“Qızıl Qaya” şadlıq evindən açıqlama: Məsuliyyət icarəçinin üzərindədir

04.11.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qızıl Qaya” şadlıq evinin hüquqi təmsilçisi Firuz Rüstəmov obyektdə baş vermiş hadisə ilə bağlı rəhbərliyin mövqeyini açıqlayıb.

O, Bakıvaxtı.az-a bildirib ki, hadisənin qeydə alındığı şadlıq evi rəsmi icarə müqaviləsi əsasında başqa şəxsə verilib.

Hüquqi təmsilçinin sözlərinə görə, müqavilə və qanunvericiliyə əsasən, obyektdə iaşə xidmətlərinin təşkili, ərzaq məhsullarının istifadəsi və qida təhlükəsizliyi ilə bağlı məsuliyyət icarəçinin üzərinə düşür.

“İcarəyə verən olaraq ərzaq təminatına və gündəlik iaşə fəaliyyətinə heç bir aidiyyətimiz yoxdur. Hadisənin səbəblərinin araşdırılmasında aidiyyəti dövlət qurumları ilə tam əməkdaşlıq etməyə hazırıq”, – deyə Firuz Rüstəmov bildirib.

O əlavə edib ki, məsələ ilə bağlı dövlət qurumları tərəfindən araşdırma aparılır və təfərrüatlar barədə ictimaiyyətə rəsmi məlumat veriləcək.

Rüstəmov şadlıq evinin rəhbərliyi adından baş vermiş hadisəyə görə dərin təəssüf hissi keçirdiklərini də qeyd edib.

Qeyd edək ki, noyabrın 1-də “Qızıl Qaya” şadlıq evində keçirilən tədbir zamanı qida zəhərlənməsi şübhəsi ilə bağlı hadisə baş verib. İlkin məlumatlara görə, tədbir iştirakçılarından 14 nəfər özünü narahat hiss edib, onlardan dördü xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

Mahir AXUND

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью