525.az saytına istinadən Icma.az xəbər verir.
"İaşə sektorunda qiymət artımı əsasən qida məhsullarının bahalaşması, əməkhaqqı fondu və icarə xərclərinin yüksəlməsi ilə bağlıdır".
Bunu 525.az-a iqtisadçı ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, qiymətlərin artmasının bir neçə səbəbi var. İlk növbədə, qida məhsullarının ciddi şəkildə bahalaşmasını qeyd etmək lazımdır. Eyni dövr ilə müqayisədə ötən ilin 10 ayında qida məhsullarında təxminən 8% artım qeydə alınıb. Bu isə təbii olaraq iaşə xidmətləri sahəsində istehsal xərclərinin və məhsulun maya dəyərinin yüksəlməsinə gətirib çıxarır:
"Digər tərəfdən, əməkhaqqı fondunun artması və icarə xərclərinin yüksəlməsi də mühüm rol oynayır. 2025-ci ildə ölkədə orta aylıq əməkhaqqı ötən 9 ay ərzində təxminən 9.5% artıb və bu artım, dolayısı ilə, bütün istehsal sahələrində, o cümlədən iaşə sektorunda xidmət xərclərini yüksəldərək qiymətlərə təzyiq göstərir. Paralel olaraq, icarə xərclərində də bahalaşma müşahidə olunur, çünki daşınmaz əmlak hazırda ən sürətlə bahalaşan aktivlərdən biridir. Bu proses, təbii olaraq, icarə qiymətlərinin yüksəlməsinə, nəticə etibarilə isə iaşə xidmətlərində qiymət artımına səbəb olur”.
Sevinc Qarayeva