Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Bəzi insanlar hesab edirlər ki, əgər qarşı tərəf qısqanclıq göstərmirsə, deməli, onu həqiqətən sevmir. Onların fikrincə, qısqanclıq sevgidə marağın, diqqətin və emosional bağlılığın təbii göstəricisidir.
Bəs həqiqətənmi sevməyən insan qısqanmır?
Redaktor.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirdi ki. bu, cəmiyyətdə çox yayılmış bir yanlış düşüncədir.
Onun sözlərinə görə, qısqanclıq bir çox insanda sevgilə qarışıq hiss kimi qəbul edilir, amma əslində bu, sevginin deyil, özünə inamsızlığın, idarəetmə ehtiyacının və ya itirilmə qorxusunun göstəricisidir.
"Sevgi - qarşı tərəfə azadlıq, inam və anlayış verməyi bacarmaqdır. Qısqanclıq isə çox zaman bu azadlığı məhdudlaşdırır. Sevmək “səni yalnız mənim istədiyim kimi yaşamalısan” demək deyil, “sənin xoşbəxtliyin mənim üçün dəyərlidir” deməkdir. Bəli, müəyyən qədər qısqanclıq bəzən təbii emosional reaksiya ola bilər. İnsan sevdiyi şəxsi itirməkdən qorxa bilər - bu, normaldır. Amma bu hiss daimi narahatlıq, nəzarət və təzyiq formasına çevriləndə, artıq bu sevgi deyil, emosional asılılıq olur".
Müsahibimiz vuğuladı ki, həqiqətən sevən insan tərəfdaşına güvənir, onun sərhədlərinə hörmət edir və münasibəti etimad üzərində qurur:
"Sevgi sakitlik, güvən və qarşılıqlı hörmət üzərində böyüyür, qısqanclıq isə çox vaxt bu təməli zəiflədir.
Sevməyən insan mütləq qısqanmır demək doğru deyil, amma qısqanmaq da sevməyin meyarı deyil. Ən sağlam münasibətlərdə tərəflər bir-birinə etibar edir, eyni zamanda hisslərini dürüst və açıq şəkildə ifadə edirlər".
Aytəkin TOFİQQIZI