Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qış aylarında sağlamlığı qorumaq üçün yuxu rejiminə, fiziki aktivliyə və düzgün qidalanmaya diqqət yetirmək vacibdir.
Redaktor.az xəbər verir ki, bu barədə ACC Medical klinikasının baş həkimi, anestezioloq-reanimatoloq və onkoloq-kimyaterapevt Sergey Astafurov lenta.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, soyuq havaların başlaması ilə kifayət qədər yatmaq və fiziki aktivliyi qorumaq xüsusilə əhəmiyyətlidir. Hava şəraiti açıq havada idman etməyə imkan vermədikdə evdə gimnastika ilə məşğul olmaq, üzgüçülük hovuzuna getmək və ya qapalı məkanlarda məşq etmək olar. Əsas şərt fiziki fəaliyyətin müntəzəm olması və insanın sağlamlıq vəziyyətinə uyğun seçilməsidir.
Həkim qidalanmanın da müxtəlif olmasını tövsiyə edib. Onun sözlərinə görə, gündəlik rasionda zülal, tərəvəz, meyvə və tam taxıl məhsulları yer almalıdır. Qışda dondurulmuş tərəvəz və giləmeyvələr də yaxşı seçim hesab olunur. Astafurov mövsümi infeksiyalardan qorunmaq üçün yalnız limon, zəncəfil və sarımsaq kimi məhsullara güvənməyin düzgün olmadığını vurğulayıb.
Mütəxəssis D vitamininin qəbuluna da xüsusi diqqət yetirilməli olduğunu bildirib. Soyuq mövsümdə günəş işığının azalması bu vitaminin qəbulunu çətinləşdirə bilər. Lakin həkim məsləhəti olmadan yüksək dozada D vitamini qəbul etmək təhlükəlidir. Bu, qanda kalsiumun səviyyəsinin artmasına və böyrəklərin zədələnməsinə səbəb ola bilər. Buna görə də uyğun profilaktik doza həkimlə müəyyənləşdirilməlidir.
Astafurov qeyd edib ki, D vitamini sümük və əzələ sağlamlığı üçün vacib olsa da, onu soyuqdəyməyə qarşı universal vasitə hesab etmək olmaz.
Həkim, həmçinin otaqların müntəzəm havalandırılmasını və əllərin yuyulmasını tövsiyə edib. Davamlı zəiflik, həddindən artıq yuxululuq və ya digər qeyri-adi simptomlar müşahidə olunduqda isə vəziyyəti mövsümlə əlaqələndirmək və vitamin əlavələri ilə özbaşına aradan qaldırmağa çalışmaq əvəzinə həkimə müraciət etmək lazımdır.
Aytəkin TOFİQQIZI