Qızardılmış və duzlu yemək çinli yeniyetmənin üç orqanında xərçəngə səbəb olub

17.11.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Çinin Hançjou şəhərindəki Ana və Uşaq Sağlamlığının Qorunması Xəstəxanasının həkimləri 13 yaşlı qızda aqressiv mədə xərçəngi aşkar ediblər.
Yeniavaz.com
UDN nəşrinə istinadla xəbər verir ki,  xəstəlik artıq qaraciyərə, hər iki yumurtalığa və digər orqanlara yayılıb.
Müalicə həkiminin qiymətləndirməsinə görə, xəstəliyin inkişafına uzun illər ərzində düzgün olmayan qidalanma, həddindən artıq duzlu və turşuya qoyulmuş məhsulların istehlakı, həmçinin “Helicobacter pylori” infeksiyası təsir göstərmiş ola bilər.
Bildirilir ki, yeniyetmə bir il ərzində qarın ağrısı və köp şikayətləri ilə üzləşib. Lakin ailəsi bu əlamətləri adi həzm pozğunluğu hesab edərək həkimə müraciət etməyib. Uşağın vəziyyəti pisləşdikdən sonra aparılan kompüter tomoqrafiyası nəticəsində mədədə geniş yayılmış bədxassəli şiş aşkarlanıb. Həkimlər xərçəngin sürətlə yayılmağa meyilli aqressiv növü olan üzükvari hüceyrəli karsinoma diaqnozu qoyublar.
Müayinə zamanı qaraciyərdə, hər iki yumurtalıqda, retroperitoneal sahədə və piylikdə metastazlar müəyyən edilib. Toxumaların geniş zədələnməsi səbəbindən şişi cərrahi əməliyyatla tamamilə çıxarmaq artıq mümkün olmayıb.
Qastroenterologiya şöbəsinin müdiri Tan Veyxun xəstəliyin tarixçəsini araşdırarkən qızın qidalanma vərdişlərinə diqqət yetirib. Məlum olub ki, o, uzun müddət evdə hazırlanmış turşuya qoyulmuş tərəvəzlər və digər duzlu məhsullar, hazır əriştə və qızardılmış yeməklərdən tez-tez istifadə edib. Qız qeyri-müntəzəm qidalanıb və orqanizmi üçün zəruri olan qida maddələrini kifayət qədər qəbul etməyib.
Həkimin sözlərinə görə, belə qidalanma orqanizmdə nitritlərin həddindən artıq toplanmasına və müdafiə mexanizmlərinin zəifləməsinə səbəb ola bilər. Mədə xərçənginin inkişafı ilə əlaqəli olan “Helicobacter pylori” bakteriyasına uzunmüddətli yoluxma da əlavə risk amili hesab olunur.
Tan Veyxun vurğulayıb ki, əlverişsiz qidalanma vərdişləri ilə infeksiyanın birləşməsi bədxassəli dəyişikliklərin inkişafına şərait yaratmış ola bilər. Bununla belə, yalnız bir xəstənin tibbi tarixçəsinə əsaslanaraq xəstəliyin dəqiq səbəbini müəyyənləşdirmək mümkün deyil.
Həkim valideynləri uşaqlarda təkrarlanan qarın ağrılarını, köpü və iştahanın azalmasını adi həzm pozğunluğu kimi qiymətləndirməməyə çağırıb. Onun sözlərinə görə, belə əlamətlər bir həftədən artıq davam edərsə, həkimə müraciət etmək lazımdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью