“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

08.07.2025

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli və 11 aprel tarixli 175-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.3.6-cı maddədən “(bu Qanunun 8.17-ci maddəsində göstərilən hallar istisna olmaqla)” sözləri çıxarılsın.

2. 8.17-ci maddə üzrə:

2.1. ikinci cümləyə “buraxılışlarına” sözündən sonra “(həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu Qanunun 6.3.1-ci, 6.3.2-ci (bu Qanunun 4.3.6-cı, 4.3.7-ci və 4.3.8-1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır və həmin səhmlər yerləşdirilmiş hesab edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью