Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son günlər dünya bazarlarında neft qiymətlərində müəyyən dəyişikliklər müşahidə edilir.
Belə ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin mart müqaviləsinin dəyəri 0,12 % artaraq 1 barelə görə 65,32 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,21 % artaraq 60,75 ABŞ dollarına bərabər olub.
Azərbaycanın "Azeri LT CIF" markalı neftinin qiyməti 1.44 dollar ucuzlaşıb. Hazırda “Azeri Light”in bir bareli 67.95 dollara satılır.
Xatırladaq ki, bundan əvvəl neftimizin qiyməti 0.51 dollar bahalaşmışdı. Yeri gəlmişkən, 2026-nın dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dolları götürülüb.
Baş verən proseslər zəminində Azərbaycan neft qiymətlərində hansı dəyişikliklər gözlənilir?
Məsələ ilə bağlı neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycana məxsus “BTC Blend” və “Azeri Light” markalı ixrac neft markalarının “Brent” etalon markalı neftinə nisbətdə satış qiymətləri adətən neft bazarlarında tələb və təklif balansından, geosiyasi faktorlardan asılı olaraq dəyişir:
“Ötən 2025-ci ildə Azərbaycanın hər iki ixrac neft markaları FOB (Pulsuz Gəmidə Yükləmə) Ceyhan və CİF (Xərc, Sığorta və Yük - beynəlxalq biznesdə ən çox istifadə olunan İnkotermslərdən biridir) “Augusto” təslimində “Brent” etalon markalı neftə nisbətdə mükafatla satılıb.
Satış proqramları Aralıq dənizi enerji bazarlarında mövcud emal güclərinin emal marjından, fraxt qiymətlərindən (Fraxt qiymətləri, malların dəniz, hava və ya quru yolu ilə beynəlxalq daşınması üçün ödənilən məbləğdir, yəni daşıma xidmətinin dəyəridir), neft məhsulları bazarındakı balansdan, Liviya, Nigeriya, Anqola kimi ölkələrdən neft bazarlarına, xüsusən də Aralıq dənizi enerji bazarlarına daxil olan rəqabətli neft həcmlərindən asılı olaraq dəyişib.
Bütün hallarda 2025-ci ildə “Azeri Light” və “BTC Blend” markalı ixrac neftimiz “Brent” etalon markalı neftə nisbətdə hər bareldə mükafatla satılıb.
İxrac neft markalarımızın “Brent” etalon neft markasına nisbətdə mükafatla satılmasına təsir edən amillərdən biri də Rusiya-Ukrayna müharibəsi fonunda ixrac güclərinin, terminalların, hasilat platformalarının daim təhdid altında olmasıdır.
Hansı ki, bu amil həm Rusiyanın həm də Qazaxıstanın beynəlxalq ixrac qabiliyyətini təhlükə altına alır. Cari ildə də Azərbaycan neftinin “Brent” etalon neft markasına nisbətdə mükafatla satış perspektivi güclü olaraq qalır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin