Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Barselona"nın və İspaniyanın qadınlardan ibarət milli komandasının yarımmüdafiəçisi Aytana Bonmati ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, millinin məşqi zamanı "Qızıl top"un qalibinin ayağı sınıb.
Bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Tibbi müayinələrdən sonra ona sol fibula sınığı diaqnozu qoyulub.
27 yaşlı Bonmati bütün karyerasını "Barselona"da keçirib. O, Kataloniya klubu ilə 7 dəfə Kral Kubokunu, 6 dəfə La Liqanı, 5 dəfə İspaniya Superkubokunu və 3 dəfə Çempionlar Liqasını qazanıb. İspaniya millisi ilə o, 2023-cü il Dünya Çempionatının və 2025-ci il Avropa Çempionatının qalibi olub.
2023, 2024 və 2025-ci illərdə Bonmati Fransanın "France Football" jurnalı tərəfindən mövsümün ən yaxşı oyunçusuna verilən "Qızıl top"u qazanıb. Həmin illərdə o, Beynəlxalq Futbol Federasiyası tərəfindən də ən yaxşı oyunçu seçilib.
İspaniya millisi dekabrın 2-də Millətlər Liqasının yarımfinalının cavab oyununu evdə Almaniyaya qarşı keçirəcək. İlk oyun qolsuz başa çatıb. Bu görüşün qalibi finalda ya Fransa, ya da İsveçlə qarşılaşacaq. İlk oyunda Fransa öz meydanında İsveçi 2:1 hesabı ilə məğlub edib.