündə dəriyə mənfi təsir göstərə bilən maddələr ehtiva edir. Onların tərkibində olan spirtlər və absorbentlər matlaşdırma və dayanıqlılıq məqsədi daşısa da, şaxtalı havada dərini daha da yağsızlaşdırır və susuzlaşdırır, onsuz da zəifləmiş lipid baryerini zədələyir. Bundan əlavə, sıx və nəfəs almayan teksturalar dərinin səthində qoruyucu qat yaradır ki, bu da təbii nəmlənməni məhdudlaşdıra bilər.
Bundan başqa, qış mövsümündə istifadə edilən makiyaj məhsulları mövsümə uyğun olmaya bilər. Yüngül yay vasitələri kifayət qədər qoruma təmin etmir, həddindən artıq qatı qış kremləri isə dəridə dartılma hissi yaradır. Adətən sebum artığını udmaq üçün istifadə edilən pudra quru qış dərisində mövcud nəmi də sorur və bu, quruluq effektini daha da gücləndirir. Pudra və tonal vasitələrin tez-tez tətbiqi dəridə "nəfəs almayan" qat formalaşdıraraq təbii nəmlənmə və yenilənmə proseslərini bloklaya bilər.
Aleksandra Zeynalova xəbərdarlıq edib ki, qış aylarında müntəzəm olaraq qatı makiyajdan istifadə quruluğun artmasına, qabıqlanmaya, qıcıqlanmaya və qızartıya səbəb ola bilər. Bundan əlavə, rozatsea kəskinləşə, iltihabi proseslər başlaya və dərinin baryer funksiyası pozulduğu üçün digər dəri problemləri meydana çıxa bilər.
Qeyd olunur ki, qışda makiyajın təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. İlk növbədə, dərinin nəmləndirilməsi və qorunması vacibdir. Səhərlər makiyajdan əvvəl keramidlər, hialuron turşusu və ya yağlar ehtiva edən qidalandırıcı krem çəkmək tövsiyə olunur. Tonal vasitə seçərkən BB və ya CC kremləri kimi nəmləndirici komponentlərə malik məhsullara və ya nəmləndirici tonal flüidlərə üstünlük verilməli, matlaşdırıcı və uzunmüddətli teksturalardan isə imtina edilməlidir.
Dermatoloqun fikrincə, qış mövsümündə pudradan ya tamamilə imtina, ya da onu minimal miqdarda istifadə etmək daha məqsədəuyğundur. Qırıntılı mineral variantlara üstünlük verilməli və onlar yalnız T zonasına tətbiq edilməlidir.
Mütəxəssis həmçinin küçəyə çıxmazdan əvvəl üzün ən həssas nahiyələrə qoruyucu krem çəkməyi, axşam saatlarında isə makiyajı yumşaq təmizləyici vasitələrlə silərək dərini gecə kremi ilə bərpa etməyi tövsiyə edib. /Oxu.az/