Qızıl alıb satanlara XƏBƏRDARLIQ: Qiymətlər BELƏ OLACAQ

03.02.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qızılın dünya bazarlarında rekord həddə yüksəldikdən sonra qısa müddət ərzində sürətlə ucuzlaşması və qiymətlərin ardıcıl dalğalanması diqqət mərkəzinə düşüb. Bir gün bahalaşan, növbəti gün isə kəskin geriləyən qızıl investorlar və əhali üçün qeyri-müəyyənlik yaradır. Maraqlıdır, bu dəyişkənlik hansı iqtisadi faktorlarla bağlıdır və 2026-cı il ərzində qızılın qiymətini hansı tendensiyalar gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, qızıl 2025-ci ildə təxminən 65 faiz bahalaşıb:

“Son illərlə müqayisədə, xüsusilə də 2020-ci illərin əvvəlindəki qiymətlərlə götürdükdə qızıl artıq üç dəfə baha satılır. Qiymət artımının əsas səbəbləri qlobal risklərin yüksəlməsi, ABŞ prezidentinin ucuz dollar siyasəti ilə bağlı təzyiqləri və faiz dərəcələrinin aşağı salınması ilə bağlı gözləntilər idi. Bu amillər dolların dəyərdən düşəcəyi ehtimalını gücləndirdi və qızılı təhlükəsiz investisiya aləti kimi daha cəlbedici etdi”.

İqtisadçının sözlərinə görə, artım dalğası həm böyük investorların, həm də fərdi yatırımçıların kütləvi alışlarına səbəb olub:

“Qızılın bahalaşacağı ilə bağlı gözləntilər bazarda marağı daha da artırdı və qiymətlərin uzun müddət fasiləsiz yüksəlməsinə gətirib çıxardı. Lakin birjalarda qiymətlərin daim artım istiqamətində hərəkət etməsi mümkün deyil. Zaman-zaman korreksiyalar qaçılmazdır. Son həftələrdə də məhz belə kəskin korreksiya müşahidə olundu”.

Xalid Kərimli vurğulayıb ki, birja qiymətləri saniyələr ərzində dəyişə bilər və əsas göstərici ilin ümumi dinamikasıdır:

“Bu il ərzində qızılın yüksək qiymət səviyyəsində qalacağı gözlənilir. Qızılla bağlı 5 min – 6 min dollar aralığında qiymət proqnozları mövcuddur. Əlbəttə, bunlar yalnız proqnozlardır, amma ümumi gözləntilər artım istiqamətindədir və qızılın yüksək səviyyədə qalacağı ehtimal olunur”.

Beləliklə, ekspertlər hesab edir ki, qızıl bazarındakı hazırkı enişlər panika üçün əsas yaratmır və daha çox texniki korreksiya xarakteri daşıyır. İl ərzində isə qiymətlərin yüksək səviyyədə qalacağı gözlənilir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью