“Qızıl top”u kim alacaq? AÇIQLAMA

07.09.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya futbolunun ən nüfuzlu fərdi mükafatı olan “Qızıl top” uğrunda mübarizə yenidən gündəmin əsas mövzularından birinə çevrilib. Bu dəfə isə əvvəlki illərdən fərqli olaraq, qalibin adını indidən dəqiq proqnozlaşdırmaq çətindir. Lionel Messi və Kriştiano Ronaldonun uzun illər davam edən dominantlığından sonra futbol dünyasında yeni nəsil ulduzlar ön plana çıxıb.

Hazırda “Qızıl top”un əsas namizədləri sırasında dünya çempionu Lamin Yamal, rekordları ilə diqqət çəkən Harri Keyn və mundialın bombardiri Kilian Mbappe göstərilir. Bəs bu futbolçulardan hansının şansı daha yüksəkdir? Bu il “Qızıl top”un qalibini müəyyənləşdirmək əvvəlki illərlə müqayisədə niyə daha çətindir?

İdman jurnalisti Natiq Muxtarlı Redaktor.az-a açıqlamasında bildirdi ki, “Qızıl top” mükafatının verilməsi ilə bağlı əvvəldən formalaşmış bir ənənə var:

"Dünya çempionatının və Avropa çempionatının keçirildiyi illərdə həmin turnirlərdə parlaq çıxış edən futbolçular daha çox ön plana çıxır və adətən “Qızıl top”u da onlar qazanırlar. Digər illərdə isə Çempionlar Liqasında parlayan futbolçuların şansları daha yüksək olur. Bu, uzun illər belə davam edib. Elə Ronaldo və Messinin dövründə də bunu müşahidə etmişik. Nə Ronaldo dünya çempionu olmuşdu, nə də Messi. Messi 2022-ci ildə dünya çempionu olduqdan sonra “Qızıl top”u bir dəfə qazandı. Halbuki həmin vaxta qədər artıq 7 dəfə bu mükafata sahib idi".

Onun sözlərinə görə, həm Ronaldo, həm də Messi “Qızıl top”u əsasən Avropadakı çıxışlarına görə qazanırdılar:

"Onların İspaniya çempionatındakı və Çempionlar Liqasındakı hegemonluğu bu mükafatın verilməsində mühüm rol oynayırdı. Amma istisnalar da olub. Bəzi hallarda dünya və ya Avropa çempionatından sonra həmin turnirlərdə parlaq çıxış edən futbolçular “Qızıl top”a layiq görülüblər. Builki dünya çempionatında isə xüsusi olaraq, belə deyək, əlahiddə şəkildə parlayan bir futbolçu olmadı. Ona görə də hazırda “Qızıl top”un kimə veriləcəyi ilə bağlı birmənalı proqnoz vermək çox çətindir. Məsələn, İspaniya dünya çempionu oldu, amma Lamin Yamal milli komandanın heyətində bu uğurda xüsusi fərqlənmədi. Bu da dünya çempionatını nəzərə aldıqda Yamalın şanslarını xeyli azaldır. Keyn Almaniya çempionatının bombardiri oldu, amma İngiltərə finala çıxa bilmədi. Bu amil də onun şanslarını müəyyən qədər aşağı salır. Mbappe ilə bağlı da vəziyyət oxşardır. O, Avropada gözlənilən səviyyədə çıxış etmədi, “Real” Çempionlar Liqasının qalibi ola bilmədi və Fransa da dünya çempionu olmadı. Əgər İngiltərə dünya çempionu olsaydı, heç şübhəsiz ki, “Qızıl top” Keynə veriləcəkdi. Eyni sözləri Fransa dünya çempionu olsaydı, Mbappe haqqında da demək olardı. Argentina isə finala çıxdı və Argentinanı finala daşıyan əsas şəxs Messi idi. Bu birmənalıdır. Ona görə də Messini də iddiaçılar sırasından kənarlaşdırmaq olmaz. Əgər sırf dünya çempionatı amili nəzərə alınacaqsa, Messinin də şansı var. Çünki İspaniya komanda olaraq güclü idi və dünya çempionluğunu da komanda şəklində qazandı. Orada ayrı-ayrı futbolçular fərdi planda ön plana çıxsalar da, əsas üstünlük komandanın kollektiv oyununda idi. Argentina isə, belə deyək, sırf Messinin hesabına dünya çempionatının finalına qədər gəldi. Bir futbolçunun əməyinin Argentinanın finala çıxmasında həlledici rol oynadığı birmənalıdır və bunu hamı etiraf edir. Bu amili nəzərə alsaq, Messinin də şansını nəzərdən qaçırmaq olmaz".

Müsahibimiz qeyd etdi ki, Dünya çempionatını kənara qoysaq və qalib komandanın heyətindəki futbolçulara xüsusi üstünlük verilməsə, diqqət yenidən PSJ-yə yönələcək:

"Çünki Çempionlar Liqasının qalibi PSJ olub və həmin komandanın heyətindən ən azı bir futbolçunun fərqlənməsi gözlənilir. PSJ-də Dembele əvvəlki kimi parlaq oyun göstərmədi. Bu baxımdan ön plana Badr Kvaratsxeliya çıxır. Mən hazırda Avropa mətbuatını izləyirəm və orada ekspertlər birmənalı şəkildə gürcü futbolçunu “Qızıl top”un əsas namizədlərindən biri hesab edirlər. Kvaratsxeliyanı da bu siyahıdan silmək olmaz. Çünki o, həm çempionatda, həm də Çempionlar Liqasında stabil və yüksək səviyyəli oyun göstərib. Komandasının vacib oyunlarında önəmli qollar vurub, məhsuldar ötürmələr edib. Yəni bu futbolçunun uğurunu görməzdən gəlmək mümkün deyil. PSJ-nin Çempionlar Liqasında qalib gəlməsində Kvaratsxeliyanın müstəsna rolu olub. Bəzi ekspertlər isə hesab edirlər ki, dünya və Avropa çempionatlarını “Qızıl top”un verilməsində əsas meyar kimi götürmək düzgün deyil. Çünki bu halda Kvaratsxeliya kimi futbolçuların haqqı pozulur. Kvaratsxeliyanın təmsil etdiyi Gürcüstan yığmasının dünya çempionatını və ya Avropa çempionatını qazanmaq şansının olmaması reallıqdır. Belə olan halda həmin turnirlər əsas meyar götürülsə, deməli, Kvaratsxeliyanın “Qızıl top”u qazanmaq şansı da olmayacaq".

Mütəxəssis vurğuladı ki, “Qızıl top”un təşkilatçıları artıq bu mövsümdən yeni qiymətləndirmə meyarlarına keçiblər:

"Artıq futbolçuların vacib oyunlarda oynadığı rol da qiymətləndiriləcək. Jurnalistlərə seçim üçün üç əsas kateqoriya təqdim olunub və bu meyarlar əsasında səsvermə keçiriləcək. Bu baxımdan dünya və Avropa çempionatı amili müəyyən qədər arxa plana keçəcək. Əgər həmin meyarlar əsasında qiymətləndirmə aparılsa və jurnalistlər ədalətli seçim etsələr, böyük ehtimalla Kvaratsxeliyanın da “Qızıl top”u qazanmaq şansı olacaq. Ona görə də bu il “Qızıl top”la bağlı proqnoz vermək çətindir. Fikirlər və proqnozlar da məhz buna görə haçalanır. Çünki futbolçular arasında bir-birindən kəskin şəkildə fərqlənən performans olmayıb. Hər biri ayrı-ayrı turnirlərdə yüksək səviyyəli çıxış göstərib və bu da seçim prosesini çətinləşdirir. Amma Keyn, Mbappe və Lamin Yamal ilə yanaşı mən namizədlər sırasına Kvaratsxeliyanı da əlavə edərdim. Hətta deyərdim ki, Kvaratsxeliyanın ən azı ilk üçlükdə yer almaq şansı var. Təkcə bu futbolçularla kifayətlənmək də olmaz. Siyahıya Rodrini də əlavə etmək lazımdır. O, İspaniyanın dünya çempionatında ən yaxşı futbolçusu seçilib. Lamin Yamaldan daha çox İspaniya yığmasının uğurunda Rodrinin əməyi var. Rodri komandanın lideri, beyni və oyun qurucusu idi. Hücumların qarşısını alan, komandanın oyununu idarə edən əsas futbolçulardan biri idi. Belə futbolçuların oyunu bəzən meydanda digər oyunçular qədər nəzərə çarpmır. Amma ekspertlər oyunu qiymətləndirərkən məhz bu detalları da nəzərə alırlar. Ona görə də dünya çempionu olan İspaniyanın əsas oyunçusu Rodri idi, Yamal deyildi".

N.Muxtarlının fikrincə, L.Yamalın “Qızıl top”u qazanmaq şansı ən azı bu il yüksək olmaycaq:

"Mbappedən də, Yamaldan da daha çox Keynin “Qızıl top”u qazanmaq şansı var. Çünki o, Almaniya çempionatının bombardiri olub və dünya çempionatında da komandası ilə pis çıxış etməyib. İngiltərə turnirdə üçüncü yeri tutub. Messini də nəzərə almaq lazımdır. Çempionlar Liqasının nəticəsini əsas götürsək, Kvaratsxeliya əsas favoritlərdən biridir. Sırf Avropa çempionatlarını və Çempionlar Liqasını nəzərə alsaq, mənim fikrimcə, favorit Badr Kvaratsxeliyadır".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью