Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Almaniyanın “Bavariya” klubunun ingiltərəli hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazandıqdan sonra sosial şəbəkədə etdiyi və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olan paylaşımına aydınlıq gətirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bulinews” nəşri məlumat yayıb.
Təcrübəli hücumçu sosial şəbəkə hesabında “Səssizlikdə çox çalış, qoy uğurun sənin səsin olsun” sözlərini yazmışdı.
Bir çox futbolsevərlər bu paylaşımı onun əsas rəqibləri – “Real Madrid”in hücumçusu Kilian Mbappe və “Barselona”nın vingeri Lamine Yamala ünvanlanmış gizli mesaj kimi qiymətləndirmişdilər. Lakin 33 yaşlı futbolçu bu iddiaları təkzib edib:
“Qətiyyən elə deyil. Səmimi olsam, bu sitat bütün karyeram boyu mənim çox xoşuma gəlib. Bu sözlər məni motivasiya edir, intizamlı olmağımı və işimə fədakarlıqla yanaşmağımı əks etdirir. Dəfələrlə təkbaşına məşq etməli olmuşam. Kadr arxasında görülən böyük bir əmək var... Bu, məqsədlərinə çatmaq istəyən gənclər üçün də əla ideyadır”.
Xatırladaq ki, oktyabrın 26-da Londonda keçirilən təntənəli mərasimdə Harri Keyn səsvermədə Kilian Mbappe və Lamine Yamalı geridə qoyaraq karyerasında ilk dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, son 25 ildə bu mükafatı qazanan ilk ingiltərəli (Maykl Ouendən sonra, 2001), “Bavariya”nın 45 il sonra ilk nümayəndəsi (Karl-Haynts Rummeniggedən sonra, 1981) və Bundesliqanın 30 illik fasilədən sonrakı ilk qalibi (Mattiya Zammerdən sonra, 1996) olub.