GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, qızılın qiyməti tarixi rekorda çataraq ilk dəfə olaraq unsiya üçün 4900 dollar həddini keçib. Bu artımın arxasında əsas səbəblər kimi davam edən geosiyasi gərginlik, ABŞ dollarının zəifləməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini endirəcəyi ilə bağlı gözləntilər göstərilir. Eyni zamanda gümüş və platin də yeni rekord qiymətlərə yüksəlib.
Bu artım Azərbaycan və bütövlükdə dünya bazarına, iqtisadiyyatına nə vəd edir? Qlobal bazarlarda qızılın bahalaşması müsbət hal sayılır, yoxsa mənfi? Azərbaycanın qızıl ehtiyatı hansı həcmdədir? Qızılın bahalaşması xarici valyutaya nə vəd edir?
Globalinfo.az-a danışan iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib ki, sözügedən proseslər təsadüfi deyil:
“Geosiyasi gərginlik artır, insanlar və böyük investorlar pullarını daha “etibarlı” saydıqları alətlərdə saxlamağa çalışır, dollar bir qədər zəifləyəndə qızıl daha cəlbedici görünür, FED-in faizləri endirəcəyi gözləntiləri isə qızıla marağı artırır. Bu şəraitdə qızıl sadəcə metal deyil, risklərdən qorunmaq üçün seçilən bir aktiv kimi önə çıxır. Bu artım təkcə qiymətin bahalaşdığını deyil, həm də bazarlarda risk hissinin yüksəldiyini və insanların gələcəklə bağlı daha ehtiyatlı davrandığını göstərir. Belə dövrlərdə investorlar riskli alətlərdən bir az uzaqlaşıb, daha sabit sayılan aktivlərə üstünlük verirlər. Son günlər bu ehtiyatlılığı artıran əlavə mövzular da var: ABŞ-ın bəzi Avropa ölkələrinə 10 faiz əlavə rüsum tətbiqi ilə bağlı müzakirələr və Qrenlandiya ətrafında gərginlik bazarlarda narahatlığı böyüdən xəbərlər sırasındadır. Belə siyasi və ticarət gərginliyi artanda qızıla maraq da adətən yüksəlir”.
Rövşən Əmircanov
İqtisadçı bildirib ki, gümüş və platin isə təkcə riskdən qorunmaq üçün alınmır, həm də sənayedə geniş istifadə olunur:
“Qiymətlər yüksələndə bəzi sahələrdə xammal xərcləri arta bilər. Azərbaycan üçün təsir iki istiqamətdə hiss oluna bilər: bir tərəfdən rəsmi ehtiyatların dəyəri artmış kimi görünür, digər tərəfdən daxildə zərgərlik və metal məmulatlarının qiymətləri dünya qiymətlərinə uyğun olaraq arta bilər. Ümumilikdə qızılın bahalaşmasını birmənalı “yaxşı” və ya “pis” adlandırmaq düzgün deyil. Belə ki, qızıl ehtiyatı olan qurumlar və qızılla özünü qoruyan investorlar üçün bu, aktivin dəyərinin artması deməkdir və müsbət görünə bilər. Amma ümumi mənzərədə qızılın sürətlə bahalaşması çox vaxt “narahatlıq siqnalı” sayılır. Yəni bazarlar riskin artdığını hiss edir, qeyri-müəyyənlik güclənir və insanlar daha çox qorunmaq istəyir. Əgər qızıl yavaş-yavaş, sabit iqtisadi şəraitdə bahalaşırsa, bu, normal görünə bilər. Lakin qiymət sıçrayışı gərginlik, dolların zəifləməsi və ticarət mübahisələri ilə birlikdə gedirsə, bu, dünyanın daha həssas dövrə girdiyini də göstərə bilər”.
R.Əmircanov qeyd edib ki, Azərbaycanın rəsmi ehtiyatlarında qızılın həcmi ilə bağlı əsas diqqət Dövlət Neft Fondunun (SOFAZ) qızıl portfelinə yönəlir:
“Qızıl ehtiyatların daha balanslı idarə olunması üçün istifadə olunur. Yəni ehtiyatlar yalnız bir valyutaya və ya bir alətə bağlı qalmasın, risklər paylansın. Qızılın ehtiyatlardakı payı və dəyəri isə bazar qiymətlərindən, qiymətləndirmə tarixindən və uçot qaydalarından asılı olaraq dəyişir. Qızılın qiyməti ilə valyuta bazarı arasında əlaqə həmişə birbaşa olmur, daha çox dolayı təsir göstərir. Bu metal bahalaşanda çox vaxt dolların gücü, faiz gözləntiləri və bazarlardakı risk hissi ön plana çıxır. Əgər qızıl dolların zəiflədiyi dövrdə yüksəlirsə, bu, valyuta bazarında da müəyyən dəyişikliklərin getdiyini göstərə bilər”.
Müsahibimizin sözlərinə görə, ehtiyatlarında qızıl payı olan ölkələr üçün bahalaşma prosesi ehtiyatların ümumi dəyərini artırır:
“Bu, ölkənin maliyyə baxımından daha dayanıqlı görünməsinə kömək edə bilər. Digər tərəfdən, daxildə qızıl məmulatlarının bahalaşması idxalı artırarsa, bu, bəzi dövrlərdə xarici valyutaya tələbi də yüksəldə bilər. Nəticə bir neçə amilin birlikdə necə dəyişməsindən asılıdır. Yekun olaraq, qiymətli metalların rekord səviyyələrə yüksəlməsi bir tərəfdən qlobal risklərin artmasına işarə edir, digər tərəfdən isə qızıl ehtiyatı saxlayan subyektlər üçün aktivlərin dəyərinin yüksəlməsi ilə nəticələnir. Əsas məsələ sözügedən prosesin rəsmi ehtiyatlara, daxili qiymətlərə və məzənnə ilə bağlı gözləntilərə mümkün təsirini mütəmadi izləmək və düzgün qiymətləndirməkdir”.
Zaira Akifqızı
Globalinfo.az