Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
CargoMax daşıma şirkətinin fəaliyyəti ilə bağlı növbəti narazılıq sosial şəbəkələrdə gündəmə gəlib.
AzPost xəbər verir ki, vətəndaş Orxan Əliyev şirkətin Çindən Azərbaycana daşınma xidmətindən istifadə zamanı bir sıra problemlərlə üzləşdiyini bildirib.
Onun sözlərinə görə, CargoMax-ın Çin istiqaməti üzrə elan etdiyi 50 faiz endirim kampaniyasından yararlanmaq üçün Taobao platformasından sifariş verib. İlk sifariş 20 may 2026-cı il tarixində rəsmiləşdirilib, 2 iyun tarixində isə gömrük bəyannaməsi təqdim olunub.
Şikayətçinin iddiasına əsasən, 0,200 kiloqram çəkidə olan məhsul üçün ona 4,25 ABŞ dolları (7,30 manat) çatdırılma haqqı hesablanıb. Digər 0,200 kiloqramlıq məhsul üçün isə 3,50 ABŞ dolları (5,95 manat) ödəniş tələb olunub. O bildirir ki, şirkətin standart tariflərinə görə bu çəki üçün daşınma haqqı 2,80 ABŞ dolları (4,75 manat) olmalıdır.
Vətəndaş qeyd edir ki, məsələ ilə bağlı şirkətə müraciət etdikdə ona məhsulun həcm çəkisi ilə hesablandığı bildirilib. Lakin söhbətin adi köynəkdən getdiyini vurğulayan Orxan Əliyev bunun əsaslandırılmasını tələb edib. Onun sözlərinə görə, əvvəlcə şirkət nümayəndələri hesablamada səhv olduğunu qəbul edib və düzəliş ediləcəyini bildiriblər. Daha sonra isə mövqelərini dəyişərək məhsulun düzgün hesablandığını və bunun şirkətin qaydaları çərçivəsində həyata keçirildiyini qeyd ediblər.
Şikayət yalnız qiymətlərlə məhdudlaşmayıb. Orxan Əliyevin sözlərinə görə, məhsulun göndərilmə tarixi ilə bağlı da ona fərqli məlumatlar verilib. Əvvəlcə bağlamanın 8 iyun tarixində yola salınacağı bildirilsə də, sonradan ona məhsulun 11 iyun tarixində göndərildiyi deyilib. Şirkət daha sonra bağlamaların göndərildikdən sonra 14 iş günü ərzində çatdırıldığını açıqlayıb.
Vətəndaş bildirir ki, CargoMax vasitəsilə sifariş etdiyi məhsul hələ də ona təhvil verilməyib. O, özündən sonra sifariş etdiyi digər bağlamaların artıq Azərbaycana çatdığını qeyd edərək şirkətin xidmət keyfiyyətindən narazı olduğunu vurğulayıb.
Şikayətçi iddialarını təsdiqləyən yazışma və sənədləri də paylaşacağını bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı CargoMax şirkətinin mövqeyini dərc etməyə hazırıq. Şirkətin açıqlaması daxil olduğu təqdirdə materiala əlavə olunacaq.