Qiyabi təhsil alanlara möhlət veriləcək?

13.03.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir. 

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb. 

Məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur. 

Qeyd edək ki, hazırda ölkədə qiyabi təhsil forması hələ də var. Sovet dövründə daha geniş tətbiq edilən qiyabi təhsil forması hazırda qalsa da, distant təhsil tətbiq edilmir. Ümumiyyətlə, qiyabi təhsil olmalıdırmı və əgər bu təhsil forması qalırsa, bu tələbələrə də əyani təhsil alanlar kimi möhlət hüququ verilə bilərmi? 

Ölkədə ali təhsil müəssisələrində qiyabi təhsil üçün ayrılan yerlərin sayına gəldikdə, Elm və Təhsil Nazirliyindən “Cümhuriyət”-ə verilən məlumata görə, ali təhsilin bakalavriat səviyyəsi üzrə 2025-2026-cı tədris ili üçün planlaşdırılan qəbul yerlərinin sayı yalnız 3,8 faizi, (2385 yer) qiyabi təhsilalma forması üçün nəzərdə tutulub. Bu yerlər ümumilikdə 26 ali təhsil müəssisəsi üzrə planlaşdırılıb. 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət”-ə bildirib ki, hazırda mövcud qanunvericiliyə görə, çağırışa möhlət hüququ əsasən əyani təhsil alanlara şamil olunur: 

“Yəni əyani təhsil alanlar oxuduqları müddətdə çağırışdan möhlət hüququ ala bilirlər. Söhbət ali təhsil müəssisələrindən gedir. Həmçinin kolleclərdə 9 illikdən qəbul olunanlar da bu hüquqdan istifadə edir. Ancaq 11 illikdən qəbul olunanlar bu hüquqdan istifadə edə bilmirlər. 

Yəni qiyabi təhsil alan ali məktəb tələbələri bu hüquqdan istifadə edə bilmirlər. Çünki qanunda onlara möhlət hüququ nəzərdə tutulmayıb. Ombudsman təklif edir ki, qiyabi təhsil alan tələbələrə də bu qayda şamil olunsun və onlar təhsillərini yarımçıq qoymamaq üçün çağırışdan möhlət hüququ əldə etsinlər”. 

Ekspert bildirib ki, bu təklifin irəli sürülməsinin bir neçə səbəbi var:

“Burada birinci səbəb təhsil bərabərliyinin təmin edilməsidir. Yəni iki fərqli təhsil forması üzrə fərqli möhlət qaydası tələbələrin sosial bərabərliyinə hardasa xələl gətirə bilər kimi düşünülə bilər. 

Bütün tələbələr, əyani və qiyabi təhsil alanlar eyni hüquqa malik olmalı, bu hüquqdan yararlanmalıdırlar. Qiyabi təhsil alanlar adətən işləyən gənclərdir, ailə öhdəliyi olanlardır. Ona görə də onlar qiyabi təhsili seçirlər. Onlarla bağlı möhlət hüququnun müsbət təsirləri ilə yanaşı, potensial risklər də var. 

Müsbət təsirləri odur ki, təhsil alanların dairəsi genişlənə, gənclərin təhsil motivasiyası arta, sosial ədalət və bərabərlik təmin oluna bilər. Hərbi xidmət dövrü təhsilin fasiləsizliyinə mane olmaz. Həmçinin qiyabi təhsil formasına qəbul olunanlar xaricə üstünlük verirlər. 

Yəni onun da qarşısı müəyyən qədər alına bilər. Ombudsmanın təklifi həm sosial bərabərliyin təmin edilməsi, həm də təhsil imkanlarının genişləndirilməsi baxımından məntiqli, tələb olunan bir addım ola bilər. Ancaq bu tətbiq edilərkən daha geniş müzakirə edilməlidir. 

Mən təklif edirəm ki, 11 illikdən kolleclərə qəbul olunanlara da müəyyən qədər möhlət verilsin. Onlara imkan verilsin ki, subbakalavr kimi ali məktəblərə ixtisas seçimi edə bilsinlər”. 

Ekspertin sözlərinə görə, ümumiyyətlə, xaricdə qiyabi təhsilə bənzər təhsil forması var: 

“Böyük Britaniyada, Amerikada qiyabi təhsil forması var. Ancaq həmin ölkələrdə Sovet dövrünün təhsil forması kimi deyil. Postsovet ölkələrinin bəzilərində də bu belədir.  Belə ki, burada parttaym, distant, qarışıq təhsil sistemi var. 

Sovet təhsil sistemində qiyabinin problemləri odur ki, universitetlə tələbə arasında akademik əlaqə kəsilir. Yalnız semestrdə imtahandan keçmək üçün müəyyən fənnləri mənimsəyir.

Azərbaycanda qiyabi təhsil keyfiyyət baxımından nəzarətsiz və olduqca aşağıdır. Distant təhsilə gəldikdə isə əslində “Təhsil haqqında” Qanunda distant təhsil göstərilir. Ancaq mexanizmi olmadığı üçün bizdə tətbiq olunmur”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Qiyabi təhsil Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью