Qızıl həyəcan siqnalı verir, bazarda stabillik yoxdur EKSPERT RƏYİ

02.02.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son aylarda qızılın qiymətində dalğalanmalar müşahidə olunur. Qiymətin müəyyən vaxtlarda aşağı düşməsi aztəminatlı təbəqənin “dar gün ehtiyatı” kimi qızıl almaqla bağlı ümidlərini qismən dirçəldir. Lakin bu enişlər davamlı olmadığına görə formalaşan ümidlər, yenidən puç olur. Digər tərəfdən, dolların ayrı-ayrı dövrlərdə zəifləməsi qızılı xarici alıcılar üçün daha cəlbedici edir ki, bu da qiymətlərdəki dalğalanmaları daha da sürətləndirir. Nəticədə bazarda həm alış, həm də satış təzyiqi eyni vaxtda formalaşır. Bu dalğalanmaların təsiri ilə 2026-cı ilin fevral ayı üçün qızıl fyuçersləri 19 yanvardan bəri ilk dəfə olaraq troya unsiyası üzrə 4700 dolların altına enib.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında qızıl bazarının hazırda stabillik nümayiş etdirmədiyini vurğulayıb:

“Qızıl 2025-ci ildə 65% bahalaşıb. Bununla belə, qiymət hələ də son iki-üç ilin ən yüksək səviyyələrindədir. Bazar stabillik nümayiş etdirmir. İstənilən metal kimi, qızılın da qiyməti artıb-azala bilər. Birja hər zaman risklidir. Qızılın qiymətindəki artım bir neçə makroiqtisadi faktordan qaynaqlanıb. Əsas amillər arasında qlobal gərginliklər və Fed-in yaxın gələcəkdə faiz dərəcələrini aşağı salacağına dair investorlarda yaranmış gözləntilər dayanır. Bu isə dolların dəyərinin zəifləyəcəyi ilə bağlı spekulyasiyalara səbəb olub. Eyni zamanda qızıl təhlükəsiz aktiv kimi investorların diqqət mərkəzində olub. Qiymət artımı ilə bağlı gözləntilər kütləvi alışlara gətirib çıxarıb. Sürətli qiymət artımlarından sonra bazarda korreksiyaların baş verməsi normaldır. Bu zaman bəzi spekulyativ investorlar mənfəət götürmək üçün satış edir ki, bu da qızılın qiymətində azalmaya təkan verir”. 

İqtisadçının sözlərinə görə, son həftələrdə qızıl və gümüş qiymətlərindəki kəskin enişlər bir sıra iqtisadi və geopolitik amillərlə izah edilə bilər:

“Son həftələrdə qızıl və gümüş qiymətlərində kəskin enişlər müşahidə olunub. Əvvəl bazarlar Fed sədrliyinə Kevin Hassettin namizəd olacağını proqnozlaşdırırdı. Onun dolları zəiflədəcək siyasət yürüdəcəyi ehtimal edilirdi. Lakin ABŞ lideri Donald Trampın 2006-2011-ci illərdə Fed sədrliyində çalışmış Kevin Warshı namizəd kimi irəli sürməsi bazar gözləntilərini alt-üst edib. Bu da bazar iştirakçılarının dolların dəyərinin daha da zəifləyəcəyi ilə bağlı gözləntilərini sarsıdırıb. Nəticədə dollar qarşısında qızılın qiymətində eniş müşahidə olunub. Paralel olaraq, Trampın İranla danışıqlara başlanması barədə açıqlamaları qlobal riskləri azaldıb. Bu faktorlar investorların mənfəət götürmək istəyilə birləşərək qızılın qiymətində kəskin korreksiyaya səbəb olub. Hazırkı eniş qızılın uzunmüddətli qiymətinin düşəcəyini göstərmir. Bazar dəyişkəndir və qiymətlər həm arta, həm də azala bilər. Xüsusilə fərdi investorlar üçün bu dəyişkənlik gözlənilməz maliyyə itkilərinə səbəb ola bilər”.

Aybəniz Səfərova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью